çap et  
Faxralı məscidi ətrafında baş verənlər
Faxralı məscidi ətrafında baş verənlər
Müəmmalı "pravoslavlar" İslamı "tanımırlar"
Şənbə, 07.11.2009


Elçin Eldəniz

Son vaxtlar Gürcüstanda baş verən ağlasığmaz dini ayrı-seçkilik faktları bizim toplumda heyrət və təəccüblə qarşılanıb. Özünü "gürcü pravoslav din adamları" kimi təqdim edən naməlum şəxslər azərbaycanlılar yaşayan kənddə məscidin təmirinə mane olmağa çalışırlar... Azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonu Faxralı kənd məscidinin bərpasına mane olan bu naməlum şəxslər xristian dinindən başqa heç bir dini tanımadıqlarını və Gürcüstan torpaqlarının yalnız xristianlara məxsus olduğunu iddia edərək, ölkə ərazisində məscidlərin sayının artmasına imkan verməyəcəklərini deyirlər. Hazırda Faxralı kəndi ərazisində 1901-ci ildə inşa olunmuş məscidin bərpası bu şəxslər tərəfindən dayandırılıb. İnzibati orqanlar onları intizama dəvət etmir...

Əslən Borçalıdan olan Azərbaycan ziyalıları isə bu məsələnin təsadüfi olmadığını iddia edirlər. Məscidin bərpası ətrafında yaranmış qalmaqalla bağlı bir araya gələn ziyalıların bir qismi hesab edir ki, bu tarixi abidələri qəsdən sıradan çıxarırlar ki, sonra soydaşlarımızı asanlıqla assimilyasiya etsinlər. Saakaşvili hakimiyyətini qınayanlar da var. Onlar hesab edirlər ki, Gürcüstanı idarə edənlər həmişə Borçalıya soyuq münasibət bəsləyiblər.

Xaçlaşan Borçalı

Məsələ ilə yerində tanış olmaq üçün "Ayna" qəzeti olaraq, Gürcüstana səfərə çıxdıq. Yolumuzu öncə azərbaycanlıların kompakt yaşadığı Marneulidən saldıq. Rayondakı bütün gürcü kəndlərinin girişində, hətta dağların, təpələrin zirvəsində iri xaçlar quraşdırılıb. Bu xaçlar gecələr işıq saçır. Lakin bu xaçlar milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşlarını heç də narahat etmir. Marneuli sakini olan soydaşımız Abbas bildirdi ki, gürcülər xristian olduqları üçün xaçlar onların inanc simvoludur: "Gürcüstanın bayrağında da xaçlar var. Biz bu bayrağı dövlət rəmzi kimi qəbul edirik. Biz Məhəmməd peyğəmbərlə yanaşı İsa və Musa peyğəmbəri də qəbul edirik. Ona görə burada elə bir qəbahət görmürəm. Amma bu xaçlar müsəlmanların kəndlərinə qoyulmamalıdır. Əgər gürcülər bizim kəndlərə də xaç qoymaq istəsələr, onda problem ola bilər. Belə olsa deməli, İslam dinini təhqir etmiş olarlar. Biz buna imkan vermərik".

"O keçi saqqallar rusların adamıdır"

Faxralı məscidinin təmirinə mane olan keşişlərə gəldikdə, bəzi soydaşlarımız hesab edirlər ki, məsələ heç də Azərbaycanda düşünülən kimi deyil. Marneuli sakini Yusif Əliyev hesab edir ki, Azərbaycanda məscidlə bağlı problemə siyasi don geyindirilməsi düzgün deyil: "Azərbaycan telekanallarını izləyirik. Bakıda kriminal hadisələr baş alıb gedir. Hər gün qətl, ölüm, intihar, saysız-hesabsız oğurluqlar... Nə qədər dələduzlar tutulur, avtomobil qəzaları artıb. Bunlara baxanda adamı dəhşət bürüyür. Hökumətiniz hara baxır? Niyə bu cür özbaşınalıqdır? Bizdə vəziyyət Azərbaycandan çox yaxşıdır. Saakaşvili gələndən sonra Gürcüstanda vəziyyət çox dəyişib. Qanun qılıncdan itidir. Gürcüstanda oğurluq hadisəsi olmur. Cərimələri o qədər artırıblar ki, heç kim qorxusundan bir-birinə acı söz demir. Patrullar da sizdəki kimi rüşvət almır. Ona görə Gürcüstanın bütün oğru-quldurları üz tutub Azərbaycana. Hamı bilir ki, Saakaşvili gələndən sonra azərbaycanlıların güzəranı yaxşılaşıb. Buranı tərk edən azərbaycanlıların əksəriyyəti tənbəllər, təsərrüfatla məşğul olmaq istəməyənlərdir. Öz qapısında əkin-biçinlə məşğul olanlar isə yaxşı dolanır. Malımızı elə qapımızdaca satırıq. Bunun nəyi pisdir? Bir az yollarımız xarabdır, onu da bərpa edirlər. Bizim adımızdan danışıb hökumətimizi pisləmək lazım deyil. Faxralıdakı məscidi Saakaşvili niyə bağlamalıdır ki? İndi bütün kəndlərdə məscidlər tikilir. Onları niyə bağlamır? Bunu edənlər başqalarıdır - ruslardır, ruspərəst gürcülərdir. Xalqın arasında nifaq salmaq istəyirlər. O keçi saqqallar rusların adamıdır...".

Digər soydaşlarımız da eyni fikirləri səsləndirdilər. Hesab edirlər ki, Saakaşvili ilə İlham Əliyevin dostluğuna paxıllıq edənlər belə problemlər yaradıb, gürcülərlə azərbaycanlıları qarşı-qarşıya qoyaraq, Gürcüstanda sabitliyi pozmaq istəyirlər.

Faxralı, yoxsa Talaveri?

Yollandıq həmin Faxralı kəndinə. Bəlli oldu ki, indi onun adı Talaveridir. Kəndin adı sakinlərdən xəbərsiz dəyişdirilib...

Dağlar qoynunda yerləşən bu kəndin səfalı mənzərəsinə nəzər saldıqca kimlərinsə Faxralıya bu qısqanclıqlığını anlamaq olur. Faxralının digər azərbaycanlı kəndlərindən fərqi həm də ondadır ki, yolları asfaltdır. Başıbəlalı məscid isə düz kəndin mərkəzində yerləşir. Lakin qapısından qıfıl asılmışdı. Sakinlər dedilər ki, məscidə daxil olmaq üçün kənd başçısı Nəriman müəllimlə görüşmək lazımdır və biz də buna əməl etdik.

Nəriman müəllim bildirdi ki, məcsidi onlar özləri qıfıllayıblar ki, "keşişlər" içəri daxil olmasınlar. Bizi təmir işləri ilə tanış edən Nəriman müəllim məscidin qısa tarixçəsini danışdı. O qeyd etdi ki, məscid 1901-ci ildə kənd camaatının hesabına inşa olunub: "1950-ci illərdə Sovet hakimiyyətinin təkidi ilə məscidin fəaliyyəti dayandırılıb və 1970-ci illərədək anbar kimi istifadə olunub. Son illərdə isə məscid yenidən istifadə olunurdu. Lakin binanın bir çox yerləri uçmuşdu. Kənd sakini Hacıxanım Validənin təşəbbüsü, Rusiyada, Azərbaycanda və digər ölkələrdə yaşayan həmkəndlilərimizin və Faxralı kənd sakinlərinin maddi dəstəyi ilə bu ilin aprel ayında məsciddə bərpa-təmir işləri aparılmağa başladı. Məscidin minarəsi inşa olunandan sonra, bir neçə keşiş gəlib bizdən məscidin sənədlərini tələb etdi. Lakin məscidin təmiri üçün Bolnisi rayon İcra Hakimiyyətinin başçısı İosif Loliaşvilidən şifahi razılıq aldığımız üçün onlara heç bir sənəd təqdim edə bilmədik. Keşişlər təmir işinin dayandırılmasını tələb etdilər. Biz də qarşıdurma yaranmasın deyə işi dayandırmışıq".

"Mollanın ağzını əlləri ilə yumublar".

Nəriman müəllim onu da bildirdi ki, hazırda keşişlər məscidin keşiyini çəkməklə yanaşı, kənd sakinlərinin ibadətinə də imkan vermirlər: "Kəndin cavanları bir neçə gün öncə məsciddə namaz qılarkən, keşişlər içəri daxil olaraq kənd mollasının ağzını əliylə yumub onu ibadət etməyə qoymayıblar. Keşiş onlara deyib ki, "bura Gürcüstandır və biz İslam adında din tanımırıq". Gənclər bu ədəbsizliyə bir qədər hiddətlənsələr də, ağsaqqalların köməyi ilə qarşıdurmanın qarşısı alındı. İndi burada polis məntəqəsi yaradılıb. Onlar vəziyyətə nəzarət edir".

Bolnisi prefekti "dovşana qaç, tazıya tut" deyir Daha sonra Faxralı məscidinin bərpasının təşəbbüsçüsü Hacıxanım Validə ilə görüşüb məsələyə münasibətini öyrəndik. Hacıxanım qeyd etdi ki, 2005-ci ildə Həcc ziyarətindən qayıdandan sonra Faxralı məscidinə gəlib namaz qılmaq istəyərkən onun dağılmış vəziyyətini görəndə söz verib ki, məscidi təmir etdirəcək:

"Hədisi-Qüds kitabında belə bir ayə yazılıb ki, "Bir eldən azan səsi gələrsə, bir elin 20 faizi Allaha ibadət edərsə, Allah o elin ruzi-bərəkətini heç vaxt kəsməz". Mən onu oxuyandan sonra Allahın qarşısında söz verdim ki, nəyin bahasına olursa-olsun məscidi təmir edəcəyəm. Bundan sonra məscidin uçub-dağılmış vəziyyətini kamera ilə lentə alıb, şəkilləri başqa ölkələrdə yaşayan Faxralıdan olan el oğullarımıza göndərdim. Sağ olsunlar, onlar da mənim səsimə səs verdilər. Bir həftə keçməmiş Moskvadan 1300 dollar gəldi. Daha sonra kənd camaatı da kimin imkanı nəyə çatır kömək etdi və məscidin təmiri üçün müəyyən məbləğ toplandı. Bundan sonra məscidin təmirinə icazə almaq üçün rayon rəhbərliyini qapı-qapı gəzdik. Nəhayət Bolnisi rayon prefektindən razılıq aldıq. Lakin sabahısı gün xəbər göndərdilər ki, işi dayandırın. Bu hadisə iki il öncə olub. Yenidən qapı-qapı düşüb, 100 ildən artıq yaşı olan məscidin təmiri üçün icazə almağa başladıq. Nəhayət, bu ilin aprel ayında buna nail olduq. "AzTV", "Rustavi" telekanallarına məscidin həyətində müsahibə verən rayon icra hakimiyyətinin nümayəndəsi qeyd etdi ki, təmir işlərinin aparılması üçün razılıq verilib. Aprel ayının 6-da bərpa işlərinə başladıq. İşimiz çox sürətlə gedirdi. Lakin sentyabrın 15-də 5-6 maşın saqqallı adamlar gəldilər ki, işi dayandırın. Qarşıdurma yaranmasın deyə biz işi dayandırdıq və prefektimiz də söz verdi ki, sənədləşdirmə işlərində köməklik edəcək. Amma buna baxmayaraq, müraciət etdiyimiz bütün ünvanlardan müəmmalı səbəblərdən rədd cavabı aldıq... Mədəniyyət Nazirliyindən də "yox" cavabı gəlib. Onlara 7 min əhalinin şahidliyi bəs etmir? Məscidin divarlarına 108 il bundan öncə həkk olunmuş kitabələr sənəd deyilmi? 108 il bundan əvvəl tikilmiş məscidin hansı sənədi olmalıdır? Bunu edənlər Faxralının adını dəyişərək Talaveri edənlərdir. Bunu edənlər istəyir ki, biz kimliyimizi, tariximizi, kökümüzü, dilimizi, dinimizi, adımızı unudaq. Bu mümkün olmayacaq. Artıq iki aydır ki, təmir işləri dayanıb. Amma buna baxmayaraq biz dinimizdən, etiqadımızdan dönən deyilik. Məscidimizi isə bərpa edəcəyik".

Ağaməmmədli məscidi

Faxralıdan fərqli olaraq azərbaycanlılar yaşayan digər kəndlərdə yeni-yeni məscidlər inşa olunmaqdadır. Məsələn, Ağaməmmədlidə. Burada məscidin inşasında heç bir problem olmayıb. Qeyd edək ki, Ağaməmmədlidə məscid kompleksi çox zövqlə inşa olunub. Mahal Musa oğlu Tükənlinin xeyriyyəçiliyi ilə başa gələn məscid kompleksinin layihə müəllifi Hacı Valentin Xudat oğlu Tükənli bildirdi ki, İmam Rza (ə.s) adını daşıyan məscidin tikintisinə il yarım öncə başlanıb: "Əvvəllər kənddə məscid olub. Lakin 1950-ci illərdə əksər məscidlər kimi bizim kənd məscidinin də fəaliyyəti dayandırıldı və anbara çevrildi. 1950-ci illərin sonlarında anbar da dağıdıldı. Amma yeni məscid inşa olunanda mən sökülmüş məscidin daşlarını onun təməlinə qoydurdum. Hazırda son tamamlama işləri aparılır. Bir minarəli məscidin hündürlüyü 18.5 metrdir. Məsciddə eyni anda 150 adam namaz qıla bilər. Kompleksə dini ayinləri həyata keçirmək üçün 350 nəfərlik zal, mədrəsə binası, kitabxana, qonaq otağı, xidmət otağı, anbar, dəstəmaz yeri və qurbangah daxildir".

Hacı Valentin qeyd etdi ki, hazırda mədrəsədə 20-yə yaxın tələbə Seyid Yaqubdan dərs alır. Bundan başqa, kənd sakinləri yas mərasimlərini keçirmək üçün xeyriyyəçi tərəfindən alınmış bütün avadanlıqlar və məişət əşyaları ilə də təmənnasız təmin olunur. Məscid kompleksinin parkında Böyük Vətən Müharibəsində həlak olmuşların şərəfinə guşə də inşa olunub. Kompleksə daxil olan parkda isə yüzlərlə dekorativ kol bitkiləri və ağaclar əkilib. Məscid kompleksiylə yanaşı Mahal Musa oğlu Tükənlinin xeyriyyəçiliyi ilə Ağaməmmədli kəndində 3 bulaq kompleksi də inşa olunaraq kənd sakinlərinin istifadəsinə verilib. Faxralıdakı məsələyə münasibət bildirən Hacı Valentin hesab edir ki, problemin siyasiləşdirilməsi azərbaycanlıların yaşadıqları digər kəndlərdə inşa olunan məscid tikintilərinə xələl gətirə bilər. Onun fikrincə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə bütün Gürcüstanın katolikos-patriarxı II İlya ilə görüşüb problemi sivil yolla çözəcək.

Din başçılarımız bir arada

Bütün Gürcüstanın katolikos-patriarxı II İlya Bakıya təşrif buyurub. Şeyxülislam Allahşükür Paşazadənin ad günü qeyd olunur. Din başçılarımızın görüşündə şeyxülislam Gürcüstanla Azərbaycanın bir-birinə dost və qardaş ölkə olduğunu bildirib. O qeyd edib ki, iki xalqın arasında nifaq salmaq istəyən qüvvələr var və lakin onlar öz niyyətlərinə nail ola bilməyəcəklər. II İlya da öz növbəsində bildirib ki, gürcülər Azərbaycan xalqını sevir: "Bizim xalqlarımız bir-birini tanıyır və hörmət edir. Çünki Azərbaycan və gürcü xalqının dostluğu möhkəm və sarsılmazdır. Ümid edirəm ki, münaqişələr həll ediləcək, ekstremist qüvvələr bizdən əl çəkəcək".

Biz də ümid edirik ki, iki ölkənin din rəhbərlərinin bir-birinə olan səmimi münasibətləri insanların dini inancı ətrafında problem yaratmaq istəyənlərə yerini göstərəcək.