Gələn ilin 19-30 aprel tarixlərində Bakı şəhərində gənc pianoçuların I beynəlxalq elmi ifaçılıq müsabiqəsi və "Fortepiano Qara Qarayev yaradıcılığında" I beynəlxalq elmi ifaçılıq konfransı keçiriləcək. Müsabiqə və konfrans Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının 90 illik və orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunacaq.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Xəbərdə qeyd olunur ki, müsabiqə iki mərhələdən ibarət olacaq və 10-25 yaşadək musiqiçilər iştirak edəcəklər. Konfransda isə yaşından asılı olmayaraq bütün pianoçuların iştirakı nəzərdə tutulur. Müsabiqədən fərqli olaraq, konfrans elmi və ifaçılıq hissələrindən ibarət bütöv bir mərhələdə keçiriləcək.
Məlumata görə, elmi ifaçılıq konfransı və müsabiqənin keçirilməsində əsas məqsəd Qara Qarayev yaradıcılığının dərindən öyrənilməsi vasitəsi ilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılmasıdır.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və konfrans Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçiriləcək.
|