Ağcabədidə fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyi yenidən qurulacaq. Muzey rəhbərliyinin açıqlamasıa görə, 30 yaşlı muzeydə bərpa işlərini dövlət başçısının muzey işinin təşkili ilə bağlı imzaladığı müvafiq sərəncama əsasən, 2010-cu ildə həyata keçirmək planlaşdırılır.
Öyrəndik ki, hazırda muzeydə 5000-dən çox eksponat qorunmaqdadır. Qədim əşyalar və qiymətli bəzək-zinət nümunələri 8 müxtəlif otaqda baxışa təqdim olunur:
"Hər bir otaq ayrı-ayrı tarixi dövrləri özündə əks etdirir. Muzeyin ən qədim eksponatları isə ötən yay arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları məişət əşyalarıdır".
Məlumatda qeyd olunur ki, muzeyin binası həmin nümunələri qorumaq üçün yararlı deyil. 1980-ci ildə inşa olunan binanın işıqlandırılmasını təmin etmək üçün dam örtüyünün bir qismi şəffaf şüşədən qurulub. Bu səbəbdən də buludlu və yağmurlu havada otaqlar qaranlıq və rütubətli olur. Muzey rəhbəri bildirdi ki, fəaliyyət göstərdiyi müddət ərzində bura kifayət qədər qədim əşyalar, tarixi sənədlər və materiallar toplanıb. Hər gün sənət ocağına onlarca ziyarətçi üz tutur. Muzey rəhbəri qeyd etdi ki, tarixsevərlər yaxın gələcəkdə eksponatları müasir binada izləyə biləcəklər.
|