çap et  
"Azərbaycanda çörəyin qiyməti aşağı salınmalıdır"
"Azərbaycanda çörəyin qiyməti aşağı salınmalıdır"
Nazir İsmət Abbasov sahibkarları buna çağırdı
Şənbə, 31.10.2009


Azərbaycanda çörəyin satış qiymətinin aşağı salınmasına zərurət yaranıb. "APA-Economics"in xəbərinə görə, bu fikri dünən keçirdiyi mətbuat konfransında kənd təsərrüfatı naziri İsmət Abbasov səsləndirib.

Nazirin sözlərinə görə, həm ölkədə taxıl istehsalı artıb, həm də dünya bazarlarında taxılın satış qiyməti aşağı düşüb: "Bu il taxılın satış qiyməti təxminən 2 dəfə ucuzlaşıb. Bu da çörəyin qiymətinin aşağı salınmasına stimul verir. Hesab edirəm ki, sahibkarlar bu məsələyə baxmalıdırlar".

İsmət Abasov bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində xüsusi araşdırmaların aparıldığını və qiymətin aşağı salınmasının sahibkarların zərərinə olmayacağını bəyan edib.

Cari il Azərbaycanda 2,1 mln. tondan artıq ərzaq buğdası istehsal olunub. Cari ilin yanvar-sentyabr aylarında isə Azərbaycana 699.136,4 ton buğda və 31.522,6 ton un idxal edilib.

İsmət Abbasov bu il Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında azalma olduğunu bildirib. Faiz göstərməsə də, İsmət Abbasov ən çox azalmanın pambıqçılıqda olduğunu qeyd edib. Nazir havaların pis keçməsi və təbii fəlakətlər nəticəsində bostan məhsullarının istehsalında da müəyyən azalmanın müşahidə olunduğunu qeyd edib.

"Bütün bunlarla yanaşı, ilk dəfə çayçılıq və tütünçülükdə müəyyən artım müşahidə olunmağa başlayıb", - deyə İsmət Abbasov əlavə edib.

İsmət Abbasov ümumilikdə kənd təsərrüfatı sektorunda cari ilin 9 ayının yekunlarına əsasən 3% civarında, o cümlədən heyvandarlıqda 2,2% artımın qeydə alındığını və ilin sonuna bunun bir qədər də artacağını vurğulayıb.