"Eurovision"un səsvermə qaydalarında ciddi dəyişiklik
 |
Fonoqram səhnədən tamam yığışdırılır
Şənbə, 31.10.2009
|
|
"Eurovision-2010" mahnı müsabiqəsinin səsvermə qaydalarında dəyişiklik edilib. Müsabiqənin rəsmi saytının yaydığı xəbərdə qeyd olunur ki, Avropa Yayım Birliyinin (EBU) qərarına əsasən, artıq tamaşaçılar səs vermək üçün çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmayacaqlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin SMS nömrəsinə səs göndərə biləcəklər. "Eurovision" müsabiqəsinin icraçı direktoru Svante Stokselius bildirib ki, yeni səsvermə qaydası daha məntiqlidir:
"Düşünürük ki, ifanı dinləyə-dinləyə səs verə bilmək daha yaxşıdır. Bir çox milli seçimlərdə bu təcrübədən istifadə edilir və təcrübə göstərir ki, bu tip səsvermə daha uğurla həyata keçirilə bilər. Eyni zamanda yeni qayda səsvermə zamanı sistemin yüklənməsinin qarşısını alacaq". Qeyd edək ki, "Eurovision" müsabiqəsinin səsverməsinin təşkili və səslərin toplanması üçün Avropa Yayımı Birliyi 2004-cü ildən etibarən Almaniyanın "Digame" şirkəti ilə əməkdaşlıq edir.
"Eurovision-2010" müsabiqəsinə 6 aya yaxın vaxt qalsa da, iştirakçı ölkələrdə artıq seçim turlarına start verilib. Azərbaycanda aparılan seçim turunda 10-dan çox namizəd seçilib. Onlardan birinin adı noyabrın birinci ongünlüyündə açıqlanacaq və o, mayda Osloda keçiriləcək müsabiqədə Azərbaycanı təmsil edəcək. Yarışmanın keçiriləcəyi tarixlər həm də Norveçin dövlət bayramları ərəfəsinə təsadüf edir. Dəqiq rəqəm bəlli olmasa da, Norveçin NRK telekanalının araşdırmasına əsasən, müsabiqənin təşkilinə 24 milyon avro xərclənəcək. Hazırda Avropa Yayım Birliyində (EBU) müsabiqənin qaydalarına daha bir neçə dəyişiklik müzakirə olunur. Gələn ildən fonoqramın yığışdırılması planlaşdırılır. Belə ki, səhnədə yer alan musiqiçilər hər bir ifanı canlı səsləndirməlidir. "Eurovision-2010" müsabiqəsində rəsmən 27 ölkənin iştirakı təsdiqlənsə də, bu il müsabiqənin daha bir debütantı ola bilər. Belə ki, Lixtenşteynin 1FL televiziyası da iştirak üçün öz namizədliyini AYB-yə təqdim edib.
AYB bu ölkənin müsabiqədə iştirak edib-etməyəcəyinə bu ilin dekabrında qərar verəcək. Gələn il İtaliya, Lüksemburq və San-Marino müəyyən fasilədən sonra yenidən yarışmaya qatılacaqlar. Ötən il siyasi səbəblərdən Moskvada keçirilən müsabiqədə iştirak etməyən Gürcüstan da Norveçdə təmsil olunacaq. Bununla yanaşı, "Eurovision-2010"da yer almaq istəməyən ölkələr də var. Bu siyahıda Andorra, Ermənistan, Litva və Estoniya var. Əsasən maliyyə böhranına görə müsabiqədən imtina fikrində olan bu ölkələr son qərarlarını bu ilin dekabrında açıqlayacaqlar. Macarıstan, Monako və Çexiya da "Eurovision-2010" müsabiqəsində iştirak etməyəcəklərini açıqlayan ölkələr sırasındadır. Gələn ildən Avropa Yayım Birliyi bütün iştirakçı ölkələr üçün yeni qayda tətbiq etmək qərarına gəlib. Bundan sonra müsabiqə ərəfəsində hər hansı ölkədə gizli səsvermə aparılmazsa, buna görə məsuliyyət birbaşa təşkilatçı teleşirkətin üzərinə düşəcək. Avropa Yayım Birliyi və Məşvərət Şurası qərara gəliblər ki, səsvermənin anonimliyini poza biləcək məlumatların açıqlanmasına görə iştirakçı yayım şirkəti məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi iradəsinə hörmət prinsipini təminat altına almağa yönəlib. Bu baş verməzsə, Avropa Yayım Birliyi qaydanı pozan teleşirkətə sanksiya tətbiq edə bilər. Ötən yarışmada təkcə final mərhələsində müsabiqə iştirakçılarına səs vermək hüququ qazanan münsiflər heyəti gələn ildən etibarən yarımfinallarda da səs verə biləcək. Hər iki yarımfinal və bir final mərhələsində təyin olunacaq münsiflər heyəti 50 faiz səs hüququna malik olacaq. "Eurovision-2010" müsabiqəsinə ciddi hazırlaşan Azərbaycanın aidiyyəti qurumları müsabiqə təmsilçisinin seçilməsi üçün milli seçimləri davam etdirirlər. Müsabiqə üzrə təşkilat komitəsindən bildirilib ki, yarışmaya qatılmaq istəyən gənc sənətçilərin müraciətləri nəzərə alınaraq milli seçim turundan əlavə seçim turu keçirilib. Bundan öncə olan dinləmə kimi, bu dəfə də qatılanların çıxışları lentə alınıb, onların fikirləri dinlənib və yeni namizədlərlə söhbətlər aparılıb. Azərbaycanın "Eurovision-2010" müsabiqəsindəki təmsilçisi yerli münsiflər heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə müəyyənləşdiriləcək. 2010-cu il mayın 25-də və 27-də Osloda "Eurovision" müsabiqəsinin yarımfinalları, mayın 29-da isə finalı keçiriləcək.
|
|
|
|
|
|
|