Azərbaycan "donuz qripi" ilə mübarizəyə dünəndən orta məktəblərdən başlayıb. Bakı, Gəncə və Sumqayıtda orta məktəblər dezinfeksiya olunur. Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, pandemiya əleyhinə peyvənd aparmaq üçün artıq vaksinlərin ilk partiyası ölkəyə gətirilib və ilk olaraq risk qrupuna aid insanların peyvənd edilməsinə başlanılacaq.
Bizimlə əlaqələrin sıx olduğu ölkələrdə durum təhlükəlidir və bu epidemiya hər an bizi burulğanına ala bilər. Məsələn, bir neçə gün əvvəl Türkiyədə də "donuz qripi" kütləvi şəkildə yayılmağa başladı. Ölənlər var.
Bizə tərəfdaş ölkələrdən Ukraynada Nazirlər Kabineti A/H1N1 qripinin epidemiyası ilə əlaqədar ölkənin qərbindəki 9 vilayətdə karantin elan edib. APA-nın "UNİAN" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin növbədənkənar iclasında baş nazir Yuliya Timoşenko deyib.
O, Lvov, Ternopol və İvano-Frankovsk vilayətlərində virusa yoluxma səviyyəsinin epidemik həddə çatdığını, Zakarpatye, Volın, Çernovitsa, Xmelnitsk, Rovno və Vinnitsa vilayətlərində də qripin yayılma təhlükəsinin olduğunu açıqlayıb. Y.Timoşenko bu vilayətlərdəki bütün təhsil müəssisələrində 3 həftəlik tətil elan olunduğunu, bütün kütləvi tədbirlərin ləğv ediləcəyini, insanların bu vilayətlərdən digər vilayətlərə daşınmasına məhdudiyyət qoyulacağını bəyan edib.
İclasdan sonra jurnalistlərə açıqlama verən baş nazirin mətbuat katibi Marina Soroka 3 həftəlik tətilin ölkənin bütün təhsil müəssisələrinə şamil olunduğunu bildirib.
Ukrayna prezidenti Viktor Yuşşenko isə ölkədə "donuz qripi"ndən ölənlərin sayının 11 nəfər olduğunu açıqlayıb. Məlumata görə, dövlət başçısı 3 vilayətdə 30 min nəfərin respirator xəstəliklərə yoluxduğunu, 951 nəfərin xəstəxanalara yerləşdirildiyini söyləyib: "Bu o demək deyil ki, onlar hamısı Kaliforniya qripinə yoluxub. 32 nəfər ölüb. Onlardan 11-nin "donuz qripi"ndən öldüyü təsdiqlənib".
V.Yuşşenko qrip epidemiyasının yayıldığı vilayətlərə səyyar hospitalların göndərilməsi üçün müdafiə nazirinə tapşırıq verdiyini də deyib. O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında qrip epidemiyası ilə mübarizə planının müzakirə ediləcəyini bildirib. Prezident ölkədə pandemiya ilə mübarizə üçün kifayət qədər dərman olduğunu, əlavə ehtiyatlara ehtiyac yaranarsa, dünya ictimaiyyətinə müraciət edəcəyini vurğulayıb.
Ukrayna Regionlar Partiyasının lideri, prezidentliyə namizəd Viktor Yanukoviç isə qrip epidemiyası ilə əlaqədar ölkədə seçkiqabağı mitinqlərin keçirilməsinə qadağa qoyulmasını tələb edəcəklərini açıqlayıb. Məlumata görə, Xarkovda Malışev adına zavodda görüş keçirən V.Yanukoviç bu şəhərdə planlaşdırdığı mitinqi təxirə saldığını deyib: "Biz Xarkovdakı mitinqimizi təxirə salırıq. Çünki ora infeksiyaya yoluxmuş insanların da gəlməsi mümkündür, hava da yaxşı deyil. Biz tələb edəcəyik ki, seçki kampaniyası bitənə qədər Ukraynada kütləvi tədbirlər keçirilməsin. Onsuz da insanlar ölkədə kimin dəyərinin nə olduğunu bilir".
|