Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri sənətçilərin repertuarlarında da öz əksini tapır. Bu barədə danışan müğənni Coşqun Viləş əminliklə deyir ki, Türkiyədə keçirilmiş "Popstar Alaturka" yarışmasının ikincisi olmuş Gökhan Erolla birlikdə ərsəyə gətirdikləri duet iki dövlət arasında qardaşlıq münasibətlərinə tutarlı bir jest olacaq:
"Dost münasibətlərində olduğum Gökhanla sözləri Anar Məmmədov, musiqisi əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadəyə məxsus olan "Azərbaycan-Türkiyə" adlı mahnı iki əsl qardaş ölkənin dostluq münasibələrinin himnini özündə cəmləşdirib. Duetimizin cəmi iki-üç gün radio dalğalarında səslənməsinə baxmayaraq, artıq yetərincə dinləyici marağına səbəb olub. Onsuz da bilirdik ki, bu mahnı sözün gerçək mənasında səs-küy yaradacaq. Və gözlədiyimiz müsbət əks-səda ilə qarşılaşdıq".
"Azərbaycan-Türkiyə" mahnısına tezliklə klip çəkiləcək:
"Əlbəttə, planımızda klip çəkdirmək də var. Ümummilli liderimiz Heydər Əliyevin dillər əzbərinə çevrilmiş kəlamında deyildiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Sənətçi olduğum üçün siyasi proseslərə qarışmağa həvəsim yoxdur. Ancaq bir şeyi əminliklə deyə bilərəm ki, Türkiyə bizim əbədi dostumuz, qardaşımızdır. Bu dostluğu heç kim sarsıda bilməz. Ümidvaram ki, duetimizə çəkiləcək klipdə də bu qardaşlıq bağları təfərrüatı ilə işıqlanacaq".
|