Hökumətin pul kisəsi boşalıb
 |
Gələn ilin büdcə layihəsində 2 mlrd. azalma göstərir ki, qeyri-neft sektoru çox zəifdir
Şənbə, 31.10.2009
|
|
Bəllidir ki, 2010-cu ilin dövlət büdcəsi layihəsi və qarşıdakı 3 ilin sosial-iqtisadi inkişaf göstəricilərinə dair proqnozlar Milli Məclisə təqdim olunub. Ölkənin ali maliyyə sənədi noyabrda müzakirəyə çıxarılacaq. Bu büdcə əvvəlki ilin büdcə zərfi ilə müqayisədə 2 mlrd. manat az olsa da, sosial və investisiya yönümlü layihələrin icrası üçün maliyyə tutumuna görə fərqlənir. 2010-cu ilin dövlət büdcəsində gəlirlər 10 mlrd. 015 mln. manat (ÜDM-in 31,5 faizi), xərclər isə 11 mlrd. 264 mln. manat (ÜDM-in 35,4 faizi) proqnozlaşdırılır.
MM İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədovun fikrincə, gələn ilin büdcə zərfi bu illə müqayisədə az olsa da, nəzərdə tutulan bütün layihələrin davam etdirilməsinə təminat verir. Yeni ilin büdcə layihəsi ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanması, sosial-iqtisadi islahatların davam etdirilməsi, əhalinin maddi rifahının təmini və sosial şəraitin yaxşılaşması, investisiya qoyuluşlarının həyata keçirilməsi, iqtisadiyyatın diversifikasiyası ilə bağlı tədbirləri nəzərdə tutur.
Onun qənaətincə, inkişaf etmiş dövlətlərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə baxmayaraq, Azərbaycanda artım meyillərinin nəzərə çarpması büdcə gəlirlərinin tam formalaşmasına imkan yaradır.
İqtisadçı yeni büdcə layihəsində həm də dünya iqtisadiyyatında növbəti illərdə gözlənən meyillərin də nəzərə alındığını deyir. Belə ki, 2010-cu ilin dövlət büdcəsi layihəsi qloballaşan dünyada və maliyyə bazarlarında böhran səviyyəli sarsıntılar dövründə, neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin gözlənilmədən və sürətlə dəyişdiyi bir vaxtda tərtib edildiyindən hökumət büdcənin formalaşması ilə bağlı mövcud reallığı və gələcəkdə dünya maliyyə bazarlarında baş verə biləcək gözləntiləri nəzərə alıb. Buna görə də yeni ilin büdcə layihəsi "təmkinli və mühafizəkar büdcə" kimi də dəyərləndirilir.
Azərbaycan İqtisadçılar İttifaqının vitse-prezidenti Elşad Səmədzadə isə bu fikirdədir ki, 2010-cu ilin büdcə layihəsində sosial məsələlərə xüsusi yer verilib. Əhalinin sosial təminatı ilə bağlı müddəalar prioritet kimi nəzərə alınır. Məsələn, 2010-cu ilin büdcə layihəsində sosialyönümlü xərclərin çəkisi isə 34,4 faiz (3 milyard 878 milyon manat) proqnozlaşdırılır ki, bu, 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur.
Digər tərəfdən, büdcədə bütün sosial layihələrə və elm, təhsil, səhiyyə və digər tədbirlərə daha çox diqqət yetirilir. 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edəcək.
Elşad Səmədzadə qeyd edib ki, gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 6792,2 milyon manat təşkil edir ki, bu da ümumi xərclərin 60,3 faizi deməkdir.
Büdcədə infrastruktur və investisiya layihələrinin məbləği çox cüzi azaldılsa da, xərclər bölməsində xüsusi paya malikdir. Belə ki, büdcənin əsaslı xərcləri 4386,3 milyon manatdır ki, bu da məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə imkan verir. Həmin vəsaitlər hesabına dövlət investisiya qoyuluşları, əsaslı tikinti, təmir-bərpa, quruculuq işləri və digər layihələri həyata keçirmək mümkün olacaq. Gələn il inflyasiya 3 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da əhalinin pul gəlirlərinin 15 faizlik artımı nisbətində mühüm sosial irəliləyişə səbəb olacaq.
Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq Təşkilatının sədri, iqtisad elmləri namizədi İlham Hüseynlinin 2010-cu ilin büdcə layihəsi ilə bağlı fikirləri gerçəkliyə çox yaxındır. Onun fikrincə, gələn ilin büdcə layihəsində ötən ilkinə nisbətən 2 milyarda yaxın azalmanın olması hökumətin səmimi olmadığını faktla təsdiqləyir: "Qlobal maliyyə böhranının Azərbaycana təsir etmədiyi fikrinin əsassız olduğu aşkara çıxır. Deməli, qlobal böhran bizə təsir edib. Müstəqil iqtisadçılar hər zaman deyirdilər ki, hökumət böhranın bütün sektorlara təsirini etiraf etməlidir. Son illər dövlət büdcəsi neft gəlirləri hesabına artan xətlə yüksəlirdi. Yerli ekspertlər və ciddi beynəlxalq maliyyə qurumları isə deyirdilər ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Qəribədir ki, vaxtilə hökumət bu sektorun inkişaf etmədiyini etiraf etsə də, son vaxtlar, əksinə, sözügedən sektorun "çiçəkləndiyini" bəyan edir. Bəs bu halda niyə büdcənin azalması neftin qiymətinin aşağı olması ilə əlaqələndirilir. Niyə neft gəlirləri olmayan Estoniyada büdcə xərcləri artır, bizlər isə neftin qiymətinin azalmasından qorxaraq işimizi ehtiyatlı tutmaq zorundayıq?"
İqtisadçı ekspert hesab edir ki, neftin satışının pik dövrünə çatmışıq. Onun fikrincə, bu günə qədər digər sahələr elə inkişaf etməli idi ki, onların hesabına büdcə 2 mlrd. azalmasın. Heç olmasa azalma baş verməməli idi! Burada da real fakt ortadadır. Qeyri-neft sektorumuz inkişaf etdirilməyib...
"Mühafizəkar", "qənaətcil", "sosial yönümlü büdcə" və s. Belə bir fikir var ki, bu təyinlər yeni büdcədəki azalmanı diqqətdən yayındırmaq üçün düşünülüb. İlham Hüseynli isə düşünür ki, 2 mlrd. azalma hökumətin pul kisəsinin boşaldığını göstərir. Bunu belə əsaslandırır: sosial yönümlülük onda özünü ifadə edir ki, səhiyyədə, təhsildə, elmdə və s. xərclər yüksək olur. Təhsilə, səhiyyəyə ayrılan vəsaitdə xüsusi artım yoxdur. Elmə ayrılan xərclər azalıb...
Yəni bu rəqəmlər büdcənin sosial yönümlü olmadığını göstərir. "Sadəcə, sərt gerçəklik məcbur edir ki, vəsaitin daha çox mənimsənildiyi investisiya xərcləri azaldılsın. Ümuminin fonunda sosial yönümlü sektorların çəkisi artıb. Faktiki olaraq isə artım yoxdur. Sadəcə, bəzi istiqamətlərdə cüzi artım var". İlham Hüseynli belə bir qiymət verir.
Gələn ilin büdcə layihəsində neftin qiyməti 40 ABŞ dolları ilə götürülür. Buna münasibətini açıqlayan təşkilat sədri deyir ki, risklərin nəzərə alınması təqdirəlayiqdir. Xatırladaq ki, neftin qiyməti böhranın ən qızğın dövründə 40 dollara düşmüşdü. Müsahibimin fikrincə, hazırda dünya birjalarında neftin qiyməti 70-80 dollar arasında olduğundan risk amilini çox yüksək qiymətləndirmək düzgün deyil. Yəni neftin qiymətini 50-60 dollar da götürmək olardı.
Onu da xatırlatmaq yerinə düşər ki, neftin qiyməti 40 dollardan yuxarı olacaqsa, dövlət büdcəsinə əlavə vəsaitlər gələcək. Həmin vəsait büdcədə gəlir kimi nəzərdə tutulmadığından pullar Dövlət Neft Fonduna yönəldiləcək. Bəzi iqtisadçılar hesab edirlər ki, bu vəsaitin xərclənməsində problem yarana bilməz. Çünki büdcədə əlavə vəsaitlərin xərclənməsi nəzərdə tutulmasa da, prezidentin xüsusi sərəncamları ilə müəyyən proqramlar və layihələr üzrə xərclənə bilər.
İqtisadçı ekspert İlham Hüseynli deyir ki, adları bər-bəzəkli proqramlar, layihələr insanların həyatını yaxşılığa doğru dəyişmir. Çünki ölkədə korrupsiyanın səviyyəsi yüksəkdir, ictimai vəsaitlərin xərclənməsində şəffaflıq qorunmur və dövlət orqanlarının özündə nəzarət sistemi yox dərəcəsindədir. Bu da əlavə vəsaitlərin sosial proqramlara ayrıldığı təqdirdə belə onun sadə insanların həyatını yaxşılığa doğru dəyişdirəcəyinə ümid yaratmır.
|
|
|
Oxşar xəbərlər:
Büdcəyə vergi daxilolmaları arta bilər
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Neftin qiyməti yenə də qalxarsa...
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
Orduda itkilərin qarşısını necə almalı?
|
|
|