Ermənistan işğal etdiyi bölgələrdən "ən azı bir qismini" boşaltmalıdır...
 |
Bu nəsə təzə sözə bənzəyir. Düşmən isə son günlər daha da həyasızlaşıb - bütün cəbhə boyu atəşkəsi pozmaqdadır
Şənbə, 31.10.2009
|
|
Türkiyədə və Azərbaycanda ictimai fikri təlatümə gətirən Ankara-Bakı münasibətləri, "bayraq böhranı" və Qarabağ məsələsinin tənzimi ətrafındakı gəlişmələr bu həftənin gündəmini zəbt etmişdi. Bayraq böhranı çözüldü, Türkiyədən bir qrup millət vəkili başda Murad Mərcan (AKP) olmaqla, Bakıda önəmli görüşlər keçirdilər. İlham Əliyev yenə də prezident Abdulla Gül ilə telefonla danışdılar. Məsələlərimizlə əlaqəli adamlardan bəyanatlar bolluğu ilə üzləşdik. Cəbhə boyunca atışmalar intensivləşdi və bütün bunların axarında diqqəti çəkən məqamlar da oldu.
Məsələn, indiyə qədər Ankara deyirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyincə, onunla münasibətlərin normallaşması mümkün deyildir. İndi isə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Mustafa Kabakçı Bakıda deyir ki, protokolların parlamentdən keçməsi üçün Ermənistan işğal etdiyi bölgələrdən "ən azı bir qismini" boşaltmalıdır. Hər halda, bu yeni bir söz təsiri bağışlayır. Bu, İrəvana bir ismarıcdırmı? Hər halda, TBMM xarici əlaqələr komissiyasının sədri Murad Mərcan Bakıda bildirdi ki, indiki halda protokolların parlamentdən keçməsi mümkünsüzdür. Bu da bir ismarıc ola bilər.
Komissiya sədrinin fikirlərini tamamlayan Mustafa Kabakçı isə deyir: "Qardaşlar arasında zaman-zaman kiçik problemlər ola bilər. Ancaq bu, qardaşlığımızın pozulmasına, araya soyuqluq girməsinə səbəb ola bilməz. Türkiyə-Azərbaycan qardaşlığının pozulması mümkün deyil". Millət vəkili qeyd edir ki, Ermənistanla imzalanmış protokolların təsdiqlənməsi üçün parlamentə təzyiq göstərilməsi mümkünsüzdür: "Mən parlamentin üzvüyəm. Qarabağ məsələsində irəliləyiş olmadan protokolların təsdiqlənməsi ehtimalını görmürəm. Türkiyədəki və parlamentimizdəki ümumi qənaət budur. Ermənistan işğal etdiyi bölgələrdən ən azı bir qismini boşaltmalıdır".
Bizdə olan məlumatlara görə, Ermənistan tərəfi "Sürix əhvalatı"ndan sonra mövqeyini daha da sərtləşdirərək bir rayonun da dincliklə boşaldılması ilə razılaşmır. Həmsədrlər isə bizə əvvəl sülhməramlıların gəlib yerləşməsini, rayonların boşaldılıb-boşaldılmamasına isə sonra baxmağı təklif edirlər ki, Bakı bu xəbis yanaşmanı hiddətlə rədd etmişdir.
Dünən ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan Afinada görüşəcəklər (APA). Bəlli olduğu kimi, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Şurasının Afinada dekabrın 1-2-də iclası keçiriləcək.
Gələn həftə regiona gələcəklərini təsdiqləyən rusiyalı həmsədr səfərin dəqiq tarixi və marşrutunun hələlik tam razılaşdırılmadığını deyib. "Səfər zamanı prezidentlərə yeni görüş təklif edəcəksinizmi" sualının cavabında isə diplomat "Görüşlərimizin detallarını açıqlaya bilmərəm", - deyə cavab verib.
Belə ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı protokolların imzalanması Azərbaycanda Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə və ümumiyyətlə, ədalətli həllinə ciddi şübhələr yaradıb. Həm də Azərbaycan hökuməti artıq ATƏT Minsk Qrupunun həmsədrlərinə inanmır. Baş verən son hadisələr isə işğalçı Ermənistanı əməlli-başlı hərəkətə gətirib. Adətən sutka ərzində bir və ya iki istiqamətdən atəşkəsi pozan ermənilər indi az qala hər yandan hücumla hədələyirlər.
Məsələn, Ermənistan silahlı qüvvələri son iki gündə Qazax, Ağstafa, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarında bir çox mövqelərdən bizim qarşı tərəfdəki mövqelərimizi atəşə tutublar. Bizim Müdafiə Nazirliyinin sözçüləri bildirirlər ki, bütün hallarda düşmənə cavab verilib, itki yoxdur. Bu atışmalar barədə "Turan" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bütün bu gerçəkliklərə baxmayaraq, Minsk Qrupu həmsədrləri sülh axtarışında olduqlarını iddia edirlər. Türkiyə parlamentinin Bakıda olan heyəti də buradakı görüşlərini cəbhə xəttindəki bu atışmaların fonunda aparırlar.
Millət vəkili Mustafa Kabakçı protokolları imzalamaqla Qarabağ məsələsini dünyanın gündəminə gətirdiklərini söyləyib: "Protokollar imzalanarkən masanın arxasında dayanan Minsk Qrupunun həmsədr ölkələri indi vəzifələrini yerinə yetirmək məcburiyyətindədir. Onlar işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılmasını təmin etməlidir. Bu məsələdə irəliləyiş Türkiyə ictimaiyyətini rahatladacaq. İrəliləyiş olmazsa, mən bu protokolların parlamentdən keçməsinin mümkün olmadığı qənaətindəyəm. Buna da əminəm". яя
|
|
|
Oxşar xəbərlər:
Türk ordusunda sürpriz istefa
"Minsk Qrupundan başqası yoxdur"
Mustafa Sandal - barış carçısı
Uşaqlara həsr edilən teatr ömrü
|
|
|