Bəlli olduğu kimi, Türkiyə və Ermənistan arasında Sürixdə imzalanmış protokollar təsdiqlənmək üçün TBMM-ə təqdim olunub, xarici işlər naziri Əhməd Davudoğlunun bu məsələ ilə bağlı Türkiyə parlamentində çıxışı oldu. Hazırda bu protokollar parlament proseduru çərçivəsində TBMM-də xarici əlaqələr komissiyasındadır. Bu komissiyanın sədri - AKP Eskişehir millət vəkili Murad Mərcan bu günlərdə TBMM deputat heyəti ilə Bakıda oldu və açıqladı ki, bu məsələyə hələ baxılmayacaq. Maraqlıdır ki, Ermənistan da tələsmir və İrəvanda bu protokllar prosedur qaydasında parlamentə hələ təqdim olunmayıb. Əksinə, işlərin buna doğru gedəcəyinin güman olunduğu bir vaxtda Vaşinqtonda sözdə "erməni soyqırımı"nı tanıyan qətnamə yenidən Konqresə çıxarıldı. Arada isə Bakı və Ankara arasında az qala ürəkləri yatıracaq "bayraq böhranı" yaşandı və əzici bir gərginlik məsələsindən sonra mövzu "qapadıldı".
Bu yaxınlarda deputat qrupunun tərkibində Türkiyədə olmuş və Ankara siyasi çevrələrində bu aspektdə bir sıra görüşlərdə iştirak etmiş millət vəkili Qənirə Paşayevanın gəlişmələrə dair mülahizələrini bilmək istədik. Millət vəkili dedi:
- Bugünkü situasiyanı belə qiymətləndirmək olar: Türkiyə parlamentində iki böyük müxalifət partiyası - CHP və MHP bu protokolların indiki halda təsdiqlənməsinə qarşıdır. Bu iki partiya əvvəldən də buna qarşı çıxırdı, indi də öz mövqeyində qalır. Ankarada olarkən siyasi çevrələrdəki görüşlərimizdə, fərdi söhbətlərimizdə millət vəkillərinin mülahizələrini dinlədik, münasibətlərini öyrəndik, fikir mübadiləsi, məsləhətləşmələr oldu. Tək ana müxalifət partiyaları deyil, hakim AKP rəhbərliyində yer alan millət vəkilləri də indiki halda bu protokolların təsdiqlənməsini mümkün saymırlar. Protokolların hazırda verilmiş olduğu parlament komissiyasının üzvləri də biz hələ Ankaradaykən onun təsdiqlənməyəcəyini demişdilər. Onların bu niyyəti Bakıda da təkrarlandı.
Mən bu fikirdəyəm ki, bu yanaşmanı Türkiyə ictimai rəyi diktə edir və Türkiyə ictimai rəyi bizim yanımızdadır. Bu, çox önəmlidir. Sorğulardan da göründüyü kimi, ictimai rəy böyük əksəriyyətlə bu protokolların indiki halda təsdiqlənməsinə qarşıdır və Türkiyə şəraitində siyasi partiyalar ictimai rəylə hesablaşmaya bilməzlər. İctimai rəy Türkiyənin siyasi həyatında mühüm faktordur.
Millət vəkili Türkiyə ictimai rəyi ilə bizim fəal surətdə işləməyimizi vacib sayır. Qənirə Paşayeva diqqəti buna yönəldir ki, Türkiyədə Ermənistanla əlaqələrin ləngidilmədən normallaşdırılmasını istəyənlər ictimai rəyin rolunu çox gözəl bilirlər və bu gün Türkiyə ictimai rəyini öz məqsədlərinin lehinə dəyişdirməyə can atırlar. Onlar ən müxtəlif yollarla teleekranlara, radio efirinə, qəzet səhifələrinə çıxmağa çalışır və deyək ki, buna bir çox hallarda nail olurlar.
Bu arada Sürixdə protokollara atılan imzaların mürəkkəbi qurumadan, sözdə "erməni soyqırımı"nı tanıyan qətnamənin ABŞ Konqresinə çıxarılması, Kişinyovda Ermənistan prezidenti Serj Sarqsyanın sərt mövqe sərgiləməsi və bu günlərdə Dağlıq Qarabağa səfər edərək erməni əsgərlərinə səngər qazdırması və Xankəndində teleekrana çıxaraq davakarcasına danışmasına şahid olduq. Qənirə Paşayeva bu gəlişmələrə belə qiymət verir: "Bunlar əslində Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının və sərhədin açılmasının Dağlıq Qarabağın işğaldan təmizlənməsində, "soyqırım" iddialarında Türkiyəyə qarşı münasibətin yumşalmasına rəvac verəcəyi barədə məlum arqumentlərin əsassız olduğuna əyani sübutlar oldu. Ermənistan rəhbərliyinin bu davranışları bir daha göstərdi ki, Sarqsyan hökuməti qonşuları ilə normal münasibətlərə hazır deyildir. Və biz də bundan nəticə çıxarmalıyıq".
|