![]() |
çap et |
|
|||
Hazırda Azərbaycanda 152 500 ailə, təxminən 700 min nəfərə yaxın ailə üzvü ünvanlı dövlət sosial yardımı alır. Yardım təyin olunan ailələrin 90 faizi uşaqlı ailələr, yardım alan ailə üzvlərinin 50 faizi uşaqlardır. Ünvanlı sosial yardım ödənilən ailələrin 45 faizi üç və daha çox uşağı olan ailələrdir. Bu gün ölkədə hər bir ailəyə düşən ünvanlı yardımın məbləği isə 107 manatdır.
Ünvanlı sosial yardım alan ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini narahat etməyə başlayıb. Qurumun yoxsulluq problemləri və ÜSY siyasəti şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, dövlət tərəfindən aztəminatlı ailələrə verilən pul yardımının həm mənfi, həm də müsbət tərəfləri var. Müsbət cəhəti odur ki, həmin ailələrə dövlət tərəfindən dəstək verilir. Mənfi cəhəti isə odur ki, bu ailələr "yoxsulluq tələsi"nə düşə bilər. Bu o deməkdir ki, onlar oturub bu yardımı gözləyəcəklər. Yəni dövlətlə birgə həmin ailələr də aktiv olmalı, hər bir ailə başçısı öz ailəsi qarşısında məsuliyyət daşımalı, hansısa bir addım atmalıdır. Araşdırmalardan məlum olub ki, ünvanlı sosial yardım alanların 20 faizi 4-5-ci dəfə yardım alanlardır. Təbii ki, bu da narahatlıq yaradan amildir. Yaranmış vəziyyətin qarşısını almaq üçün nazirlik yeni layihələr üzərində işləyir. Qurum bu layihələrin tətbiq olunacağı kontingenti müəyyənləşdirməyə çalışır. N.Qasımov: "Hazırda bazada ən aztəminatlı ailələrlə bağlı xeyli məlumat toplanıb. Biz tez-tez bu bazanı təhlil edirik. Hazırladığımız Dövlət Proqramı çərçivəsində həmin ailələr üçün aktiv tədbirlər düşünürük. İstəyirik ki, onlarla fərdi şəkildə layihələr həyata keçirək və onların yoxsulluq vəziyyətindən çıxıb normal yaşaması üçün şərait yaradaq". Maraqlıdır ki, ünvanlı sosial yardım alanların əksəriyyəti ona təklif edilən işlə məşğul olmaq istəmir. Bu məsələ xüsusən də cənub bölgəsində özünü göstərir. Belə ki, əmək qabiliyyətli insan yardım istəyir. Bu halda müraciətçiyə məşğulluq orqanına müraciət etmək tövsiyə edilir. Əgər məşğulluq statusu müəyyənləşdikdən sonra həmin şəxs üzrlü səbəbdən işə qəbul oluna bilmirsə, bu zaman ona yardım vermək olar. Ancaq məşğulluq orqanı tərəfindən təklif olunan işdən bilərəkdən imtina edilərsə, bu halda yardım verilmir. Təəssüf ki, qəbullar zamanı buna çox rast gəlinir. Nə işləmək istəyən, nə də işləməyə cəhd eləyən adam var. Ancaq yardım istəyirlər. Onu da qeyd edək ki, gələn il üçün ehtiyac meyarı artırılacaq və bu məbləğ 65 manata qalxacaq. Ehtiyac meyarı həddi tədricən yaşayış minimumuna çatdırılmalıdır. Əvvəl bu məbləğ 30 manat təşkil edirdi. Məbləğ hazırda 60 manata çatdırılıb. Büdcə paketində nəzərdə tutulub ki, gələn il bu hədd 65 manata çatdırılsın. |