"Xaçmaz rayonunun Uryanoba və Xraxoba kəndlərində yaşayan və Rusiya vətəndaşı olan insanlar Azərbaycan vətəndaşlığını qəbul ediblər. Ona görə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həmin kəndlərdə torpaq islahatı aparılması haqda göstəriş verib". "Media forum" saytı xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında belə deyib.
Qərib Məmmədovun izahatına görə, komitənin əməkdaşları Uryanoba və Xraxoba kəndlərində olublar, Xaçmaz rayon İH başçısı ilə birlikdə araşdırma aparıblar: "Həmin kəndlərdə torpaq islahatı üçün işlər görülür.
Qərib Məmmədov deyib ki, əvvəllər bu kəndlərdə yaşayan insanlar Azərbaycan vətənlaşlığını qəbul etməkdən boyun qaçırırdılar: "Onlar SSRİ dövründə heyvanlarını qışlamaq üçün Azərbaycan ərazisinə gətirmiş və sonra burada məskunlaşan insanlardır. İndi də heç bir əsas olmadan özlərini Rusiya vətəndaşı hesab edirdilər. Orda torpaq islahatının aparılmaması bizim vətəndaşlara problemlər yaradırdı və buna görə dəfələrlə bizə müraciət edilmişdi. Uryanoba və Xraxobada yaşayanlar nə işıq, nə qaz pulu, nə də vergi ödəyirlər. Bu, çox anormal haldır. İş o yerə çatmışdı ki, Dağıstan rayonlarının icra başçıları Azərbaycan torpaqlarına sərəncam verirlər. Bu, absurd bir işdi".
Azərbaycan - Rusiya sərhədlərinin dəqiqləşdirilməsinə toxunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri bildirib ki, sərhədlərin böyük bir hissəsi razılaşdırılıb: "Üç məntəqədə bunu dəqiqləşdirməyə ehtiyac qalıb. Biz Rusiyada olmuşuq. İndi Rusiya heyətini gözləyirik. Ekspertlər səviyyəsində iş aparılıb, xəritələrin, torpağın özü üzərində sərhədlərin dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Hökumətlərarası komissiyanın növbəti iclasında üç məntəqə ilə bağlı məsələni müzakirə edəcəyik. İşçi qrupun iclasının nə vaxt keçirilməsi bizdən asılı deyil. Ötən iclasda tapşırıq verilmişdi ki, bəzi məsələlər araşdırılsın. Artıq hər iki tərəf bu işi başa çatdırıb və materiallar hazırdır. İclasın vaxtı diplomatik yolla dəqiqləşdirilir".
Q.Məmmədovun sözlərinə görə, Gürcüstanla olan 400 kilometrlik sərhədin də 300 kilometri razılaşdırılıb. Razılaşdırılmayan hissələrlə bağlı hər iki tərəfin iştirakı ilə işlər aparılmaqdadır. Sənədlər müzakirəyə hazırdır: "Gürcüstan tərəfdən heyətin Azərbaycana səfərini gözləyirik".
|