Dünən Ağdamın Quzanlı qəsəbə stadionunda keçirilən "Qarabağ" - "Xəzər-Lənkəran" matçı ilə Unibank Premyer Liqasının IX turu başlanıb.
Turun açılış oyununda görüşən baş məşqçilər Qurban Qurbanov ("Qarabağ") və Ağasəlim Mircavadov ("Xəzər-Lənkəran") bir-birilərini yaxşı tanıyırlar. 37 yaşlı Qurbanov sonuncu çempionluğunu məhz Mircavadovun rəhbərliyi altında qazanıb. 2005-ci ilə təsadüf edən bu uğur zamanı Mircavadov "Neftçi"nin baş məşqçisi, Qurbanov isə komandanın kapitanı idi. Odur ki, bu oyun müəllim-tələbə qarşılaşması kimi də yadda qaldı.
İlk dəqiqələrdən sürətli başlayan oyun zamanı hər iki komanda meydanın mərkəzində nəzarətə yiyələnməyə çalışıb. Lakin tədricən "Qarabağ"ın üstünlüyü hiss olunub. Buna baxmayaraq, birinci hissədə hesab açılmayıb. İkinci hissədə Qurban Qurbanovun oyunçu dəyişikliyi bəhrəsini verib. İkinci hissənin başa çatmasına 10 dəqiqə qalmış meydanaяçıxan Rauf Əliyev Vüqar Nadirovun ötürdüyü topu baş zərbəsi ilə "Xəzər-Lənkəran"ın qapısından keçirib. Beləliklə, "Qarabağ" 1:0 hesabı ilə qalib gələrək turnir cədvəlində birinci pilləyə yüksəlib.
Bu gün və sabah keçiriləcək daha 5 oyunla tur başa çatacaq: "Qəbələ" - "Bakı", "Simurğ" - "İnter", "Neftçi" - "Karvan", "Muğan" - "Turan", "Standard" - "Olimpik-Şüvəlan".
Azərbaycan Unibank Premyer Liqasının cari mövsümündə növbəti baş məşqçi debütü bu turda rəsmiləşəcək. Bir həftə əvvəl Sumqayıtın "Standard" klubunun baş məşqçisi təyin edilən Böyükağa Hacıyev 792 gündən sonra milli çempionatımıza qayıdacaq. İstefaya göndərilən Valdas İvanauskası əvəzləyən 51 yaşlı Hacıyev 2007/08 mövsümünün əvvəlində "Bakı"dan istefaya getmişdi.
Ötən həftənin istirahət günləri isə Unibank Premyer Liqasının VIII turuna yekun vurulub. "Qarabağ"ın Yevlaxda xal itirməsi, "İnter"in vahid liderə çevrilməsinə imkan yaradıb. Kaxaber Sxadadzenin komandası bu fürsətdən məharətlə yararlanıb - səfərdə çıxış etməsinə baxmayaraq, paytaxt komandası növbəti qələbəsini qazanıb.
Azərbaycanda yenicə çalışmağa başlayan Bülent Korkmaz isə "Bakı"nın baş məşqçi postunda ardıcıl ikinci dəfə məğlubiyyətlə üzləşib. Çempion Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"yə təslim olub. Bu, "Neftçi"nin baş məşqçisi Vaqif Sadıqovun yeni komandasında ilk qələbəsi kimi yadda qalıb. Liderlər qrupunda yer alan "Simurğ" Lənkəranda "Xəzər-Lənkəran"ın qonağı olub. İndiyə kimi heç vaxt Lənkəran komandasına üstün gələ bilməyən "Simurğ" bu dəfə də məğlubiyyətlə barışıb. Turun nəticələri ilə tanış olun: "Xəzər-Lənkəran" - "Simurğ" - 3:0, "Olimpik-Şüvəlan" - "Muğan" - 0:0, "İnter" - "Stantad" - 4:2, "Bakı" - "Neftçi" - 0:2, "Karvan" - "Qarabağ" - 1:1, "Turan" - "Qəbələ" - 0:1.
|