Milli Məclisin "Əmək pensiyaları haqqında" qanuna etdiyi dəyişikliklə kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir. Əvvəlki qanunda isə 3 uşağı olanlar 51, 4 uşağı olanlar 50, 5 uşağı olanlar 49, 6 uşağı olanlar 48, 7 uşağı olanlar 47, 8 uşağı olanlar 46, 9 uşağı olanlar 45, 10 və daha çox uşağı olanlar isə 44 yaşına çatdıqda pensiyaya çıxmaq hüququ qazanırdı.
"Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklərin əleyhinə çıxan millət vəkili Əli Məsimli hesab edir ki, pensiya yaşının artırılması orta yaş həddi 80-dən yuxarı olan, qocalma prosesi sürətlə gedən və işçi qüvvəsinə tələbat olan ölkələrdə tətbiq edilir: "Əmək bazarında yaşlı nəslin əməyinə ehtiyac olduqda pensiya yaşı artırılır. Amma Azərbaycan üçün faktiki reallıq budur ki, gənclər arasında çox böyük işsizlik var, xüsusən bölgələrdə. Azərbaycanda gənclərin əməyinə daha çox ehtiyac var".
İqtisadçının izahatı: SSRİ dövründə pensiyaya çıxan maaşının 50-dən 100 faizinə qədərini alırdı. Azərbaycanın hazırda qoşulduğu konvensiyalara görə, pensiya orta əməkhaqqının 40 faizindən aşağı olmamalıdır. Amma Azərbaycanda pensiya orta əməkhaqqının 35 faizi səviyyəsindədir. Bu gün orta pensiya həddi 96 manatdırsa, pensiyaçıların əksəriyyəti bundan aşağı alırlar. 75-80 manat alanların sayı daha çoxdur. Pensiyaların 5-10 manat artırılması da pensiyaçının yaşayışının yaxşılaşmasına səbəb olmur.
Əli Məsimlinin fikrincə, pensiya yaşının artırılması sosial ədalətsizliyin artmasına gətirib çıxaracaq. Millət vəkili bildirdi ki, son illərin statistikasını götürsək, qadınların orta ömrü uzanmayıb. Kişilər arasında isə 60 yaşa çatmamış ölənlərin sayı artıb. Güzəştə getmək olardı: "Kişilərdə 62 yaş qalır. Qadınlarda 57 yaş qalır. Bundan sonra İsveç variantı tətbiq olunur. Kişilərin 63 yaşadək, qadınların 60 yaşadək işləməsinə heç kəs mane olmur. Bununla həm narazıların, həm də razıların istəyi təmin olunur".
Millət vəkili Vahid Əhmədov da dəyişikliklərlə bağlı narahatlığını ifadə etdi: "Nə baş verir ki, biz yaş həddini artırırıq? Mən başa düşürəm, maliyyə böhranı var, Dövlət Sosial Müdafiə Fondunun yığımları ilə bağlı problemləri var. Bu gün deyilir ki, Azərbaycanda insan pensiyaya çıxanda 16 il pensiya alır. Amma faktiki olaraq, bu rəqəm düzgün deyil. Hardasa 10-11 il pensiya alır. Belə bir yaş həddinin dəyişdirilməsi çətin dövrə təsadüf edir. Bu, insanların həyat şəraitinə ciddi təsir edəcək".
Müxalifəti təmsil edən millət vəkilləri sərt çıxışlar etsələr də, sözügedən qanun qəbul edilib. Lakin onlar ölkə başçısına müraciət edərək qanunu imzalamamağa çağırıblar.