çap et  
İkiillik araşdırma başa çatdı
İkiillik araşdırma başa çatdı
Azyaşlı uşağın qatilinə 15 il verildi. Deyəsən, müstəntiq də cəzalanacaq
Şənbə, 07.11.2009

Hacı Zeynalov

Kürdəmir rayon sakinləri Elsevər Məmmədov, Səbuhi Dəmirov və İsmayıl Quliyevin cinayət işi üzrə məhkəmə iki ildən bəriydi davam edirdi. Təqsirləndirilənlər 2006-cı il fevralın 12-də Kürdəmirin Karrar kənd sakini 10 yaşlı Bəhruz Bağırzadəni tamah məqsədi ilə oğurlayaraq qətlə yetirməkdə ittiham olunurdular.

Bu cinayət işinin ibtidai istintaqını Kürdəmir rayon Prokurorluğu, Rayon Polis İdarəsi, Şirvan Şəhər Prokurorluğu, Ağsu rayon Prokurorluğu, Bakının Nizami Rayon Polis İdarəsi aparıb.

Məhkəmə prosesində Səbuhi Dəmirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində qeyd edib ki, Bəhruz Bağırzadəni dayısı Elsevər Məmmədov və İsmayıl Quliyev ilə birlikdə öldürüb. Onun sözlərinə görə, qətli tamah məqsədilə törədib. Elsevər Məmmədov və İsmayıl Quliyev elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Mərhumun atası Elşad Bağırzadə isə onlara ən ağır cəzanın verilməsini istəyirdi.

"Mənim cinayət işinin mahiyyətindən xəbərim yox idi"

Prosesdə şahid qismində Bakının Nizami Rayon Polis İdarəsinin təşkilat üzrə rəisi, mayor Azər Abdullayev ifadə verdi. O, ifadəsində göstərib ki, bu cinayət işinin ibtidai istintaqının aparılmasında iştirak etməyib, istintaq qrupu təqsirləndirilən şəxsi onun xidməti otağında dindirib: "Mənim cinayət işinin mahiyyətindən xəbərim yox idi. Mənə yalnız uşaq ölümü ilə bağlı istintaq aparıldığı məlum idi. Başqa heç nədən xəbərim yoxdur".

Şahidin sözlərinə görə, təqsirləndirilən şəxsdən Kürdəmir rayon Prokurorluğunun Dəyanət adlı müstəntiqi ifadə alıb. O deyib ki, bu istintaqın ona heç bir aidiyyəti yox idi, adının bu cinayət işində şahid kimi keçməsinə təəcüblənir.

Dövlət ittihamçısı Azər Osmanovun sullarını cavablandıran şahid bildirib ki, onun otağında dindirilən Səbuhi Dəmirov ifadəsində Karrar kənd sakini Bəhruzu öldürməsini etiraf edib: "Mən də bu barədə rəis müavini Rəhim Xəlilova bildirdim. Ona dedim ki, Səbuhi Dəmirov ifadəsində azyaşlını öldürməsini etiraf edib. Həmin vaxt Səbuhi Dəmirov ifadəsində həmin uşağın öldürülməsində yaxın adamlardan birinin iştirakını təsdiqləmişdi. Səbuhi özü və yaxın adamının uşağı öldürmələrini danmırdı. Amma deyirdi ki, bu barədə ad çəkə bilməz, çünki adını çəkəcəyi adamdan qorxur. "Səbuhi bir ifadəsində demişdi ki, ad çəksə, onu məhv edərlər. Buna görə də ad çəkmək istəmirdi".

Qaranlıq cinayət işi, ziddiyyətli ifadələr

Təqsirləndirilən şəxsin vəkilləri şahidin ifadəsində ziddiyyətlər olduğunu bildirdilər və onun ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını xahiş etdilər. Hakim Əhməd Quliyev şahidin istintaqa verdiyi ifadələri elan etdi. Azər Abdullayevin istintaqa verdiyi ifadələrindən məlum olub ki, Səbuhi Dəmirov onun xidməti otağında dindirilərkən göstərib ki, dayısı Elsevər Məmmədovla birlikdə Karrar kənd sakini Bəhruz Bağırzadəni tamah məqsədi ilə oğurlayıblar. Onlar uşağı Elsevər Məmmədovun evində saxlayıblar və İsmayıl Quliyev onun atasının mobil telefonuna SMS yazır ki, uşağının qaytarılması üçün külli miqdarda pul verməlidir, əks halda uşağının üzünü görə bilməyəcək. Bəhruzun valideynlərindən pul ala bilmədikdə uşağı boğaraq, gölə atırlar.

Ziddiyyətlərə aydınlıq gətirən şahid bildirdi ki, həmin ifadəni üç il öncə verib və buna görə də heç nə xatırlamır.

"Müstəntiq şahidin ifadələrini təhrif edib"

Öz növbəsində, Elsevər Məmmədov bildirdi ki, Polis Şöbəsində təzyiqlərə məruz qalıb və buna görə də tez-tez ifadələrini dəyişib. Elsevər Məmmədovun vəkili Osman Kazımov isə bildirdi ki, Şirvan Prokurorluğunun müstəntiqi Vahid Əhmədov şahidlərin ifadələrini cinayət işinə təhrif olunmuş formada əlavə edib... Hakim bu faktın araşdırılacağını diqqətə çatdırdı.

Şahid azyaşlının öldürülməsindən danışanda...

Daha sonra Kürdəmir polisinin Cinayət Axtarış Bölməsinin rəisi Qafur Abbasov ifadə verdi. O, təqsirləndirilən şəxslərin azyaşlını necə öldürmələrini danışarkən, uşağın anası özünü saxlaya bilməyib Səbuhi Dəmirova hücum çəkdi. Ana və təqsirləndirilən şəxs əlbəyaxa oldular və bir-birlərinə söyüşlər yağdırmağa başladılar. Hakimin "sakit olun", "məhkəmə prosesini pozmayın" çağırışı tərəfləri sakitləşdirmədi. Onların sakitləşməyəcəyini görən hakim prosesdə fasilə elan etdi. Məhkəmə nəzarətçiləri tərəfləri məhkəmə zalından çıxardı.

Qısa fasilədən sonra şahid Qafur Abbasovun ifadəsi ilə məhkəmə prosesi davam etdirildi. Şahid bildirdi ki, Səbuhi Dəmirov ifadəsində qeyd edib ki, o, Bəhruzu dayısı Elsevər Məmmədovla birlikdə öldürüb: "Bununla bağlı onların arasında üzləşdirmə apardıq. Səbuhi qorxusundan dayısının cinayətdə iştirakını demirdi. Amma üzləşmə zamanı dedi".

Elsevər Məmmədov bildirdi ki, polis idarəsində təzyiqlərə məruz qalıb və məcburi şəkildə bu cinayəti onun boynuna qoyublar: "Maraqlıdır ki, şahid burada çəkinə-çəkinə ifadə verir. Hörmətli Qafur müəllim, burada düzgün ifadə verin, çünki burada insan taleyi həll olunur".

Təqsirləndirilən şəxs bildirdi ki, Kürdəmir polisində üç gün dindirilib: "Bu şahid məni üç gün dindirdi və hədə-qorxularla bu cinayəti boynuma almağa məcbur edib. İndi burada deyir ki, heç nə bilmir".

Daha sonra prosesdə Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müvini Rahim Xəlilov ifadə verib. Təqsirləndirilən şəxslər məhkəmə ifadələrində Rahim Xəlilov tərəfindən təzyiq və işgəncələrə məruz qaldıqlarını bildirmişdilər. Məhkəmədə ifadə verən əməliyyat işləri üzrə rəis müavini deyib ki, təqsirləndirilən şəxslər törətdikləri əməli etiraf ediblər. Şahid təqsirləndirilən şəxslərin azyaşlı uşağı oğurlayıb qətlə yetirmək etiraflarını eşitdiyini və bundan sonra cinayətin tam açıldığını diqqətə çatdırıb.

"Məcburiyyət qarşısında qalaraq, cinayəti dayımla birlikdə törətdiyimi etiraf etdim"

Sonra prosesdə çıxış edən Səbuhi Dəmirov əməliyyat işləri üzrə rəis müavini tərəfindən işgəncələrə və psixoloji təsirə məruz qaldığını bildirib: "Rəis müavini Rahim Xəlilovdan xahiş etdim ki, məni dayım Elsevərlə görüşdürsün, bundan sonra əsl həqiqəti danışaram. O da öz otağında məni dayımla görüşdürdü. Onun qapı arxasında bizə qulaq asdığını bilməmişdim. Həmin vaxt dayıma bildirdim ki, məni xilas etsin, yoxsa onun da bu cinayətdə əli olduğunu etiraf edəcəm. Rahim Xəlilov bizim söhbətimizi dinləyib, özünü içəri atdı, mənə psixoloji təsir göstərməyə başladı. Cinayəti dayımla birlikdə törətməyi boynuma qoydu. Məcburiyyət qarşısında qalaraq, cinayəti dayımla birlikdə törətdiyimi etiraf etdim".

Rəis müavini təqsirləndirilən şəxsin yalan danışdığını bildirdi: "Mən cinayət işini aparan əməliyyat qrupuna rəhbərlik edirdim. Həmin vaxt Səbuhi Dəmirov mənə dedi ki, dayısı Elsəvər Məmmədovla görüşmək istəyir, həmin görüşdən sonra əsl həqiqəti danışacağını bildirdi. Mən də onlara şərait yaratdım. Onun işgəncəyə və psixoloji təsirə məruz qalması ilə bağlı ittihamları yalandır. Çünki Səbuhi Dəmirov cinayəti özü etiraf edib".

"Cinayətkarlar tutulub, cəzalarını da alacaqlar"

Məhkəmədə şahid qismində Əflatun Abdullayev ifadə verdi. O, Səbuhi Dəmirovun qohumu olduğunu, baş vermiş hadisəni isə kənar şəxslərdən eşitdiyini bildirdi. Onun sözlərinə görə, Səbuhi Dəmirovun valideynləri kənddən çıxmaq istəyiblər: "Mən də onların kəndi tərk etməsi ilə bağlı Ağadadaş Bağırzadənin dayısına məlumat verdim. Ona dedim ki, Səbuhinin valideynləri qorxub kəndi tərk edirlər. Həmin şəxs də bütün kənd camaatını yığaraq bildirdi ki, onların heç kimi asıb-kəsmək niyyətləri yoxdur, cinayətkarlar tutulub, cəzalarını da alacaqlar. Bundan sonra kənddə hamı sakitləşdi".

Prokurorun çıxışı zərərçəkmişi narazı saldı

Bütün tərəfləri dinləyən hakimlər sonda çıxış üçün dövlət ittihamçısı Azər Osmanova söz verib. Prokuror təqsirləndirilən şəxslərin hər birinə 15 il cəza istədi.

Zərərçəkmiş Ağadadaş Bağırov isə təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini istədi. Zərərçəkmişlərin hüquqi nümayəndəsi Ulduzə Əhmədova təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini daha ədalətli hesab edəcəklərini bildirdi.

Elsevər Məmmədovun vəkili Osman Kazımov çıxışının əvvəlində dövlət ittihamçısının çıxışına etiraz etdi. Onun sözlərinə görə, prokuror çıxışında ekspertiza rəylərinə düzgün qiymət verməyib: "Hər bir insan məhkəməni ədalət qapısı hesab edir. Dövlət ittihamçısının belə çıxışı insanların məhkəməyə inamını azaldır".

O.Kazımov qeyd etdi ki, cinayət işini araşdıran Şirvan Prokurorluğunun müstəntiqi Vahid Əkbərov cinayət işində bir sıra qanun pozuntularına yol verib, eyni zamanda faktları saxtalaşdırıb. Vəkil ibtidai istintaqda və məhkəmədə dindirilən şahidlərin ifadələrini təhlil edərək, müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirdi. O, məhkəmədən müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istədi. Vəkilin çıxışı zərərçəkmişlərin etirazına səbəb oldu. Onlar vəkili söydülər.

"Müstəntiq cəzalandırılmalıdır"

Məhkəmə prosesində çıxış edən təqsirləndirilən Elsevər Məmmədovun vəkili Osman Kazımov müdafiə etdiyi şəxsin bu qətldə günahsız olduğunu bildirdi. Onun sözlərinə görə, istintaq orqanı E.Məmmədovu təqsirləndirilən Səbuhi Dəmirovun ifadəsi əsasında tutub. Vəkil qeyd edib ki, istintaq materillarında Səbuhi Dəmirovun ifadəsindən əlavə müdafiə etdiyi şəxsin təqsirkar olması barədə sübut yoxdur. O.Kazımov Səbuhi Dəmirovun ifadələrinin qərəzli və istintaq orqanının uydurması olduğunu diqqətə çatdırdı. O.Kazımov müdafiə etdiyi şəxsə bəraət hökmü çıxarılmasını istədi.

Vəkil eyni zamanda iddia etdi ki, Şirvan şəhər Prokurorluğunun müstəntiqi Vahid Əkbərov saxtakarlıq edib. Vəkil müstəntiq barəsində araşdırma aparılması üçün Baş Prokurorluğa təqdimat göndərilməsini hakimlərdən xahiş etdi.

Məhkəmə müstəntiqin cəzalandırılmasını tələb etdi

Məhkəmə hamını dinlədikdən sonra təqsirləndirilən şəxslərə son söz verdi. Sonra hakimlər müşavirə otağına yollandılar. Müşavirədən qayıdan hakimlər Səbuhi Dəmirova 15 il oxudular. Elsevər Məmmədov və İsmayıl Quliyevin isə cinayətləri sübuta yetirilməmiş sayıldı, onların barəsində ittihama xitam verildi və bəraət hökmü çıxarıldı. Məmmədov və Quliyev məhkəmə zalından azadlığa buraxıldı...

Məhkəmə müstəntiq Vahid Əkbərov barəsində xüsusi qərardad qəbul etdi. Baş Prokurorluğa göndərilən qərarda Vahid Əkbərovun cəzalandırılması tələb edilir. Məhkəmənin qərarına görə, Vahid Əkbərov cinayət işini düzgün araşdırmayıb və qanunsuz yolla saxta ittihamlar toplayıb.

...Məhkəmənin hökmündən Respublika Prokurorluğu apellyasiya protesti verib. Prokurorluq məhkəmənin çıxardığı bəraət hökmünün ləğvini və azadlığa buraxılan Elsevər Məmmədov və İsmayıl Quliyevi cəzalandırmağı tələb edir. Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.