Özlərini vəzifəli şəxs kimi təqdim edərək, vətəndaşların pulunu mənimsəməkdə ittiham olunan Rüfət Süleymanov, Əhməd Seyidov, Akif Əzizov, Seymur Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. CM dələduzluq, saxta sənəd hazırlama maddələri ilə ittiham olunan dəstə üzvlərinin işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilir. Prosesə hakim İlham Mahmudov sədrlik edir.
İstintaq müəyyən edib ki, Rüfət Süleymanov 2006-2008-ci illərdə Bakı şəhərində bir qrup şəxslə, yəni Əhməd Seyidov, Akif Əzizov, Seymur Bayramovla cinayət əlaqəsinə girərək, müxtəlif şəxsləri aldatma yolu ilə onlara külli miqdarda ziyan vurmaqla dələduzluq əməli ilə məşğul olublar. Onlar özlərini vəzifəli şəxs kimi təqdim etməklə, fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədiblər.
Belə ki, 2006-cı il iyunun əvvəllərində Rüfət Süleymanov Əhməd Seyidovla cinayət əlaqəsinə girərək, Abşeron rayonu Fatmayi kəndi ərazisindən 2 hektar torpaq sahəsinə sərəncam və şəhadətnamə almaq adı ilə Fikrət Bəhram oğlu İsmayılova özlərini Xətai rayon İH işçisi kimi təqdim etməklə, 54 min ABŞ dolları, 48 min 556 manat alıblar.
Bundan başqa, təqsirləndirilən şəxslər Arzu Paşayevadan Xətai rayonu General Şıxlinski küçəsində yerləşən "Görüş" kafesinin yanında ev tikmək üçün icra hakimiyyətindən icazə almaq üçün 20 min ABŞ dolları alıblar. Həmin küçədə 57 saylı mağazanın özəlləşdirilməsi üçün mağazanın sahibi Bahadur Məhərrəmovdan 14 min ABŞ dolları alaraq mənimsəyiblər.
2007-ci ilin oktyabrında Rüfət Süleymanov özünü müxbir kimi təqdim etməklə, Əhməd Seyidov və Akif Əzizovla birlikdə tikinti işlərinin aparılması üçün Xətai rayon İH-dən icazə almaq məqsədilə Qurban Sadıqovdan 11 min ABŞ dolları alaraq mənimsəyiblər.
İstintaq sənədlərinə görə, Akif Əzizov özünü "Ekspress" qəzetinin redaktoru kimi təqdim edərək, Dövlət Neft Şirkətinin balansında olan Neft Daşlarında işə düzəltmək üçün Akif Cəlilovdan 25 min ABŞ dolları almışdır.
Bundan başqa, təqsirləndirilən şəxslər 2008-ci ilin sentyabrında Nazir Hüseyn oğlu Bayramovun pulunu ələ keçirmək məqsədilə, onun 2006-cı ildə özünə aldığı, Bakı şəhər sakini Vidadi Əsgərovun adına olan, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki 4 sot torpaq sahəsi üçün "Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" və "Daşınmaz əmlakın pasportu"nu düzəltdirəcəyini vəd ediblər. Ondan 5200 manat alaraq mənimsəyiblər.
İstintaqın hazırladığı ittihama görə, Akif Əzizov ötən il Bakı sakinləri Arif Cəbiyevdən 4 min ABŞ dolları, Nizami Quliyevdən 7500 ABŞ dolları, Rüstəm Quliyevdən 5 min ABŞ dolları, Məmməd Məmmədovdan 4 min ABŞ dolları alaraq, onları Dövlət Neft Şirkətində işə düzəldəcəyi ilə aldadıb və vətəndaşların verdikləri pulları isə mənimsəyib.
Bundan başqa, Bakı şəhər sakini Rəna İsmayılovadan qızı Fidanı tibb bacısı, oğlu Rəvanı Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentində işə düzəldəcəyinə söz verərək onu inandırıb. Akif Əzizov İsmayılovadan 4 min ABŞ dolları alıb və deyib ki, qızını tibb bacısı təyin etdirmək üçün 1500 ABŞ dolları, oğlunu müfəttiş təyin etdirmək üçün 2113 ABŞ dolları ödənməlidir. Lakin Əzizov vədinə əməl etməyib və İsmayılovanın verdiyi pulları mənimsəyib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət Süleymanov qeyd edib ki, 2003-cü ildə Moskvadan Bakıya qayıtdıqdan sonra torpaq alğı-satqısı ilə məşğul olub. Onun sözlərinə görə, 2007-ci ilin noyabrında Nərimanov rayon Məhkəməsində CM-nin saxta sənəd hazırlama (320.1) maddəsi ilə ittiham olunaraq, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və cəzasını 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib.
Rüfət Süleymanov ifadəsində daha sonra qeyd edib ki, 2007-ci ilin oktybarında əvvəllər tanıdığı və ev alğı-satqısı ilə məşğul olan Eldar ona müraciət edərək, Qurban adlı şəxsin Xətai rayonu N.Tusi küçəsi 46 ünvanında yerləşən mağazanı özəlləşdirmək istədiyini bildirib. Onun sözlərinə görə, əvvəllər tanışı Əhmədin vasitəsi ilə bir mağazanı özəlləşdirdiyindən, həmin mağazanı da Əhmədin köməyi ilə özəlləşdirə biləcəyini deyərək, Qurbanla həmin mağazada görüşüb: "Qurban mənə mağazanın arxasındakı torpaq sahəsində tikinti işlərinin aparılması üçün sənəd alınmasının vacibliyini bildirdi. Səhəri gün Qurbandan Eldarın və sürücüsü işləyən Rafiqin yanında əvvəlcə 5 min ABŞ dolları, təxminən 15 gün sonra isə 6 min ABŞ dolları aldım".
Rüfət ifadəsində göstərib ki, Əhmədi 2006-cı ildən tanıyır və ona 42 min 500 ABŞ dolları borcu olub. Onun ifadəsinə görə, Qurbana olan borcunu qaytara bilmədiyindən Əhmədə müraciət edib: "Əhməd isə Qurbanı Xətai rayon İcra Hakimiyyətinin yanına çağırmağı mənə tapşırdı. Mən də Qurbanı, eləcə də inandırıcı olsun deyə Eldarı və Rafiqi də icra hakimiyyətinə dəvət etdim. Əvvəlcədən razılaşdığımız kimi, Əhməd icra hakimiyyətinin binasına daxil oldu və oradan mənə zəng edərək, sərəncamın hazır olduğunu, orada əlavə olaraq 100 ABŞ dolları istədiklərini dedi. O, həmin pulun verilməsini bildirdi. Bundan sonra Əhməd özü kompüterdə yazıb çıxardığı saxta sərəncamı gətirərək, icra hakimiyyətinin həyətində Qurbana verdi. Əhməd mənə dedi ki, belə variantı təşkil edərək, onları aldadıb və bu işin müqabilində Əhməd mənim onda olan pulumu qaytarmayacağını bildirdi".
Təqsirləndirilən Əhməd Seyidov ifadəsində bildirib ki, 2008-ci il sentyabrın ortalarında Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olarkən orada işləyən Akif Səfərov ona Xətai rayon İH-nin sərəncamı ilə torpaq sahəsinə texniki pasport almaq istədiyini bildirdi: "Mən texniki pasportun alınması üçün 2500 manata razılaşdım. Akif Nəcəf adlı şəxsə zəng edərək, birlikdə görüşdük. Nəcəf həmin torpağın Ramin adlı şəxsə məxsus olduğunu bildirdi. Bundan sonra mən Vidadi Əsgərovun adına olan sənədlərin surətlərini Mərkəzi Arxiv İdarəsinə apardım".