Serbiyanın Novi Sad şəhərində kişi və qadın şahmatçılardan ibarət komandalar arasında 17-ci Avropa çempionatına yekun vurulub.
Kişilərdən ibarət komandamız yarışa ilk turda Avstriyanı 3:1 hesabı ilə məğlub etməklə başlayıb. Komandamız daha sonra İngiltərə (2,5:1,5), Almaniya (2,5:1,5), İsrail (2,5:1,5) və Gürcüstan kollektivlərinə üstün gəlib. Ardıcıl beş qələbədən sonra 10 xalla birinci pillədə qərarlaşan kişi şahmatçılarımız VI turda Rusiya komandası ilə sülh bağlayıb - 2:2.
İlk turda Fransa ilə xalları yarı bölən (2:2) xanım şahmatçılarımız, ardınca Serbiyanı (3,5:0,5) İspaniyanı (2,5:1,5) və daha sonra Rumıniya kollektivini (3,5:0,5) üstələyiblər. İlk 4 turda məğlubiyyətin nə olduğunu bilməyən azərbaycanlı xanımlar növbəti iki turda Ermənistan və Gürcüstan komandaları ilə heç-heçə oynayıblar - 2:2
Avropa çempionatının VII turu komandalarımız üçün uğursuz olub. Kişilərdən ibarət komandamız həmin tur ən prinsipial oyununa çıxıb. Şahmatçılarımız Ermənistan qrossmeysterləri ilə qarşılaşıblar və uduzublar - 1,5:2,5. Qadın şahmatçılarımız isə Rusiya komandasına böyük hesabla məğlub olublar - 0:4 Bu, milli komandalarımızın çempionatda ilk məğlubiyyəti olub. Bu uğursuzluqdan sonra kişi şahmatçılarımız Polşa komandasını məğlub ediblər - 3:1, xanım şahmatçılarımız isə yunan həmkarları ilə xalları bölüblər- 2:2.
Dünən yarışın sonuncu, IX turu Azərbaycanın kişilərdən ibarət yığması üçün çox əhəmiyyətli olmalıdır. Məsələ bundadır ki, axşam saatlarında başa çatacaq turun nəticəsindən asılı olaraq, milli komandamız çempion, yaxud gümüş medalçı və ya bürünc mükafatçı olacaq. Hər halda, son turda Hollandiya ilə görüşdə qazanacağımız 1 xal sayəsində ən azı gümüş medala sahib çıxacağıq.
Yeri gəlmişkən, Hollandiya qitə çempionatında uduzmayan iki komandadan biridir. Lakin daha böyük uğur qazanmaq imkanımız da var. Son turda Rusiyanın İspaniyaya məğlub olacağı, Azərbaycanın isə qalib gələcəyi təqdirdə, komandamız tarixində ilk dəfə Avropa çempionu titulunu qazanacaq.
Xanımlarımızın fəxri yerləri tutmaq şansı çox cüzidir. Çünki son tur ərəfəsində bürünc mükafata 9 iddiaçı var. Son şansından istifadə etməsi üçün qadın şahmatçılarımız Sloveniya ilə qarşılaşmadan qalib ayrılmalıdırlar.
|