İki həftəyə yaxındır dəmiryol biletlərinin bahalaşdırılacağı müzakirə edilir. "Azərbaycan Dəmir Yolları" QSC bu məqsədlə Tarif Şurasına müraciət edib. Cəmiyyətin sədri Arif Əsgərovun sözlərinə görə, bu, rəhbərlik etdiyi qurumun Tarif Şurasına növbəti müraciətidir.
Əsgərovun fikrincə, dəmiryol daşıma qiymətləri digər nəqliyyata nisbətən həddən artıq ucuzdur. Bu da onların işinə maneçilik törədir: "Qiymətlərin aşağı olması Azərbaycan Dəmir Yolunun inkişafında problemlər yaradır. Ona görə də Tarif Şurasına müraciət etmişik. Müraciətə baxılacaq və müəyyən qərar qəbul ediləcək".
Dəmiryol nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı layihəsi hazırdır. Yaxın günlərdə sənəd Prezident Administrasiyasına təqdim ediləcək. Deyilir ki, dəmiryolun inkişafı ilə bağlı investisiya qoyuluşu davam etdiriləcək. Növbəti beşillik proqram çərçivəsində dəmiryolların inkişafına 1 mlrd. dollardan artıq investisiya qoyulacaq.
Dünya Bankı Azərbaycan dəmir yollarının modernləşdirilməsinə vəsait ayırmağa razılıq verib. Arif Əsgərovun sözlərinə görə, DB artıq 450 milyon dollar vəsait ayırmağa razılıq verib. Bu vəsaitin əsas hissəsi 3 istiqamətə xərclənəcək: dəmiryolun enerji sistemi dəyişdiriləcək, rabitə və işarə sistemi müasirləşdiriləcək, 50 təzə dəyişən cərəyanlı elektrovoz alınacaqdır.
Bundan başqa, hökumətin hazırda Çexiyanın "Export" bankı ilə apardığı danışıqların nəticəsində həmin bankdan 215 milyon avro vəsait ayrılacaq. Bu vəsait isə yol təsərrüfatının yeniləşdirilməsinə, Bakı - Böyük Kəsik hissəsinin təmirinə sərf olunacaq. Yeni qatarların alınması da nəzərdə tutulur. Çexiya İxrac Bankının beynəlxalq əlaqələr üzrə direktoru Miloslav Dudek danışıqların müsbət nəticə verəcəyinə əmin olduğunu bildirib. Bankın kredit portfelində Azərbaycana verilən kreditin həcmi 3,48 faiz təşkil edir.
Sürət qatarlarının tətbiqi ilə bağlı danışıqlar da davam etdirilir. Bununla bağlı Koreya ekspertləri Azərbaycanda araşdırmalar aparıb. İş müəyyən səbəblərdən hələlik dayanıb. Ekspertlər isə qiymətləndirmələri aparmaqda davam edir. Arif Əsgərov deyir ki, sürət qatarlarının tətbiqi ilə bağlı proses maliyyə böhranı ilə əlaqədar dayandırılmayıb.
|