Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran: "yaşıllar"ın mahiyyəti
İran: "yaşıllar"ın mahiyyəti
Böyük Rəsuloğlu bu hərəkatın irqçilikdən qaynaqlandığını bildirir
Şənbə, 07.11.2009

S.Soltan mətn ölçüsü  

İranda baş verən bütün yeniliklərdə Azərbaycan türklərinin rolunun danılmaz və əvəzedilməzliyini millətimizin dostları da deyir, düşmənləri də. Ölkədə keçirilmiş builki prezident seçkisindən əvvəlki və sonrakı olaylar bir daha sübut etdi ki, bəzilərinin "demokratik" adlandırdığı, əslində isə ictimai-siyasi böhranın təzahürü olan bu prosesə Azərbaycan Milli Hərəkatı təəssübkeşlərinin seyrçi mövqeyi demokrat kimi görünmək istəyənləri qıcıqlandırmaqda və ya hiddətləndirməkdədir.

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlunun "Yaşılların mahiyyəti" adlı yazısı da İranda müxalifət rolunda çıxış edən bəlli qüvvələrdən bəhs edir.

Həmin yazıdan bəzi məqamlar bizə maraqlı göründüyündən diqqətinizə çatdırırıq.

"Günlər keçdikcə "yaşıllar" adlanan "hərəkat"ın mahiyyəti qınından çıxaraq, aşkarlığa qovuşmaqdadır. Azərbaycan Milli Hərəkatının bir çox fəalı ilk günlərdən bəri baş verənləri düzgün dəyərləndirə bilmiş, ona görə də hadisələr başlayandan hərəkatımızın bu hadisələrə qoşulmasının ziyanımıza olduğunu vurğulayaraq, millətimizi uzaq durmağa çağırmışdılar. Ayıq millətimiz isə tarixdən ibrət dərsi aldığını göstərərək, körükləmələrə baxmayaraq, bu sürəcə qoşulmamağı seçdi... İllər boyu hərəkatımızın milli mənafe uğrunda mübarizəni dəstəkləyərək, "bizim düşmənimiz irqçi farsçılıqdır" nəzəriyyəsi əsasında rejim dəyişikliyinə sürüklənməni müdafiə etməyənlərin haqlı olduqları aşkarlandı. Bu üzdən də haqlı olaraq bir sual ortaya çıxır - rejimin bu şəkildə dəyişməsi ilə biz öz Milli haqlarımızı qazanmayacağıqsa, o zaman nə etməliyik?". Müəllif buna cavab olaraq, "yaşılların mahiyyətini" qısaca dəyərləndirib:

"Ümumi narazılıq

Fikrimcə, İran İslam İnqilabı dünyada baş vermiş dəyişiklik arasında misli görünməmiş bir hadisə idi. Mahiyyət, taktika və sürəc baxımından tayı olmadığı kimi arzuları baxımından da başlananda heç bir ideologiyaya söykənməmişdi. Şah diktatorluğunu, sadəcə, küçə nümayişləri ilə bu hakimiyyəti qansız-qadasız devirməyi qarşısına məqsəd qoymaqla, dünya millətlərinin mübarizəsi üçün yeni metod ortaya çıxarıb. Xalqın 99 faizinin səs verdiyi bir hakimiyyətdə, əlbəttə, bütün fikirlər, istək və arzular öz əksini tapmışdı. Bu yazıda həmin arzuların yerinə yetirilmə səbəblərini araşdırmadan, ötən 30 il müddətində xalq öz hədəflərinə çatmadığından bir çox sahədə geriləmənin şahidi olub.

Bu narazılıq istər seçim mərhələsində, istərsə ondan sonrakı hadisələrdə böyük rol oynayıb. Ona görə də bəhanəsindən asılı olmayaraq, bu narazı kütlənin "yaşıllar" hərəkatında birinci yerdə durması inkaredilməzdir. Aydındır, bu axının qarşısını kəsən yaramaz kötüklərin qazılması ilk hədəf sayılmaqdadır.

Yuxarıdakı qeydlərimə əlavə etmək istərdim ki, bu inqilabdan törənən sistem demokratik bir model formalaşdırsa idi, o halda dünya millətlərinə dəyərli örnək ola bilərdi.

Hakimiyyətdaxili çəkişmələr

Bu ixtilafları üç yerə ayırmaq olar : a) İslahat əbası altında ziddiyyətlər. Rejimin daxilində bəzi islahatlar apararaq, bir yandan soyunun, o biri yandan isə ölkənin çöküşünü önləmək üçün qollarını çırmayanları bu qrupa daxil etmək olar. Ara-sıra "milli məzhəbi" (özünü "islahatçı" sayanları belə də adlandırır - S.S.) adı ilə ortaya çıxan bu qrup yaxın keçmişdə hakimiyyətdə təmsil olunmuşlar, Mirhüseyn Musəvi və Məhəmməd Xatəminin simasında təzahür etsə də, onlar çöküşdən sonra hesabat verəcəklərini göz önünə alaraq, yumşalmağı seçiblər.

REKLAM

Həmin məsələ "yaşıllar"ın rəhbərsiz bir ayaqlanma olmasına zəmin yaratmışdı. Bütün təbliğatlara baxmayaraq, bu başıpozuqluğun müsbət nəticə verməyəcəyi aydın görünməkdədir.

b) Şəxsi ziddiyyətlər, hakimiyyət hərisliyi. Yuxarda qrupun arasında hakimiyyətdəkilərlə öz şəxsi problemlərini bir təhər həll edərək, ölkə idarəçiliyini ələ keçirmək istəyənlər az deyil. Bu bölümün başında Rəfsəncani dursa da, islahatçı adı altında illər öncə meydana girənlərin böyük bir hissəsini ehtiva etməkdədir. Tarixlərindən gələn bir adət üzrə bu avantüristlər, rahatlıqla başarılı sayılmadıqları halda peşmanlıq vərəqələrini imzalayaraq, həmfikirlərini lova verərək, TV müsahibələrində iştirak edərək, azadlığa çıxırlar. "Yaşıllar"da da belə oldu. Bu aşağılanmaqla razılaşan farsçı qrupların "Azərbaycan Milli Hərəkatı"nın "yaşıllar"a qoşulması üçün bütün hiylələrə baş vurmasını anlamaq mümkündür. Türk əsilli Nida xanım Ağasultanın (seçkiyə etiraz zamanı qətlə yetirilən gənc qız - S.S.) öldürülməsindən belə sui-istifadə edənlər yaxşı başa düşürlər ki, bizim əmanilərimiz, lisanilərimiz, yekanlılarımız, mətinpurlarımız, heydərilərimiz, əlirzalarımız və minlərlə belə gənclərimiz hakimiyyətin bütün təzyiq və işgəncələrinə dözərək, əzilmədən üzü ağ çıxıblar. Ancaq başa düşmürlər ki, bu insanların gücü millətə sevgisindən, Azərbaycan eşqindən, ədalət təfəkküründən və ən əsası türk milətinin onlara arxa durmasından qaynaqlanır.

c) Rejimin elmi əsaslarda dəyişməsi. İran İslam Respublikasının gələcəyini həddindən artıq qaranlıq görənlər kiçik islahatlarla ölkədəki xalqların istəklərinin təmininin mümkünsüzlüyünü və bu gedişatla qanlı gələcəyi düzgün baxışla görənlər bu qrupa daxildir. Mehdi Kərrubinin (prezidentliyə keçmiş namizəd - S.S.) nisbi olaraq ayətulla Xomeyninin xəttinə söykənməsi, millətlərin haqları barədə daha radikal tutum sərgiləməsi bunun bariz nümunəsi kimi dəyərləndirilə bilər.

Nifrət duyğuları

İki qrupun mollalara və bəzən də İslama şiddətli nifrətləri var - birincisi, 1979-cu ilin fevral inqilabından sonra çeşidli səbəblər, özəlliklə ideoloji baxışlarına görə, vəhşicəsinə edam olunanların fikirdaşları və ailələri. İkincisi isə uydurma fars tarixinə kökdən bağlı olub, Kadisiyyə savaşını ərəblərin fars şahlığına qarşı bir yürüşü hesab edərək, Şiubiyə və Firdovsidən bəri nifrət dağarcıqlarını dolduran irqçilər.

Fars şovinist təfəkkürü

Ötən yüz ildə irqçiliyin şiddətli təbliğatı nəticəsində dəlicəsinə bu təfəkkürü daşıyan, özlərini ari irqin daşıyıcısı sayan, onu bütün insanlıqdan üstün bilən farsçıların sayı az deyil. Bu mürtəce fikrin daşıyıcıları Tehranda verdikləri "arilik" şüarlarla özlərini göstərərək, molla hakimiyyətindən qurtulmağın yolunun irqçilik körpüsündən keçəcəyini ortaya qoydular.

Şübhə yoxdur ki, Mirhüseyn Musəvinin Kürdüstanda irqçi mahiyyətli çıxışları, xanımının ifrat milliyyətçi olması ilə yanaşı, Xatəminin də bu yöndəki davranışları bu kütləyə özünü göstərmək imkanı yaratdı. Fars demokratların çoxunun modern demokratiya təfəkküründən xəbərsiz olduqlarını söyləmək mümkün deyil. Çünki xaricdə bu fikrin daşıyıcıları - Nurizadə, Məxməlbaf, Saziqarian, Əkbər Gənci kimi insanların modern ictimai-siyasi nəzəriyyələrlə tanış olmadığını söyləmək doğru sayılmaz. Əkbər Gəncinin 10 il öncə (1990-cı illərin sonunda jurnalist kimi tutulmuşdu - S.S.) zindanda olarkən yazdığı 30 səhifəlik "Cümhuriyyət manifesti" kitabı bu insanların çıxışları ilə tutuşdurulsa, onda bu insanların baxışını dəyərləndirmək olar.

O illərdə manifesti təhlil edənlərin çoxu hesab edirdi ki, bu kitabı Amerika və ya Avropa sosioloq və politoloqları yazıb, ona veriblər. Onun islamsız demokratik cümhuriyyət tərifindəki demokratiya məfhumunda azlıqda qalan bütün fikir, qrup, partiya və başqalarının sayına görə, haqq sahibi olmasının vacibliyini söyləməsi müqayisə edilməlidir. Başqa sözlə, irqçi təfəkkürdə demokratiyaya yer olmadığı bu insanların danışıqlarında gizlənməkdədir. Onlar ayaqlarını üzəngiyə qoyan kimi ədalətə arxa çevirdikləri kimi, yanları yəhərə qovuşduqda, bizləri qamçılamaqda yarışa çıxacaqlar.

Məsələyə bu çərçivədən yanaşanda, fars mərkəzli irançıların demokratiya təfəkkürü ilə türk mərkəzli azərbaycançıların demokratiya təfəkküründəki məsafə ortaya çıxır. Heç şübhəsiz, demokratiya elə bir prosesdir ki, hər toplum öz bilgi və maraqlarına görə həmin dairənin içinə girə bilir. Fars mərkəzli düşüncə nəzəriyyəçilərinin söz və əməldəki fərqlilikləri onların demokratlığını sual altına alır. Xaricdə bu qrupa yaxın çalışan, amma federal düşüncəni də arxaları ilə çəkmək istəyən cümhuriyyətçilərin federal təfəkkürü aldadıcıdır.

Gənclik

Modern dünya, texnologiya və əlaqələr dünyanı elə kiçildib ki, baş verən bütün dəyişikliklər, yaşayış tərzi və həyatın gözəlliklərindən istifadə üsulları artıq bir ölkədə qalmır. Şübhə yoxdur ki, İrandakı gənclər də dünyadakı yaşıdlarının xoşbəxt və sərbəst həyatlarını görür, onlar kimi yaşamağa cəhd edirlər. Bu gənclər yaşamaq üçün haqlı olaraq, modern bir həyata qovuşmaq arzusundadırlar. Cəmiyyətin oxumuş təbəqəsi, tələbələr və yaradıcı bölmə siyasi fikir meydanında söz sahibi olmaq niyyətindədir.

Əhmədinejadın müavini Mehdi Kəlhörün qızı Nərgiz bu günlərdə Almaniyaya film festivalına gəlib və oradan sığınacaq istəyib. Bu, qeyd etdiklərimə aydınlıq gətirən hallardandır.

Bütün bunlarla yanaşı, "yaşıllar"ın rəhbərləri sayılan kəslərin açıqlamaları və siyasi donları bu gəncləri çağdaş demokratik istəklər yerinə təhrif olunmuş bir çaşqınlığın içinə sürükləməkdədir.

Qadınlar

Çağdaş dünyada qadınların haqlarının bütün sahələrdə qorunmasını təmin etmək cəmiyyətlərin birinci məsələsinə çevrilib. İş o yerə çatıb ki, artıq bir sıra Avropa dövlətlərində qadınlar hakim sayılır. Bu durumda yuxarıdakı bənddə işarə etdiyim sürəc öz təsirini göstərib. Avropa toplumundakı çatışmazlıqlar İran daxilində nə qədər təbliğ edilsə də, qadınların öz haqq və hüquqlarının təmini üçün bu ölkədə ayağa qalxmadığı inkaredilməzdir. Siyasilərin bu etirazı yönəldəcəyi istiqamət özlüyündə böyük bir mübahisə doğurmaqdadır.

Nəticə yerinə

Qısaca olaraq təhlilinə çalışdığım "yaşıllar"ın mahiyyəti və rolu kimsəyə sirr deyil. Ancaq bu qrupların böyük əksəriyyətinin farsçı, irqçi olduğuna görə, bu hərəkatdan demokratiya gözləmək doğru deyil. İstər daxildəki, istərsə də xaricdəki belə qüvvələr açıqca göstəriblər ki, demokratiya onlar üçün ancaq bir şüardır, bu pərdə arxasında gizlənən hədəf qorxunc bir irqçiliyə gətirib çıxara bilər.

Bəziləri bu baxışı birtərəfli görə bilər. Bir sıra adamlar kimi mən də bu hərəkatın o ölkədə demokratiya yaradacağına, dilindən, dinindən, rəngindən, milli mənsubiyyətindən asılı olmayaraq, insanların haqlarının qorunacağına, millətlərin haqlarının BMT bəyannamələri əsasında təmin olunacağına inanmaq istərdim... Milli hərəkatımızın, özəlliklə daxildəki düşünənlərin məhz bu yolun doğruluğunu anladıqları üçün bir zamanlar İslam Cümhuriyyətini də bu prinsiplərə əsasən dəstəkləmişdilər. Ancaq Əhmədinejad "fenomeni" bu düşüncələrə böyük zərbə vurdu...

Aydındır ki, ölkədə həqiqi demokratiyaya qapı açılarsa, bütün problemlər qansız-qadasız həllini tapar, bütün düyünlər açılar. İstər "yaşıllar" hərəkatı, istərsə də ondan böyük gücə malik islam inqilabı bu modeli ortaya çıxarmadığına görə, təbii olaraq ortaya "Onda biz nə etməliyik" sualı çıxır. İran cəmiyyətinin bugünkü durumu "kül altındakı köz"ə bənzəyir..."



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1


Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər