Türkmənistanda noyabrın 3-dən 6-dək Azərbaycan mədəniyyəti günləri keçiriləcək və ölkəmizi təmsil edən incəsənət ustaları sırasında muxtar respublikadan 60 nəfərlik sənətçi və rəssam var. Muxtar Respublika Dövlət Filarmoniyasının xəbərində qeyd olunur ki, bu musiqi ocağının Mahnı və Rəqs Ansamblı təqdim ediləcək proqramın son məşqlərini edir.
Sözügedən tədbirdə naxçıvanlı incəsənət ustalarının çıxışı təsadüfi deyil. Oktyabrın əvvəlində Naxçıvanda Türk dövlətləri başçılarının 9-cu sammitində təqdim edilən uğurlu konsert bu dəvətə rəvac verib.
Noyabrda Türkmənistanda təqdim ediləcək proqrama rəqs qrupunun ifası ilə yanaşı, "İldırımlı yollarla" baletinin nümayişi, eyni zamanda "Leyli və Məcnun" operasından parçalar daxil edilib. Bundan əlavə, naxçıvanlı musiqiçilər tərəfindən milli rəqslərimiz, "Sarı gəlin", "Ceyran" kimi xalq mahnıları və iki türkmən mahnısı təqdim ediləcək.
Tədbir çərçivəsində rəssamların da əl işləri nümayişə çıxarılacaq. Fırça ustaları əsasən boyakarlıq janrı və dekorativ sənət örnəklərini sərgiləyəcəklər.
|