Builki konsert mövsümünü maraqlı tədbirlər və konsert proqramları ilə başlayan Heydər Əliyev Sarayı (Ramazan bayramına, Uşaq ilinə həsr olunan "Bizim Rəngarəng Dünyamız" konsertləri) ənənəsini davam etdirir. Sarayın mətbuat əlaqələndiricisinin məlumatına görə, növbəti konsert proqramı muğam həvəskarları üçün nəzərdə tutulub.
YUNESKO tərəfindən "Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri" siyahısına daxil edilən muğam sənətimizin gənc ifaçıları paytaxtın mərkəzi səhnəsində 8 noyabrda "Gəncləşən muğam" adlı konsert təqdim edəcəklər.
Konsert proqramı xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında baş tutacaq. Musiqili gecədə əməkdar artist Təyyar Bayramov, gənc və istedadlı muğam ifaçıları Elməddin İbrahimov, Arzu Əliyeva, Kənan Hüseynov, Aida Əliyeva, Elnur Zeynalov, Qızılgül Babayeva, Elşad Aydınoğlu, Günay İmamverdiyeva, Şəmsəddin İbrahimov, Oksana Aslanova, Vüqar Musayev, Xəyalə Abdullayeva, Sabir Həsənov, Ülviyyə Rəhimova, Ələkbər Əkbərov, Aytən Məhərrəmova, Anar Məmmədov, Malik Həsənov, Şaiq İbayevin ifasında Azərbaycanın xalq mahnıları və muğamları səsləndiriləcək.
Gənc xanəndələri tarda Rövşən Qurbanov, Rəşad İbrahimov, Ədalət Behbudov, Altay Niftəliyev, kamançada Elnur Mikayılov, Təbriz Yusifov, Pərviz Behbudov, Araz Ağaverdiyev və instrumental ansambl müşayiət edəcək. Konsertin aparıcısı əməkdar artist Azad Şükürovdur. Muğam gecəsinin biletləri bu ayın 24-dən satışa çıxarılıb.
|