çap et  
Fizika və riyaziyyatda gəldiyimiz nöqtə
Azərbaycanda bu elmlərin 1996-2007-ci illərdəki inkişaf dinamikası nəyi üzə çıxarır?
Şənbə, 07.11.2009


Fikrət ƏLİYEV, akademik Şahin AĞAYEV, Qəmər MƏMMƏDO

Fizika və riyaziyyat kimi fundamental elmlərin inkişaf səviyyəsinin, bu elmlərdəki vəziyyətin dəyişmə dinamikasının təhlili hər bir ölkədə bütövlükdə elmin mövcud durumu və perspektivləri haqda fikir yürütməyə imkan verir. Şübhəsiz, bu fakt bütün təbiət və texniki elmlərin fizika və riyaziyyatın nailiyyətləri və metodlarından birbaşa bəhrələnməsi ilə izah olunmalıdır. Belə ki, texniki fənlərdə istifadə edilən hesablanma üsulları, təbiət elmlərində tətbiq olunan avadanlıq və tədqiqat metodları mahiyyət etibarilə fizika və riyaziyyatın əldə etdiyi nəticələrin praktikada tətbiqindən başqa bir şey deyil. Bu baxımdan Azərbaycanda fizika və riyaziyyat elmlərinin indiki vəziyyətinin, onların müəyyən zaman kəsiyində inkişafındakı meyillərin araşdırılması elmimizin gələcəyini proqnozlaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası prezidentinin 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"sı, bu sənəddə nəzərdə tutulan islahatlar proqramı belə analizin əhəmiyyətini xeyli dərəcədə artırır. Məlumdur ki, Milli Strategiyanın əsas vəzifəsi elmimizin qarşısında duran problemlərin tez və effektiv şəkildə həllinə nail olmaq, elmin idarə olunmasının, maliyyələşdirilməsinin, mütəxəssis hazırlığını beynəlxalq standartlara uyğunlaşdırmaqdır. İstənilən problemin həlli isə ilk növbədə onun hərtərəfli araşdırılmasından başlayır. Yalnız qərəzsiz, subyektiv faktorlardan maksimal dərəcədə uzaq olan təhlil gələcəkdə qəbul ediləcək qərarların səmərəliliyinə zəmanət verə bilər.

İxtiyari elm sahəsinin, elmdaxili istiqamətlərin vəziyyətini müxtəlif metodlarla araşdırmaq mümkündür. Məsələn, fizika və riyaziyyatın inkişaf dinamikasını öyrənmək məqsədilə bu sahələr üzrə elmi dərəcəli mütəxəssislərin sayını, onun dəyişmə dinamikasını araşdırmaq mümkündür. Bu məqalədə qəbul edilmiş qiymətləndirmə sistemi başqa meyarlara söykənir. Belə ki, apardığımız araşdırma fizika və riyaziyyat üzrə 1996-2007-ci illəri əhatə edən dövrdə beynəlxalq jurnallarda çap olunmuş elmi məqalələrin, bu məqalədə verilmiş istinadların təhlilinə əsaslanır. Hesab edirik ki, beynəlxalq jurnallarda çap olunmuş və deməli, beynəlxalq səviyyədə ekspert rəyindən keçmiş elmi əsərlər fizika və riyaziyyatda formalaşmış vəziyyətin daha gerçək mənzərəsini yaradır.

Araşdırmalar üçün tələb olunan informasiyanı beynəlxalq məlumat bazalarından əldə etmək olar. Beynəlxalq praktikada elmin müəyyən sahələri üzrə ixtisaslaşan məlumat mənbələri mövcuddur. Onlardan istifadə etməklə hər bir alimin məqalələri, bu məqalələrdə verilmiş istinadlar haqda məlumat əldə etmək mümkündür. Riyaziyyat sahəsində Amerika Riyaziyyat Cəmiyyətinin MathSciNet (American Mathematical Society, www.ams.org), Avropa Riyaziyyat Cəmiyyəti və Almaniya Universitetlərinin birgə saytı Zentralblatt MATN (www.zentralblatt-math.org/zmath/en), nüvə və yüksək enerjilər fizikası istiqamətində ABŞ-ın Stenford Universitetindəki "Stenford Xətti Sürətləndirici Mərkəzi"nin (SLAC) (Stanford Linear Accelerator Center, www.slac.stanford.edu) bazaları belə məlumat mənbələri rolunu oynaya bilər. Üstünlüklərinə baxmayaraq, konkret sahə və istiqamətlərə görə ixtisaslaşan məlumat bazaları müxtəlif prinsiplər əsasında tərtib olunur. Məsələn, əgər MathSciNet yalnız Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən tanınan jurnallardakı məqalələri və istinadları nəzərə alsaq, SLAC hətta çap olunmamış, elektron arxivdə yerləşdirilmiş məlumatları da qeyd edir. Nəticədə, MathSciNet-dən riyaziyyatın müəyyən istiqaməti və riyaziyyatçı alim haqda əldə olunmuş məlumat SLACın fizika üzrə və fizika barədə verdiyi məlumata ekvivalent sayıla bilməz. Ona görə də, bu məlumatları müqayisə etmək düzgün olmazdı. Elm sahələrinin müqayisəli analizini aparmaq üçün informasiya eyni mənbədən götürülməlidir.

Belə məlumat mənbələrindən ən mötəbəri Tomson Röyters Agentliyinin Elmi İnformasiya İnstitutunun (ISI) hesabatlarıdır (Thomson Reuters, www.thomsonreuters.com). Tomson Röyters tərəfindən indekslənən və elmin bütün sahələrini əhatə edən təxminən 8000 elmi jurnal, burada çap olunmuş məqalələr müqayisəli təhlil aparmağa imkan verir. Lakin Tomson Röyters jurnalların keyfiyyətinə sərt tələblər qoyur. Belə yüksək səviyyəli jurnallarda çap olunmaq isə kifayət qədər çətin məsələdir. Azərbaycanda elmin indiki vəziyyətində yalnız ISI jurnallarındakı məqalələrə istinadən nəticə çıxarmaq, fikrimizcə, hələ tezdir. Məhz bu səbəbdən, biz Tomson Röytersdən daha çox jurnal və konfrans materiallarına əsaslanan SCOPUS bazasından (SCOPUS, www.info.scorus.com) istifadə edəcəyik. Qeyd etmək yerinə düşər ki, Tomson Röyters və SCOPUS məlumat bazalarından elmi jurnalların qiymətləndirilməsi zamanı (F.Ə.Əliyev, Ş.S.Ağayev, Elmi nəşrlərin qiymətləndirilməsi: mövcud vəziyyət və perspektivlər, "Elm" qəzeti, N1-2, 21 yanvar 2009) və Azərbaycanda elmin prioritet sahələrini müəyyən edərkən (F.Ə.Əliyev, Ş.S.Ağayev, Azərbaycanda elmin prioritetləri, "Elm" qəzeti, N25-26, 31 avqust 2009) istifadə edilmişdir.

SCOPUS elmin bütün sahələrinə həsr edilmiş və məqalələri hərtərəfli rəy prosesindən keçən 16500 jurnal, 350 kitab seriyası, konfrans materialları əsasında formalaşan informasiya bazasıdır. Bizdə olan məlumata görə, SCOPUS bazasında respublikamızdan "Azərbaycan Tibb Jurnalı" qeydiyyatdan keçib. 2009-cu ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, BDU-nun Tətbiqi Riyaziyyat ETİ və Milli EA tərəfindən birgə nəşr edilən beynəlxalq "Arrlied and Comrutational Mathematics" jurnalı da SCOPUSda qeydiyyata düşüb. Lakin bu jurnalın məqalələri müvafiq hesabatlarda yalnız gələn ildən nəzərə alınacaq. Başqa sözlə, fizika və riyaziyyat üzrə aparılacaq analizə ölkə daxilində çap olunmuş elmi məqalələrin heç bir təsiri ola bilməz.

İspaniya Universitetlərinin təsis etdiyi SCIMAGO tədqiqat qrupu SCOPUS məlumat bazasına əsaslanaraq maraqlı nəticələr əldə etmişdir (SCIMAGO grour, www.scimagoyr.com). Qrupun hazırladığı hesabatda 233 ölkənin, 10 regionun elmin bütün sahələri və istiqamətləri üzrə 1996-2007-ci illəri əhatə edən nəticələri toplanıb. Sənəddən istifadə etməklə ölkələrin, regionların ayrılıqda və ya müqayisəli analizini aparmaq mümkündür. Azərbaycan Şərqi Avropa regionuna daxil edilib. Bu regiona Azərbaycandan başqa Rusiya, Ukrayna, Belarus, Moldova, keçmiş SSRİ-nin Baltikyanı və Cənubi Qafqaz ölkələri də daxil olmaqla, cəmi 23 ölkə aiddir. Sənəddə 12 il ərzində Azərbaycan alimlərinin fizika üzrə toplam 711 məqaləsi, riyaziyyat üzrə isə 291 məqaləsi qeydə alınıb. Bu nəticələrə istinad etsək, fizikadakı durumun riyaziyyata nisbətən daha yaxşı olduğunu görərik. Əlbəttə, bu zaman fizika sahəsində çalışan alimlərin sayı və aparılan tədqiqatların xarakteri də nəzərə alınmalıdır.

Fizika və riyaziyyat sahələrində çap olunmuş elmi işlərin illər üzrə paylanması maraqlı nəticələr çıxarmağa imkan verir. 1-ci şəkildə sahələr üzrə çap olunmuş elmi məqalələrin dəyişmə dinamikası göstərilib. (* - fizika, + - riyaziyyat). Şəkildən görünür ki, riyaziyyat üzrə işlərin illərə görə paylanması daha sabitdir və sahə 2003-cü ildən başlayaraq yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın rəqəmsal göstəricisi isə belədir: baxılan zaman kəsiyinin son ilindəki (2007) məqalə sayı ilk ildəki (1996) saydan 1,5 dəfə çoxdur. Fizikada bu göstərici 1,02-dir. Başqa sözlə, fizikada "stabil" durğunluq müşahidə edilir.

Şəkil 1.

Gətirilmiş rəqəmlər Azərbaycanda fizika və riyaziyyatın ümumi vəziyyəti haqda müəyyən təsəvvür yaradır. Lakin bu elmlərin dünya və regiondakı vəziyyəti, inkişaf dinamikası nəzərə alınmadan aparılmış analiz öz-özlüyündə çox da maraqlı və informatik ola bilməz. Bu baxımdan 2-ci və 3-cü şəkillərdə verilmiş informasiya böyük əhəmiyyət kəsb edir. Fizika və riyaziyyat sahələrində Azərbaycan alimlərinin elmi işlərinin Şərqi Avropa regionundakı payı (faizlə) 2-ci, dünyadakı payı (faizlə) isə 3-cü şəkildə qrafiklərlə verilmişdir. Şəkillərdən aydın olur ki, 1996-2007-ci illərdə hər iki elm sahəsi region və dünya çapında tənəzzülə uğramış, mövqelərimiz zəifləmişdir.

Şəkil 2.



 



 



 



 





Şəkil 3.



Həqiqətən də, əgər 1996-cı ildə fizika və riyaziyyat sahələrində regiondakı payımız ümumi "elmi məhsulun" müvafiq olaraq 0,54 və 0,61 faizini təşkil edirdisə, 2007-ci ildə bu göstəricilər azalaraq 0,47 və 0,39-a qədər enmişdir. Dünya elmi kontekstində də vəziyyət eynidir: araşdırılan sahələr üzrə 1996-cı ildə dünya elmindəki payımız 0,07 (riyaziyyat) və 0,08 (fizika) faiz olmuşdusa, 2007-ci ilin eyni göstəriciləri belədir: riyaziyyatda 0,04, fizikada 0,05 faiz. Riyaziyyatda 2002-ci ildə qeydə alınmış yüksəliş ümumi mənzərəni dəyişmək iqtidarında deyil.

Region və dünya miqyasında fizika sahəsində nisbi geriləmələrin mahiyyəti kifayət qədər aydındır. Doğrudan da, bu sahədə çap olunmuş elmi işlərin sayı, demək olar, dəyişməz qalsa da, region və dünya elmində inkişaf dayanmamış və nəticədə nisbi payımız azalmışdır. Yuxarıda riyaziyyatdakı 1,5 dəfəlik artım haqqında məlumat vermişdik. Lakin qeydə alınmış artım region və dünya elminin riyaziyyat sahəsindəki yüksəlişindən geri qaldığı üçün yenə də mövqelərimiz itirilmişdir. Dünya ölkələrində riyaziyyat sahəsindəki yüksəlişi Türkiyənin timsalında görə bilərik. Əgər 1996-2007-ci illərin artımı Azərbaycanda 1,5 dəfədirsə, Türkiyədə bu artım 5,9-a bərabərdir. Bu isə o deməkdir ki, region və dünya miqyasında Azərbaycan elminin fizika və riyaziyyat kimi mühüm və fundamental sahələrinin ən azı yerini qorumaq üçün alimlərin daha məhsuldar işinə nail olmaq lazımdır.

Fizika və riyaziyyat sahələrində ölkəmizdə formalaşmış və beynəlxalq səviyyədə böyük əhəmiyyət kəsb edən başqa makro-göstəricilərə nəzər salaq. Bunlar arasında ən önəmlisi elmi məqalələrə verilmiş istinadların sayıdır. Elmi nəticəyə istinad vermək, onu yeni tədqiqatlarda istifadə etmək həmin nəticənin əhəmiyyətinin təsdiqi deməkdir. Sözsüz ki, bəzən məqalələrdə səhv nəticələr də çap olunur. Belə hallarda elmi mətbuatda gedən mübahisələr əsnasında digər tədqiqatçıların tənqidi, mənfi istinadlarına rast gəlmək mümkündür. Lakin mənfi istinadlar ümumi mənzərənin çox cüzi hissəsini təşkil edir, çünki adətən səhv nəticələrə ümumiyyətlə istinad verilmir. Bu səbəbdən məqaləyə verilmiş istinad beynəlxalq praktikada yüksək keyfiyyətin göstəricisi kimi qəbul edilir. Elm sahələrinin, istiqamətlərin və alimlərin reytinq siyahıları tərtib olunarkən bu göstəriciyə xüsusi diqqət verilir.

1996-2007-ci illərdə fiziklərimizin çap etdirdikləri məqalələr 1715 istinad toplamışdır ki, bunların da 624-ü müəlliflərin özləri tərəfindən verilmişdir. Fizika sahəsində hər məqaləyə orta hesabla 2,41 istinad düşür. Sahə üzrə Herşi indeksi 17 olmuşdur. Başqa sözlə, baxılan dövrdə Azərbaycan fizikləri ən azı 17 istinad toplamış 17 məqalə çap etdirmişlər. Riyaziyyatda bu göstəricilər belədir: bütün istinadların sayı 519, müəlliflərin öz işlərinə verdikləri istinadlar 182, bir məqaləyə düşən orta istinad göstəricisi 1,78, sahənin Herşi indeksi 11 olmuşdur. Bu nəticələrin nə dərəcədə qənaətbəxş olduğunu müəyyən etmək məqsədilə dünya və regionda fizika və riyaziyyat üzrə çap edilmiş məqalələrin orta istinad göstəricilərinə müraciət edək. 1996-2007-ci illərdə dünya miqyasında bu parametr fizika üzrə 8,8, riyaziyyat üzrə 4,72, region miqyasında isə fizika sahəsində 6,32, riyaziyyatda 3,62 olmuşdur. Əlavə araşdırmasız da aydındır ki, ölkədaxili göstəricilər beynəlxalq səviyyədən xeyli aşağıdır (bax, şəkil 4).

Şəkil 4.

Yuxarıdakı göstəricilərin analizi optimistik nəticələr çıxarmağa imkan vermir. Hər şeydən əvvəl alimlərimizin elmi məhsuldarlığının aşağı olması narahatlıq doğurur. Fizika və riyaziyyat elmlərində ölkədaxili məhsuldarlığı qiymətləndirmək çətin məsələ deyil. Milli Strategiyada gətirilmiş məlumata əsasən, Azərbaycanda fizika-riyaziyyat elmləri doktorları və namizədlərinin ümumi sayı 1289 nəfərdir. Bu kadr potensialının böyük hissəsi AMEA-nın institutlarında, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan universitetlərinin müvafiq fakültələrində, akademiyalarda və sahə institutlarında çalışır. Fizika və riyaziyyat üzrə 12 ildə beynəlxalq elmi jurnallarda çap olunmuş məqalələrin toplam sayını isə asanlıqla müəyyən edə bilərik: bu say 1002-yə bərabərdir. Rəqəmlərin analizi orta statistik Azərbaycan fiziki və ya riyaziyyatçısının 15 ildə cəmi 1 elmi məqalə çap etdirdiyini göstərir! Elmimizdə fəallığı ilə seçilən, müntəzəm surətdə beynəlxalq jurnallarda əsərlər nəşr etdirən xeyli sayda alimin olduğunu da nəzərə alsaq, 1289 nəfərin əhəmiyyətli hissəsinin elmi proseslərdən kənarda qaldığını iddia edə bilərik. Məhsuldarlığı bu səviyyədə olan toplumun böyük elmi nailiyyətlər əldə edəcəyinə inanmaq sadəlövhlük olardı. Elmi tədqiqatların keyfiyyəti də yüksəldilməlidir: məqalələrə verilən istinadların təhlili bu sahədə böyük problemlərin olduğunu təsdiq edir.

Başqa bir problem fizika və riyaziyyatın hətta məhsuldar hesab etdiyimiz istiqamətlərində belə, nəticələrin illər üzrə dəyişmə dinamikasındakı sıçrayışlarıdır. Çap olunmuş məqalələrin mütləq sayı da çox aşağıdır. Bu isə o deməkdir ki, reallıqda həmin istiqamətlər üzrə yüksək səviyyədə yalnız bir neçə istedadlı alim çalışır. Onlardan bəzilərinin fəallığının zəifləməsi elmi istiqamətin göstəricilərinə dərhal təsir edir. Təsadüfi amillərdən asılı olduğu üçün elmi istiqamətlərdə gələcəkdə yaranacaq vəziyyəti proqnozlaşdırmaq mürəkkəb məsələyə çevrilir.

Azərbaycanda fizika və riyaziyyatda mövcud olan problemlər bütün digər elm sahələrinə də xasdır. Onlar arasında ən başlıcaları elmin maliyyələşməsinin tələb olunan səviyyədən aşağı, elmi kadrların orta yaş həddinin isə müvafiq dünya göstəricisindən yuxarı olmasıdır. Gənc nəsildə elmə marağın azalması da gələcəkdə böyük çətinliklərlə üzləşəcəyimizdən xəbər verir. Azərbaycan elminin bu və digər problemləri "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"sında ətraflı şəkildə araşdırılıb. Milli Strategiyanın həyata keçirilməsi nəticəsində elmin maddi-texniki və informasiya təminatı yaxşılaşmalı, alimlər aktual elmi tədqiqatlara yönəldilməli, onların sosial müdafiəsi və maddi durumu əhəmiyyətli dərəcədə yaxşılaşmalıdır. Ümid edirik ki, keçiriləcək islahatlar, tətbiq olunacaq yeniliklər bütün sahələr kimi fizika və riyaziyyat elmlərinin də inkişafında dönüş nöqtəsi olacaq.