Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Rusiya Ermənistan və Dağlıq Qarabağdan bərk yapışıb
Rusiya Ermənistan və Dağlıq Qarabağdan bərk yapışıb
Öz Güney Qafqaz siyasətində isə "köklü dəyişiklik"dən çox uzaqdır
Şənbə, 07.11.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi, ekspert
mətn ölçüsü  

Son günlər Ermənistan "sərhəd açılımı" məsələsinə çox iddialı görünməklə yanaşı, bir sıra şərtlər irəli sürməkdədir. İrəvan rəsmiləri bu yöndə susmağa üstünlük versələr də, digər güclər ictimai fikri inkişaf etdirməkdədir. Belə ki, "İrs" partiyasının irəli sürdüyü iddiaya görə 24 aprel günü, sadəcə, "erməni soyqırımı" günü kimi deyil, həm də "ermənilərin Qərbi Ermənistandan - tarixi vətənlərindən deportasiya günü" kimi də qanunla rəsmiləşdirilməlidir. Daşnaksütyun partiyasının tələbinə görə isə, "Ermənistan Türkiyənin erməni xalqına qarşı təcavüzkar siyasət aparması barədə rəsmi qərar qəbul etməlidir".

Ermənistan parlamentinin müdafiə, təhlükəsizlik və daxili işlər komitəsinin sədri Hrayr Karapetyan bildirib ki, qarşıda "erməni soyqırımının 95 illiyi" qeyd olunacaq və biz bu istiqamətdə bütün dünyada geniş təbliğat şəbəkəsi qurmalıyıq. Bununla yanaşı Rusiyanın Dağlıq Qarabağda humanitar sahədə aktivləşməsi də müşahidə olunur. Separatçı regionda Rusiyaya məxsus bir sıra infrastrukturlar yaradılıb. Müşahidəçilərin fikrincə, Ermənistan və Dağlıq Qarabağın yenidən qeyri-konstruktiv mövqe sərgiləməsi həlli vacib olan proseslərin, sadəcə, ləngidilməsi kimi başa düşülməlidir.

Güney Qafqazda böyük güclərin maraqları heç də uzlaşmayıb

Ermənistan tərəfi Türkiyənin bu regionu 1993-cü ildən bu günə kimi "blokada" şəraitində saxlaması, "erməni soyqırımını tanımamaqda israrlı olması, 1915-ci ildə erməniləri "Qərbi Ermənistan"dan deportasiya etməsi və digər sahələrdə ittihamedici səviyyədə aktivləşməyə başlayıb. Bu yöndə hətta Qərb dövlətlərini, beynəlxalq təşkilatları da həmin siyasi oyunlara qatmaq planları cızıb. Ermənistan prezidenti Serj Sarqsyan Avropa Birliyinin Güney Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Piter Semnebi ilə 28 oktyabr tarixində keçirdiyi görüşündə belə deyib: "Türkiyə parlamenti 10 oktyabr protokol anlaşmasını ratifikasiya etməzsə, bu zaman Ermənistan beynəlxalq normalara uyğun şəkildə adekvat addımlar atacaq".

Parlamentin deputatlarından Stepan Safaryan, Larisa Alavardyan, Anait Baxşyan, Vardan Xaçartyan, Armen Martirosyan, Zauri Postancanyan, Raffi Ovanisyan və digərləri qanunvericilik təşəbbüsü ilə çıxış edərək bildiriblər ki, "1915-ci il 24 aprel tarixində, sadəcə, erməni soyqırımı olmayıb, eyni zamanda erməni xalqı vətəndən məhrum olunub" və bu barədə yeni qanun qəbul edilməlidir. Prezident S.Sarqsyan isə hələ də bəyanatlar verərək "Ermənistan Türkiyə ilə heç bir şərtlər olmadan sərhədlərin açılmasını müdafiə edir" bildirir. O hətta bu yöndə vaxtın müəyyənləşməsi şərtlərini də irəli sürür.

Türkiyədə sərhədlərin açılması istiqamətində neytral mövqe tutan politoloqların fikrincə, "Ermənistan öz Ana Yasa qanunundan "erməni soyqırımı" və "Qərbi Ermənistan" terminini çıxarmayınca proseslər inkişaf etməyəcək". Qərb dairələri isə Ermənistandakı prosesləri, sadəcə, seyr etməklə yetinməkdədir. Belə bir sükutun axarında Rusiya regionda yenidən fəal siyasətə başlayıb. Hətta Moskvada bunu "Ermənistan-Rusiya: Əməkdaşlığın siyasi praqmatizmi" kimi də dəyərləndirirlər.

Rusiyanın İrəvan səfirliyi açıq şəkildə bildirib ki, Rusiya Ermənistanda çoxplanlı və beynəlxalq səviyyədə yeni proqramlar tətbiq edəcək. Buraya MDB məkanında ortaq işbirliyi və Ermənistan-Rusiya strateji müttəfiqliyi daxildir.

REKLAM

Burada Rusiya iqtisadi və humanitar strukturlarının çoxpilləli səviyyədə fəaliyyətə önəm verməsi, Ermənistanın bütün RF regionları ilə birbaşa bərabərhüquqlu müqavilələr imzalaması, işbirliyi qurması da var. Hazırda 1300 erməni və rus şirkətlərinin müştərək fəaliyyət barədə razılığa gəlməsi bunun təsdiqidir.

İrəvanda nəşr edilən "Qolos Armenii" qəzetinin icmalına görə, Rusiya Ermənistanda yatırım siyasətini daha da genişləndirmək barədə yeni qərarlar qəbul edib. Politoloq Samvel Martirosyan açıq şəkildə bildirib ki, Rusiya Ermənistanın bütün iqtisadi resurslarını ələ keçirməklə, "Qarabağ konflikti"ni, "Ermənistanın blokada şəraiti"ni, "İqtisadi mənbələri"ni, "Regional təhlükəsizlik" strukturunu, "Ermənistanın dövlət modeli"ni tam nəzarətə alıb. Buna görə də Qərb dairələrinə məxsus institutların Ermənistanda sərbəst hərəkəti xeyli dərəcədə məhduddur.

İrəvandakı MİTK araşdırma mərkəzi qeyd etməyə bilmir ki, bütün bunlara rəğmən Qərbin bütün təşəbbüsləri bölgədə öz təsdiqini yetərincə tapa bilmir. Ermənistan-Türkiyə protokol anlaşması hər iki ölkənin parlamentində ratifikasiya olunsa belə, diplomatik əlaqələrin, sərhədlərin açılması, digər infrastrukturların yaradılması uzun vaxt tələb edəcək. Çünki ortada həll olunmamış Qarabağ problemi mövcuddur. Qərb dairələri isə "Qarabağ problemi"nin çözülməsini sonrakı mərhələ kimi qəbul edirlər. Bu sırada isə Türkiyə və Azərbaycan tərəfi ciddi dirənişlər göstərməkdədir. Qərbin "demokratiya tələbi" bu iki dövlət üçün ərazi bütövlüyü anlayışına sığmır.

Xankəndində rus bayrağı

İrəvanda Rusiyanın maliyyə dəstəyilə fəaliyyət göstərən "Ermənistan-Rusiya (Slavyan) Universiteti"nin rektoru, eks-baş nazir Armen Darbinyan separatçı Dağlıq Qarabağ güruhunun baş naziri Ara Arutunyanla yeni "müqavilə" imzalayıb. Bu sırada adı çəkilən universitetin mütəxəssisləri Dağlıq Qarabağda təhsil, kənd təsərrüfatı, rabitə və informasiya, biznes, turizm və digər sahələrdə Rusiyanın müxtəlif regionlarında kadr hazırlanmasına yardım edəcək. Separatçı idarə orta məktəblərdə, eləcə də "Xankəndi universiteti"ndə erməni dili ilə yanaşı, rus dilinin tədrisini gücləndirib. Qanunla rus dili xarici dil hesab olunmur. İrəvandakı Xaçatur Abovyan adına Dövlət Pedaqoji Universiteti müqavilə üzrə Dağlıq Qarabağ üçün rus dili müəllimləri hazırlayır. Qarabağdakı rus icmasının (45 nəfərdir) sədri Qalina Somova isə bildirib ki, Xankəndi bələdiyyəsi ilə birlikdə 2010-cu ildə rus kilsəsinin inşasına başlanacaq. Rusiya tərəfi maliyyə yardımlarını əsirgəməyəcək. Bundan əlavə, Rusiyaya məxsus bir sıra şirkətlər, mobil rabitə xidməti də separatçı regionda fəaliyyət göstərir.

Rusiyanın Dağlıq Qarabağ üzrə hazırlamış olduğu planların biri də "regiondakı problemin həllinin beynəlmiləlləşdirilməsi"dir. Noyabrın 2-də Moskvada "İnternational Alert" təşkilatının, "Rusiya Çağdaş Dünyada Din və Siyasət Strateji Araşdırmalar Mərkəzi" və Rusiya Dövlət Dumasının təşəbbüsü ilə keçirilən dəyirmi masanın da mahiyyəti bundan ibarət idi. Son zamanlar dövrəyə buraxılan fikirlərdən biri də guya Rusiyanın Güney Qafqaz siyasətində "kardinal dəyişikliklər"in olmasıdır. Ancaq bu toplantıda sübut olundu ki, Kreml strateji hədəflərində məzmun baxımından fərqli görünsə də, məntiqi baxımdan "köhnə mahnının söz mətni dəyişsə də, melodiyaya toxunulmayıb".

Bu ideyanı daha da inkişaf etdirən Rusiya Geopolitik Problemlər Akademiyasının vitse-prezidenti Leonid İvaşov bildirib ki: "İidiki şərait problemin həllinə olduqca mane olur. Çünki regiondakı təhlükəsizlik məsələsi həll edilməyib. Rusiya istəyir ki, Dağlıq Qarabağda stabil şərait olsun". Elə bu diplomatik dillə ifadə olunmuş fikirdə separatizmin Rusiya tərəfindən daim müdafiə olunacağı açıq şəkildə görünür.

Gürcüstan-Abxaziya və ya Gürcüstan-Güney Osetiya problemləri böhran həddində olan kimi dərhal bu iki separatçı regionda Rusiyanın nəzarəti altında "hərbi təlimlər"ə başladılır. Bu il separatçı Dağlıq Qarabağ rejimi də həmin məntiqə söykənərək 13-19 aprel, 12-19 avqust və 9-17 oktyabr tarixlərində hərbi təlimlər keçirib. Bu təlimlərin hamısında Ermənistan prezidenti S.Sarqsyan və Gümrüdəki Rusiyaya məxsus 112 saylı hərbi bazanın komandanlığı da iştirak ediblər. Bununla da onlar birlikdə Azərbaycana qarşı "əzələ" nümayiş etdirmək iddiasını ortaya qoyublar.

Asimmetrik siyasi oyunlar

Güney Qafqazda mövcud olan regional problemlərin həlli üçün dərin siyasət yürüdən güclər öz iqtisadi, geosiyasi maraqlarını təmin etmək üçün zahiri cəhətdən uzlaşdırılmış addımları atsalar da, hələ ki, real durum dəyişməz qalmaqdadır. Qərb dövlətləri "Nabucco" layihəsinin reallaşması və Orta Asiya-Güney Qafqaz enerji dəhlizinin inkişaf etdirilməsi üçün Azərbaycan və Ermənistanı barışdırmağa cəhd edirlər. Rusiya tərəf isə Azərbaycandan keçməklə Ermənistanla nəqliyyat dəhlizinin bərpasını düşünür. Nə qədər ki, Abxaziya və Güney Osetiya Gürcüstanın tərkibinə qatılmayıb, buradan Ermənistana çıxış yolları qapalı qalacaq.

Azərbaycan tərəfi haqlı olaraq, işğal edilmiş ərazilərin qeyd-şərtsiz qaytarılmasını, Dağlıq Qarabağın Bakıya tabe olunmasını bir şərt kimi irəli sürüb. Rusiyada və Qərbdə də yaxşı anlayırlar ki, Türkiyə, Azərbaycan və müəyyən qədər Gürcüstanın da iştirakı ilə Ermənistan faktiki olaraq blokada şəraitində yaşamağa məcbur edilir. Bu yöndə Ermənistanın suçlu olmasını isə heç kəs dilə gətirmək istəmir. İrəvanın bu üç qonşu dövlətə ərazi iddiasını isə sanki görmürlər. Süni şəkildə və birtərəfli qaydada Türkiyə və Azərbaycanı Ermənistanla nə yolla olursa-olsun barışdırmaqla böyük güclər daha çox öz maraqlarının qanuni şəkildə təmin edilməsi siyasətinə önəm verirlər.

Əksər konfliktoloqlar, strateji təhlilçilər isə akademik səviyyədə bu məsələnin köklü şəkildə həllinin vacibliyini bildirirlər. ATƏT Minsk Qrupunun həmsədri olan ölkələr statusunda çıxış edən Rusiya, Fransa uydurma "erməni soyqırımı"nı tanıyıblar. ABŞ-da isə 42 ştat bu barədə qərar qəbul edib. Öz ölkələrində "erməni seçiciləri"nin maraqlarını təmin etməyə söz vermiş olan bu dövlətlərin hakimiyyətləri düz 16 ildir Dağlıq Qarabağ probleminin "həlli" ilə məşğuldurlar. Onlar haqsız olduqları üçün ədalətli mövqe tuta bilmirlər. Onlar Azərbaycanın güzəştə getməsi təkliflərindən artıq addım atmayıblar.

Dağlıq Qarabağ problemi həll olunmadan Güney Qafqazda hər hansı bir təşəbbüsün dalana dirənəcəyini bütün beynəlxalq araşdırma mərkəzləri görürlər. Başqa cür düşünənlər isə öz hesablamalarında səhvə yol verirlər. Güney Qafqazda "əməkdaşlıq və sabitlik paktı" ideyasını ortaya atan güclər ən azından 1991-ci ildə Azərbaycanın BMT-yə üzv olduğu zaman qəbul etdikləri qərara diqqətlə baxsalar, yaxşı olardı. Orada açıq şəkildə qeyd olunub: 86.7 min kv km əraziyə malik olan Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyırıq.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Orduda köklü kadr dəyişiklikləri
Silahlı Qüvvələrdə Quru Qoşunları yaradıldı. Generalların vəzifəsi dəyişdirildi

Minsk Qrupu həmsədrləri Sarqsyanla görüşüblər
NATO isə Ermənistan-Türkiyə münasibətlərinə ehtiyatla yanaşır

Qarabağda yaşayan vətəndaşlarımıza status vermək olar
Söhbət 50 min erməni və 70 min azərbaycanlıdan gedir

Türkiyə ABŞ-ın kölgəsindən çıxmaq istəyir
Məqsədi - bölgədə yeni bir güc kimi çıxış etməkdir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər