Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək. Partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı APA-ya açıqlamasında bununla bağlı tədbirlər planı hazırlandığını deyib.
Partiyanın 17-ci ildönümünün yubiley olmadığını söyləyən M.Qurbanlı bu səbəblə geniş tədbirlərin nəzərdə tutulmadığını bildirib: "Amma sözsüz ki, bu ildönüm qeyd olunacaq. Həm partiyanın rəhbərliyi, həm də rayon təşkilatları səviyyəsində tədbirlər keçiriləcək".
Qeyd edək ki, YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilib. YAP sədrinin müavini, hakim partiyanın icra katibi və Milli Məclisin üzvü Əli Əhmədov bu partiyanın internet səhifəsinə verdiyi müsahibədə partiyadaşlarının sayını açıqlayıb. Ə.Əhmədov YAP üzvlərinin sayının 500 minə çatdığını bildirərək, Azərbaycan tarixində hələ heç bir partiyanın bu qədər üzvünün olmadığını fəxrlə qeyd edib.
|