![]() |
çap et |
|
|||
Azərbaycan bölgədə yeni neft və qaz kəmərlərinin çəkilişi ilə bağlı region dövlətləri ilə müzakirələri davam etdirir. Neftlə yanaşı, böyük həcmdə qaz ehtiyatları olan ölkəmiz yaxın perspektivdə qaz ixracatçısı kimi nüfuz qazanacaq. Buna görə də qaz marşrutlarının çəkilişi üçün diversifikasiya siyasəti həyata keçiriləcək.
Hazırda 4 qaz kəmərinə malik olan Azərbaycan bu marşrutların Avropa və Asiya bazarlarına doğru genişlənməsi üçün bir sıra ölkələrdən daxil olan təklifləri nəzərdən keçirir. İran, Rusiya, Ukrayna, Belarus, İsrail, Finlandiya, Macarıstan, Rumıniya, Bolqarıstan və digər ölkələr Azərbaycandan qaz almaq üçün müraciət edib. Həmin ölkələrə qazın nəqli ilə bağlı marşrutların mövcud vəziyyəti müzakirə olunur. Prezidentin İsveçrəyə səfəri zamanı bu ölkənin respublikamızdan qaz almaq təklifindən sonra Azərbaycan bölgə üçün yeni olan bir marşrutu - "Cənub dəhlizi" adlanan kəmər variantını gözdən keçirməyə başlayıb. İqtisadçı İlham Şabanın fikrincə, zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan öz enerji daşıyıcılarını Avropadakı tərəfdaşlarına tez bir zamanda çatdırmaq üçün müxtəlif variantları nəzərdən keçirir. Regionda baş verən proseslərə uyğun olaraq indiyədək yaradılmış marşrutlarla bərabər, yenilərinin formalaşdırılması zərurəti meydana çıxıb ki, onların sırasına şimal və cənub marşrutları da daxildir. "Cənub dəhlizi" adlanan kəmərlə Körfəzə və oradan bir sıra Avropa dövlətlərinə çıxış mümkündür. Eyni zamanda, qazın birbaşa İrana nəqli üçün də kəmər mövcuddur və rentabellilik baxımdan mühüm əhəmiyyət daşıyır. Artıq Dövlət Neft Şirkəti İrana qaz ixracına başlamaq üçün rəsmi Tehranla danışıqlar aparır. Hazırda hər iki tərəf Qazıməhəmməd-Astara-Bənd-Biand qaz kəmərində təmir işləri aparır, cənub marşrutu ilə 10 milyard kubmetrə yaxın qazın ixracı mümkündür. Ekspert Azərbaycanın Gürcüstan istiqamətlərində qaz ixrac kəməri olduğunu və Qara dənizlə Avropanı birləşdirən bu marşrutla böyük həcmdə yanacaq nəql etməyin sərfəli olduğunu xatırladıb. Bu kəmər Baltikyanı dövlətlərə çıxış üçün mühüm əhəmiyyət kəsb edir. Ukrayna və Şərqi Avropa dövlətləri ilə yanaşı, Finlandiya, İsveçrə, Almaniya bu tranzit sistemlərinin birləşdirilməsi nəticəsində Azərbaycan qazını ala bilər. Artıq İsveçrə hökuməti yanacağın əldə olunması ilə bağlı öz rəsmi mövqeyini bəyan edib. Politoloqlar hesab edir ki, Azərbaycan tranzit və ixracatçı ölkə kimi dünya bazarlarında başlıca etibarlı strateji tərəfdaşlardan biri olduğunu təsdiq edib. Azərbaycan diversifikasiya siyasətinə üstünlük verərək iqtisadi cəhətdən səmərəli olan bütün marşrutlarla neft və qaz nəql etmək niyyətini açıqlayıb. Bu gün ölkəmizin yerləşdiyi bölgədə siyasi-iqtisadi proseslər vaxtaşırı olaraq dəyişir. Azərbaycan buna görə də dünya bazarlarına çıxış üçün mümkün olan bütün nəqliyyat-tranzit infrastrukturlarından istifadə etməlidir. Məsələn, hazırda işlək vəziyyətdə olan şimal və cənub qaz kəmərləri ilə ildə 15 milyard kubmetr yanacaq ixrac edə bilər. Artıq 2010-cu ildə Rusiyaya qaz nəqli ilə bağlı sazişin imzalanması şimal xəttinin istifadəyə veriləcəyini göstərir. Eyni zamanda, İrana da qaz nəqli planlaşdırılır ki, bu da cənub marşrutunun işləməsinə imkan verəcək. Mütəxəssislərin fikrincə, Şərq-Qərb marşrutu tranzit haqlarının bahalığı, texniki məsələlər və digər amillərlə bağlı sərfəli olmadığı halda ölkəmiz öz qazını Avropaya Gürcüstanın Kulevi, Supsa və digər limanlarında qaz emalı zavodları tikərək yanacağı maye halında tankerlər vasitəsilə ixrac edə bilər. Artıq iri qaz ixracatçıları olan Rusiya, Norveç, Liviya, Qətər, Qazaxıstan və digər dövlətlər qazı emal edərək maye halında nəql etməyə başlayıb. Bu, yanacağın tranzit haqlarının ucuz başa gəlməsinə səbəb olur. Buna görə də Azərbaycan öz ixrac siyasətində bu variantdan da istifadə edə bilər. Yeri gəlmişkən, Türkiyə ilə Azərbaycan arasında ən çox müzakirə edilən məsələlərdən biri də bu ölkəyə mavi qazı bazar qiymətlərindən 2 dəfəyə yaxın aşağı qiymətə satması ilə bağlıdır. Həm Azərbaycan Prezidenti, həm də Türkiyə baş nazirinin Türkiyəyə ixrac edilən mavi qazın qiymətinin ədalətli olmaması ilə bağlı açıqlamalarına baxmayaraq, hələ də tərəflər yeni qiymətlə bağlı razılığa gəlməyiblər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) İH sədri Vüqar Bayramovun bildirdiyinə görə, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində atılan addımlar regional layihələrə yenidən baxılmasını zəruri edir: "Əvəlla, Azərbaycanın Türkiyəyə mavi qazın hər min kubmetrini 120 dollara satması yalnız bir il ərzində ölkəmizin qonşu dövlətə 1,8 milyard dollar güzəşt etməsi deməkdir. Məsələ ondadır ki, əgər Azərbaycan mavi qazı Türkiyəyə Avropa bazar qiymətləri ilə satsa, o zaman rəsmi Ankara hər il Bakıya əlavə olaraq 1,8 milyard dollar ödəməlidir. Bu isə kifayət qədər böyük rəqəmdir, əgər bu məbləğ Azərbaycanın dövlət büdcəsinə daxil olardısa, o zaman hətta 2009-cu ilin büdcəsində investisiya xərclərinin bir qisminin ixtisara salınmasına da ehtiyac qalmazdı." Vüqar Bayramov bildirib ki, Ermənistanla sərhədlərin açılması iqtisadi baxımdan Türkiyə üçün hər hansı ciddi mənfəət yaratmır: "Azərbaycanın mavi qazın qiyməti ilə bağlı etdiyi güzəşt nəticəsində Rəsmi Ankaranın qazandığı 1 illik xeyir Ermənistanla növbəti 10 ildə həyata keçirilən ticarət əlaqələrindən əldə ediləcək mənfəətdən çoxdur. Bu baxımdan, Ermənistanla sərhədlərin açılmasına Turkiyənin yalnız siyasi deyil, eyni zamanda iqtisadi baxımdan yanaşması da önəmli idi. Dünən Fransanın Avropa məsələləri üzrə dövlət nazirinin Türkiyənin Avropa Birliyinə üzv ola bilməsinin yalnız 30 ildən sonra mümkün olması ilə bağlı açıqlaması isə "isti Ermənistan"ın Ankaranın Avropa yolunu açacağı ilə bağlı proqnozların reallaşmayacağından xəbər verir". |