çap et  
Orduda köklü kadr dəyişiklikləri
Orduda köklü kadr dəyişiklikləri
Silahlı Qüvvələrdə Quru Qoşunları yaradıldı. Generalların vəzifəsi dəyişdirildi
Şənbə, 07.11.2009

Cəsur Sümərinli

Son həftə Azərbaycan Silahlı Qüvvələrində diqqətçəkən olaylar yaşanırdı, başlıca hadisələr dünən baş verdi: orduda növbəti ştat-struktur islahatları həyata keçirildi. Hərbi mənbələrdən "MilAz" informasiya agentliyinə daxil olan məlumata görə, Silahlı Qüvvələrdə yeni qoşun növü - Quru Qoşunları yaradıldı. Naxçıvandakı hərbi birləşmənin komandiri general-leytenant Kərəm Mustafayev Quru Qoşunlarının komandanı təyin edildi. Onun sənədləri rəsmən təsdiqlənmək üçün Prezident Administrasiyasına göndərilib.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrində Quru Qoşunları ştat strukturu Türkiyə Quru Qoşunlarının komandanı İşıq Koşanərin noyabrın 2-4-də Azərbaycana səfəri zamanı yaradılıb. Bu qərarın ölkə rəhbərliyi tərəfindən qəfil və təcili verildiyi bildirilir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu "Mediaforum" saytına açıqlamasında bildirib ki, o, Azərbaycan Quru Qoşunlarının yaradılması ilə bağlı məlumata malik deyil. "Müdafiə Nazirliyi sistemində kadr islahatları aparılır. Bu, nazirliyin fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə edilir" deyən E.Sabiroğlu general-leytenant Kərəm Mustafayevin Naxçıvandakı hərbi birləşmənin komandiri vəzifəsinin icrasını davam etdirdiyini söyləyib.

Orduda növbəti kadr dəyişikliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Heydər Piriyevlə bağlıdır. O, vəzifəsindən çıxarılaraq Naxçıvan hərbi birləşməsinin qərargah rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Naxçıvan hərbi birləşməsinin komandir müavini - qərargah rəisi general-mayor Altay Mehdiyev bir müddət əvvəl Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qərargah rəisi (komandan əvəzi) təyin edilib.

Qeyd edək ki, Heydər Piriyev 2001-ci ildən AAHM-a rəhbərlik edirdi. Bundan öncə isə Bakıda hərbi birləşmənin qərargah rəisi vəzifəsində çalışıb. Kərəm Mustafayevin Bakıya çağırılmasından sonra Heydər Piriyev hərbi birləşmənin komandir əvəzi kimi fəaliyyətə başladığı bildirilir.

Daha bir dəyişiklik polkovnik Mirzəli Yusifovla bağlıdır. "N" saylı hərbi hissənin (Azərbaycan sülhməramlılarının xidmət keçdiyi hərbi hissə) komandiri olan Mirzəli Yusifov Heydər Əliyev adına AAHM-ın qərargah rəisi vəzifəsinə təyin olunub. Hazırda məktəb rəisi vəzifəsini müvəqqəti icra edir. AAHM rəisi vəzifəsinə hazırda Şəmkirdəki hərbi birləşmənin komandiri general-mayor Çingiz Şəfiyevin təyin ediləcəyi gözlənilir. Onun da sənədlərinin təsdiqlənmək üçün prezidentə göndərildiyi deyilir.

Müdafiə Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mirzəli Yusifov AAHM-ə rəis əvəzi təyin olunub.

Beyləqandakı hərbi birləşmənin komandiri Mahmud Həmzəyev isə təqaüdə göndərilib. Onun yerinə hərbi birləşmələrdən birinin qərargah rəisi olan polkovnik Ayaz Həsənov təyin edilib.

"Ayna"ya daxil olan məlumatlara görə, yaxın günlərdə Müdafiə Nazirliyi sistemində növbəti kadr dəyişikliklərinin aparılması gözlənir. Hazırda bu və digər dəyişiklik üçün müəyyən dairələrdə aktiv müzakirələr aparılır.

Məlumatlara görə, orduda baş verən və yaxın gələcəkdə gözlənilən kadr dəyişiklikləri birbaşa ölkə rəhbərliyi tərəfindən həyata keçirilir. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi E.Sabiroğlu bildirib ki, kadr islahatları gələcəkdə də aparıla bilər: "Bu, ümumi işin faydası üçün atılan addımlardır. Təcrübədə bunun müsbət nəticələrini görürük. Kadr dəyişiklikləri hər zaman həyata keçirilə bilər. Ona görə də bunu müxtəlif məsələlərlə əlaqələndirmək düzgün olmaz. Yerdəyişmələr orduda xidmət səviyyəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir".

E.Sabiroğlu bildirib ki, Müdafiə Nazirliyində yerdəyişmələrə, vaxtaşırı hərəkətliliyə təbii yanaşmaq lazımdır. "Müdafiə Nazirliyi sistem etibarilə çox dinamik bir təşkilatdır. Ona görə də burada yerdəyişmələrə, necə deyərlər, vaxtaşırı hərəkətliliyə təbii yanaşmaq lazımdır. Müdafiə Nazirliyi rəhbərliyini düşündürən əsas cəhət bundan ibarətdir ki, hərbi hissələrimizdə daha peşəkar, layiqli, şəxsi heyətlə işləməyi bacara biləcək kadrlar cəmləşsin. Doğrudur, bu o qədər də asan yol deyil. Ancaq bizim niyyətimiz və düşüncəmiz bundan ibarətdir".