çap et  
Efir problemləri gündəmdən düşmür
Efir problemləri gündəmdən düşmür
Nuşirəvan Məhərrəmli cadugərləri saat 23.00-dan sonra göstərməyi məsləhət görür
Şənbə, 31.10.2009

İ.Telmanoğlu

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ümumrespublika yayımçıları olan telekanalların rəhbərləri ilə görüşüb. Bu barədə APA-ya MTRŞ sədri məlumat verib. Görüşdə teleproqramların keyfiyyətini artırmaq müzakirə olunub:

"Onlara müəyyən tövsiyələr verilib. Verilişlərdə bayağılıq, şitlik, sünilik aradan qalxmalıdır. Çağırılan adamlar diqqətlə seçilməlidir. Hər insan efirə çıxarılmamalıdır. Efirdə yalnız örnək ola biləcək insanlara yer verilməlidir. Telekanallar normal azərbaycanlı imici yaratmaq üçün öz üzərinə düşən işi görməlidirlər".

N.Məhərrəmli bildirib ki, son zamanlar televiziya və radiolarda aparılan monitorinqlər milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müsbət dinamikanın olduğunu göstərsə də, problemlər hələ də qalmaqdadır: "Bizim gözlədiyimiz səviyyəyə çatmaq üçün telekanallar çox çalışmalıdır. Telekanallar müəyyən dərəcədə verilişlərinə əl gəzdirib, amma yüksək səviyyədə dəyişikliyi hələ görmürük".

Belə ki, zaman-zaman milli telekanalların teleaparıcıları da tənqid hədəfində olub. Deyəsən bundan sonra Azərbaycan dilində səlis danışa bilməyən, nitqində qusurlar olan, habelə kəmsavad teleaparıcılar ekranda görünməyəcəklər. Dünən MTRŞ "Teleradio yayımına dair qanunvericiliyin tələbləri və yayımçıların proqram siyasəti" mövzusunda teleradio aparıcıları üçün treninq kurs təşkil edilib. Treninq kursda çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalların peşəkarlıq baxımından səviyyələri yüksəldilməlidir: "Bu istiqamətdə MTRŞ öz üzərinə düşəni edəcək. Amma telekanallar da öz üzərinə düşəni etməlidirlər. Mövcud vəziyyət o qədər acınacaqlıdır ki...".

N.Məhərrəmlinin sözlərinə görə, telekanallar dövlətin ərazi bütövlüyünə xələl gətirməmək, dini, irqi, milli ayrı-seçkiliyə yol verməmək, terrorizmə, zorakılığa çağırış etməmək, pornoqrafiya, erotika yaymamaq, uşaqların və yeniyetmələrin baxa biləcəyi verilişlər göstərmək kimi qanunvericilikdə nəzərdə tutulan müddəalara ciddi əməl etməlidirlər:

"Aparıcılar 5-10 dəfə efirə çıxan kimi elə hesab edirlər ki, artıq onları hamı tanıyır, onlar bəzən öz ailələrində, stol arxasında edə bilmədikləri söhbətləri efirə gətirirlər. Bəzən deyirlər, televiziya həyatın güzgüsüdür. Amma həyatda olan bütün eybəcərlikləri televiziyaya gətirmək düzgün deyil. Efir başdan-ayağa müğənnilərin əlindədir. Bu müğənnilərin savad səviyyəsi çox aşağıdır. Verilişlər avtomobillərdə, mebel və gözəllik salonlarında hazırlanır. Bununla aparıcıdan tutmuş, telekanal rəhbərinə qədər hamı özünü alçaldır", - N.Məhərrəmlinin sözlərinə görə, reklamçılar telekanal rəhbərlərinə diqtə etməməlidirlər. Buna görə də reklamların qiymətləri qaldırılmalıdır.

Şura sədri onu da deyib ki, MTRŞ-nın yetkinlik yaşına çatmayanlarla bağlı qəbul etdiyi normativ sənədlərə əsasən, səhər saat 7-dən axşam 23.00-dək telekanallar əsas süjet xətti qəddarlıq və zorakılıq olan, qorxu və dəhşət filmləri, qanlı səhnələr, kriminal, özünə qəsd, intihar səhnələri olan proqramlar, ölmüş və qəddarlıqla öldürülmüş insan cəsədləri, hipnoz səhnələri göstərməməlidir: "Son zamanlar cadugərlərlə bağlı verilişlər verirlər. Onları saat 23-dən sonra vermək lazımdır".