Vaşinqtonun hüquq mütəxəssisləri Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini işıqlandıran hesabatla tanış olublar. APA-nın "AzərTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Vaşinqtonda keçirilən "Azərbaycan-ABŞ: 11-ci təhlükəsizlik dialoqu" çərçivəsində Azərbaycan tərəfi Birləşmiş Ştatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini əks etdirən hesabat təqdim edib. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu barədə ABŞ Milli Mətbuat Mərkəzində dialoqun nəticələrinə həsr edilən brifinqdə bildirib.
Xatırladaq ki, 1996-cı ildən başlanan Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu çərçivə mexanizmi kimi xidmət edərək tərəflərə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə yardım edir. Dialoqun builki raundu zamanı Araz Əzimov və ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə müavini Endrü Şapironun həmsədrliyi altında heyətlər bölgədə kütləvi qırğın silahlarının, narkotik maddələr dövriyyəsinin qarşısının alınması, terrorla mübarizə, Xəzər hövzəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, ABŞ-ın bölgədəki maraqları və digər məsələləri müzakirə edib, bu sahədə ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparıblar.
Nazir müavini bildirib ki, Vaşinqtonun hüquq ekspertləri bizim XİN tərəfindən hazırlanmış və Dağlıq Qarabağ münaqişəsinin hüquqi tərəfini açıqlayan hesabatla tanış olublar. Onlar yekdilliklə münaqişənin "ərazi bütövlüyü" prinsipi əsasında nizama salınmalı olduğu barədə rəyə gəlmişlər. Araz Əzimov qeyd edib ki, Ermənistan tərəfinin danışıqlarda əsas gətirdiyi "öz müqəddəratını təyinetmə" prinsipi "ərazi bütövlüyü" ilə ziddiyyət təşkil etməməlidir. Azərbaycan tərəfi güzəşt kimi öz dövlət sərhədləri daxilində Dağlıq Qarabağ bölgəsində yaşayan 50 min nəfərlik erməni icmasının statusunun müəyyən edilməsi məsələsinə baxmağa hazırdır. Lakin bu proses bölgədən didərgin salınan 70 min azərbaycanlı icmasının iştirakı olmadan baş tuta bilməz.
Xarici işlər nazirinin müavini Minsk Qrupu həmsədri kimi ABŞ-ın münaqişənin həlli üçün daha çox səy göstərəcəyinə ümidvar olduğunu ifadə edib: "Biz bölgənin sabitliyi və təhlükəsizliyi üçün nəticələrin tələb olunduğu bir anda yaşayırıq".
Araz Əzimov Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişəsinə aid olmadığını düşünənlərə bölgədəki proseslərə ehtiyatla yanaşmağı tövsiyə edib.
|