İrəvanda səfərdə olan Minsk Qrupu həmsədrləri Yuri Merzlyakov, Bernar Fasie, Robert Bradtke və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Daha sonra həmsədrləri Ermənistan prezidenti Serj Sarqsyan qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə olunub. Həmsədrlər Ermənistan xarici siyasət idarəsi rəhbərinə Azərbaycana səfərlərinin yekunları barədə məlumat veriblər.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə nümayəndəsi Robert Simmons isə Ermənistan-Türkiyə münasibətlərini kənardan izləyəcəyini söyləyib. Regionda hələ də dondurulmuş münaqişələrin olduğunu xatırladan Simmons qeyd edib ki, Ermənistan-Türkiyə protokolları iki ölkə arasında münasibətləri əks etdirir: "Baxmayaraq ki, alyans bu münasibətləri dəstəkləyir, NATO bu prosesin iştirakçısı ola və tərəflərdən hər hansı birini müdafiə edə bilməz. Ümid edirik ki, imzalanmış protokollar ratifikasiya olunacaq, çünki qeyd etdiyim kimi, bu protokolların stabilliyə mühüm təsiri var".