Ömrünün 21 ilini Rusiyada yaşamış və bu günlərdə orada keçirilən iki beynəlxalq müsabiqədən qalib kimi ayrılan hind rəqsləri ifaçısı Oksana Rəsulova artıq 19 ildir ki, sənətin sirlərinə peşəkar səviyyədə yiyələndiyini deyir. Rusiya xoreoqrafiya məktəbinin məzunu olan rəqqasə hind rəqslərinə əvvəlcə həvəskar kimi yanaşıb. Müəyyən müddətdən sonra o, Hindistan mədəniyyəti, tarixi ilə yaxından tanış olmaq qərarına gəlib. Cəmi bir dəfə Hindistanda səfərdə olub, bundan sonra isə bu səfərlərin davamlı olacağını bildirdi.
Bir həftə əvvəl Rusiyada keçirilən müsabiqədən söz salan Oksana Rəsulova deyir ki, hind rəqsləri üzrə təşkil olunan müziklə dəvət alanda səhnəni peşəkar rəqqaslarla bölüşəcəyini bilirdi. Bu səbəbdən bir qədər həyəcan keçirən sənətçi özünə güvənərək irəli sıralara çıxacağına ümid edib. O xatırlatdı ki, bundan əvvəl Rusiyanın bir çox şəhərlərində qastrol səfərlərində olub və bir çox festivallardan uğurla dönüb:
"Bir müddət əvvəl məni Ukraynaya dəvət etmişdilər. Telefon danışığından əvvəl düşünürdüm ki, mən iştirakçı kimi dəvət olunuram. Amma sonradan mənim münsiflərlə eyni kürsünü paylaşacağımı öyrəndim. Bunun özü böyük məsuliyyət tələb edirdi. Çünki artıq rəqslərimlə tanış olan təşkilat komitəsi məni bu yerə layiq görmüşdü".
Söhbət zamanı bir maraqlı məqamı da öyrənə bildik. İxtisasca həm də həkim olduğunu deyən Oksana Rəsulova rəqqasəlik sənətinin onda yaratdığı böyük maraq səbəbindən həkimlikdən imtina edib. Deyir ki, səhnədəki çıxışları bir çox hallarda insanların qəlbinə bir məlhəm ola bilir:
"Mən səhnəyə o qədər bağlanıram ki, tamaşaçı bunu görür və qiymətləndirir".
Lakin hind rəqsləri oynayan həmkarları arasında Oksanaya rəqib olanlar da az deyil. Rusiyadan yeni qayıtdığı illərdə tənqid hədəfinə çevrilmişdi. Onun böyük səhnələrə çıxışını görən adını çəkmək istəmədiyi həmkarları rəqqasəyə "qeyri-peşəkar" damğası vurmağa çalışıb. Lakin Oksana onlara söz ilə deyil, peşəsi ilə cavab verib:
"Bir məqamı da qeyd edim ki, mən heç vaxt restoranlarda rəqs etməmişəm və bundan sonra da belə bir fikrə düşməyəcəm. Bu günə kimi Azərbaycanı hind rəqsləri üzrə dünyamiqyaslı müsabiqələrdə uğurla təmsil etmişəm. Bu reytinqi qorumaq üçün hər bir addımı əvvəlcədən planlaşdırmalıyam. Restoranda çıxışlar insanı peşəkar səhnədən bir qədər uzaq tutur. Onu da qeyd edim ki, Azərbaycanı hind rəqsləri üzrə müsabiqələrdə məndən başqa heç kim təmsil etməyib. Bu, böyük bir məsuliyyət tələb edir. Çünki hər bir müsabiqədə əsas şərt rəqslərin quruluşunu düzgün vermək, onu səlis, doğru oynamaqdır. Bunun üçün peşəkarlıq və məharət tələb olunur".
Restoranda çıxış etməyən rəqqasə həmkarlarının çıxışlarına pis yanaşmadığını da bildirdi:
"İstirahət üçün restorana gedərkən orada oynanılan rəqslərə, sadəcə, bir rəqs kimi tamaşa edirəm, lakin peşəkar rəqqasə kimi onu dəyərləndirmirəm. Konsert zalı başqa, böyük səhnə isə başqadır. Sənin bütün diqqətin yeməkdə, əylənməkdə deyil, səhnədə olmalıdır. Həmkarlarımın pul qazanmaq naminə restoranlarda çıxış etmələrinə normal baxıram. Mən fəaliyyətimi konsert səhnəsində başladığım üçün belə də davam edirəm. Bundan sonra istəsəm belə, restoranlarda çıxış edə bilmərəm. Bu səbəbdən mənə ünvanlanan restoran təkliflərinin hamısından imtina edirəm".
Xatırladaq ki, Oksana xanımın Rusiyada yaşadığı müddətdə onun rəqs qrupu fəaliyyət göstərib. Bu yaxınlarda rəqqasə hind rəqslərini özündə birləşdirən daha bir rəqs qrupu yaratmaq fikrindədir. Rəqqasə həmin qrupla dünya ölkələrinə səfərlər etməyi qarşısına məqsəd qoyub.
|