çap et  
Mətbuatımızla bağlı 90 il əvvəl qəbul edilmiş sənəd...
Mətbuatımızla bağlı 90 il əvvəl qəbul edilmiş sənəd...
Müasir tələblərə tam cavab verir
Şənbə, 31.10.2009

Səid

Azərbaycan Cümhuriyyəti (1918-20-ci illər) parlamentində Mətbuat Nizamnaməsinin imzalanmasının 90 illiyi ilə bağlı dünən Mətbuat Şurasının ofisində "dəyirmi masa" keçirilib ("Turan").

Bu sənəd Cümhuriyyət parlamentinin mövcud olduğu 17 ay ərzində qəbul etdiyi 230 qanundan biridir və bu sənədin qəbulu bir tərəfdən Azərbaycanda mətbuat problemlərini tənzimləyib, digər tərəfdən isə mətbuat fəaliyyətinə başlamağın qaydalarını müəyyən edib.

"Bu sənəd mahiyyətinə görə o qədər kamil hazırlanıb ki, onun 90 il öncə hazırlandığına inana bilmirsən", - deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib. Həmin sənədə əsasən, bir həftə ərzində qəzet açmaq olar, məhkəmə qərarı olmadan qəzet fəaliyyətdən məhrum edilə bilməz. Əflatun Amaşov Cümhuriyyət dövründə 50 qəzet nəşr edildiyi üçün belə bir tənzimlənməyə ehtiyac yarandığını vurğulayıb.

"2 fəsil 24 maddədən ibarət həmin sənəd parlamentdə 1919-cu il oktyabrın 23-dən 29-na kimi müzakirə edilib və oktyabrın 30-da imzalanıb", - deyə sənədə münasibət bildirən professor Şamil Vəliyev sənədin tarixçəsi haqda məlumat verib.

Mətbuat Şurasının üzvü Cahangir Zeynallı bu sənədi professor Şirməmməd Hüseynovun aşkara çıxardığını deyərək, Nizamnaməni "fikir plüralizminin ifadəsi olan demokratik mətbuatın müdafiəsinə yənəldiyini vurğulayıb. "Bu sənəd mətbuatı cəmiyyətdən qorumaq üçün idi, indi biz cəmiyyəti mətbuatdan qorumaq üçün sənədlər qəbul edirik", - deyə Cahangir Zeynallı tarixiliklə müasirlik arasında paralel aparıb.

1918-20-ci illər Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublu bu sənədin qəbulu üçün əsas kimi 1918-ci il mayın 28-də elan olunmuş İstiqlal Bəyannaməsinin vətəndaşlara siyasi azadlıqlar verilməsini nəzərdə tutan 54-cü maddəsindən qaynaqlandığını deyib. "Bu sənədi parlamentdə qəbul edən şəxsiyyətlər mətbuatın nəzəri və təcrübi əsaslarını bildikləri üçün mükəmməl sənəd qəbul edə bildilər və Qərb mətbuat dəyərlərini Azərbaycana gətirdilər", - deyə N.Yaqublu qeyd edib.

Tədbir iştirakçıları sənədin aktuallığını nəzərə alaraq onun tam mətninin mətbuatda çapını təklif ediblər.