"Xəzər regionundakı təhlükələr təkcə region ölkələri ilə bağlı deyil. Dünyanı bir sıra aparıcı dövlətləri üçün də bu təhlükələr kifayət qədər önəmlidir. Çünki bu dövlətlər Xəzərin enerji ehtiyatlarından geniş istifadə edirlər və bu region onlar üçün çox önəm daşıyır". Bu sözləri dünən "Xəzər - Gələcək Naminə Tərəfdaşlıq" ictimai birliyinin təşkilatçılığı ilə "Xəzər dənizi regionunun təhlükəsizlik məsələləri" mövzusunda keçirilən "dəyirmi masa"da birliyin sədri, politoloq Rüstəm Məmmədov deyib.
Məmmədov son illərdə Xəzər dənizi ətrafında gedən proseslər, Xəzərin statusunun müəyyən olunması ilə bağlı danışıqlar barədə iştirakçılara məlumat verib. Regionun təhlükəsizliklə bağlı bir sıra problemlərinin olduğunu deyən politoloq bunu Xəzərətrafı dövlətlərin birbaşa milli təhlükəsizliyi və suverenliyi ilə bağlı olduğunu vurğulayıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov isə bildirib ki, son 2 ildə Xəzər dənizinin yer quruluşunda ciddi yerdəyişmələr baş verir. Onun sözlərinə görə, Sovet İttifaqı dağılana qədər və ondan sonrakı dövrdə bu bölgədə maraqların bölüşdürülməsi məsələsi aydın deyildi: "Amma son 2 ildə bu proses ciddi şəkildə sürətlənib. Türkiyə-Ermənistan münasibətlərinin son 2 ildə normallaşdırılması istiqamətində atılan addımlar da burada əhəmiyyətli rol oynayır. Türkiyə hakimiyyəti ABŞ və NATO-nun kölgəsindən çıxaraq regionda yeni bir güc kimi ortaya çıxmaq niyyətindədir. Bu məsələnin Türkiyə hakimiyyəti ilə Rusiya arasında razılaşdırılması da ehtimal olunur".
V.Əlibəyov Türkiyə ilə Ermənistan arasında danışıqların aparılmasına baxmayaraq, bunun müsbət nəticə verəcəyini düşünmür: "Çünki tarix də göstərib ki, Türkiyə ilə Ermənistanın əməkdaşlıq münasibətləri heç vaxt nəticə verməyib".
|