2010-cu ilin dövlət büdcəsində neftin qiymətinin 45 dollar həcmində götürülməsi sosial proqramların icrasına mənfi təsir göstərməyəcək. Bunu deyən iqtisadçı ekspert Zahir Abdullayevin sözlərinə görə, büdcədə məhz bu göstəriciyə uyğun sosial proqramların icrası nəzərdə tutulur: "Dövlət büdcəsində neftin qiyməti elə həddə götürülüb ki, nəzərdə tutulan sosial proqramların hamısı yerinə yetirilsin. Hesab etmirəm ki, neftin qiymətinin bu həddə götürülməsi dövlət büdcəsinin gəlirlərində hansısa zorluq yaratsın. Yəni nəzərdə tutulan bütün gəlirlər heç bir zorluq olmadan yığılacaq. Nəticə etibarilə nəzərdə tutulmuş sosial proqramların hamısını maliyyələşdirmək mümkün olacaq".
Ekspertin fikrincə, dövlət büdcəsində neftin qiymətinin 45 dollar götürülməsi olduqca bədbin yanaşma metodudur. Neftin qiymətinin bu dərəcədə aşağı götürülməsi, yəqin ki, hökumətin olduqca ehtiyatlı yanaşmasından irəli gəlir: "Əslində bunu başa düşmək də olar, çünki hələlik dünya iqtisadiyyatı böhran məngənəsindən çıxmayıb. Dünya iqtisadiyyatının böhran içərisində çabaladığı, qeyri-müəyyənliyin çox olduğu bir dövrdə dövlət büdcəsinə belə ehtiyatlı yanaşma başa düşüləndir. Bütün bunlara baxmayaraq, neftin qiymətinin 45 dollar götürülməsi sosial proqramların icrasına mənfi təsir göstərməyəcək".
|