çap et  
Azərbaycan əsgəri döyüşə hazırdır...
Azərbaycan əsgəri döyüşə hazırdır...
... bəs Azərbaycan jurnalistikası?
Şənbə, 31.10.2009

Xaqani İbadov
E.Eldəniz

 Birinci Qarabağ savaşı - torpağının 20 faizi işğal altına düşmüş, minlərlə şəhid vermiş, 1 milyondan artıq qaçqını və didərgini olan xalq. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və vətəndaşlarının tapdanmış hüquqlarını bərpa etmək üçün qüvvələrini səfərbər edib. Ordumuz müasir texnika ilə təchiz olunmaqla yanaşı, peşəkar kadrlaşma siyasəti də uğurla davam edir. Buna baxmayaraq, mütəxəssislər hesab edirlər ki, inkişaf mərhələsində olan ordumuzda hələ bir çox problemlər qalır. Ordu işlərini izləyən və mütəmadi monitorinqlər aparan hərbyönlü QHT-lər tez-tez konfranslar və debatlar keçirməklə problemləri sərgiləyirlər. Amma mövcud problemlərin həlli istiqamətində işlərin zəifliyi göz önündədir.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Məmmədov deyir ki, işğalçı Ermənistan hazırda Azərbaycanla aktiv informasiya müharibəsi aparır. Bu savaşda Azərbaycan mətbuatı Ermənistana tutarlı cavab verə bilmir. Bunun səbəbini isə güc strukturlarının hərbyönlü QHT-lər və KİV-lərlə əməkdaşlıq etmək istəmədiklərində görür. Güc strukturları tərəfindən hərbi məlumatların yayılmasına qoyulmuş məhdudiyyətlər isə QHT və KİV-lər tərəfindən qəbul edilmədiyi üçün işlər çox vaxt məhkəmə ilə sonuclanır.

"Hərbi məlumatların yayılmasında məhdudiyyətlər olmalıdırmı?" mövzusunda debat təşkil edən mərkəz rəhbərinin fikrincə, bu məsələ cəmiyyət üçün çox böyük önəm daşıyır. Çünki Silahlı Qüvvələrdə həyata keçirilən islahatlara cəmiyyətin marağı böyükdür. Belə olan halda "hərbi informasiya necə verilməlidir, məhdudiyyətlər necə qoyulmalıdır?" sualına aydınlıq gətirilməlidir.

MN mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin fikrincə, hərbi informasiyaların yayılmasına məhdudiyyətlər dünyanın ən inkişaf etmiş ölkələrində də mövcuddur. Beynəlxalq praktikaya əsaslanan MN sözçüsü hesab edir ki, Azərbaycanda bu kimi məhdudiyyətlərin olması təbiidir. Onun sözlərinə görə, Azərbaycanda hərbi sahədə informasiyaların yayılmasına müəyyən məhdudiyyət qoyulmasının özəl tərəfi də mövcuddur: "Bizdə özəlliyin əsas tərəfi ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitindədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Doğrudur, hazırda aktiv hərbi əməliyyatlar aparılmır. Amma hər iki tərəf pusqu vəziyyətində durub bir-birlərini müşahidə edirlər. Burada söhbət hərbi gücdən, informasiya müharibəsindən gedir. Belə şəraitdə, təbii ki, reallıqlar nəzərə alınmalıdır".

Reportyor İdrak Abbasovun isə fikri belədir ki, beynəlxalq normalara görə, jurnalisti sirri yaydığına görə kimsə ittiham edə bilməz. Reportyor kimi Qərb mətbuatı ilə əməkdaşlıq təcrübəsinə və təhsilinə malik olan İ.Abbasov məsələyə birmənalı yanaşmanı düzgün hesab etmir. Beynəlxalq standartları rəhbər tutan jurnalistin fikrincə, jurnalist əldə etdiyi məlumatı qərəzsiz, balanslı, şəxsi mövqeyi və senzurası olmadan olduğu kimi ictimaiyyətin diqqətinə çatdırmalıdır.

İdrak Abbasov deyir: "Sözsüz, bu dediklərimi Azərbaycanda həyata keçirmək bir o qədər də mümkün deyil. Məsələn, jurnalist bir əsgərin digəri tərəfindən döyülməsi, zabitin əsgəri onun üçün kontur yükləməyə təhrik etməsi və ya hansısa gizirin hərbi hissədən 1 kilo kartof oğurlaması barədə məlumat yaysa, bu halda jurnalist arzuolunmaz şəxs elan edilir və bəzi emisarlar hətta həmin jurnalisti Ermənistanın "şpionu" kimi təqdim edir. Əslində isə belə hallar istənilən ölkənin ordusunda ola bilər və sözsüz ki, bu faktı ortaya çıxaran jurnalist böyük qonorar almaqla bərabər, həmin ölkənin müdafiə nazirliyindən də təşəkkür alır. Azərbaycanda isə belə halları ört-basdır edənlər qəhrəman, vətənpərvər sayılır. Amma belə insanlar bəlkə özləri də bilmədən orduda problemlərin artmasına səbəb olurlar. Obyektiv jurnalistin vicdanlı işinin nəticəsi olaraq problem aradan qaldırılarsa, ordunun döyüş qabiliyyəti artmaqla yanaşı, nizam-intizamı daha da formalaşar".

T.Abdullayev isə hesab edir ki, hərbi sahədə məqalə yazan jurnalistlər həmin yazıların düşmən tərəfindən oxunduğunu nəzərdən qaçırır: "Biz hər gün saytlara baxırıq. Məsələn, erməni saytlarını izləyirik, bir də görürsən bizim hansısa bir hərbi ekspertin açıqlamasını, jurnalistin qələmə aldığı məlumatı bizim dövlətçiliyimizə, ordumuza, milli kimliyimizə qarşı istifadə edirlər. Jurnalist həmkarlarımdan, ekspertlərdən bu məsələni nəzərə almağı xahiş edirəm. O ki qaldı söz azadlığıyla bağlı məsələlərə, həm jurnalist, həm də Müdafə Nazirliyi rəsmisi kimi bəyan edirəm ki, biz söz azadlığına həmişə hörmətlə yanaşırıq və yanaşmaqda davam edirik".

Bəzi jurnalistlərin qeyri-peşəkar olduğunu vurğulayan MN-in sözçüsü onları dezinformasiya yaymaqda suçlayır: "Mətbuatda ifrata varılan yazılar, dezinformasiyalar gedir. Hətta bir jurnalist yazdığı məqalədə açıq şəkildə Azərbaycan vətəndaşlarını Azərbaycan ordusuna qarşı çıxmağa çağırmışdı. Bu nə qədər düzgündür? Biz buna görə məhkəməyə müraciət etmədik. Amma bu məsələlərə diqqətlə baxmaq lazımdır".

Hərbi ekspert Yaşar Cəfərli qanunvericilikdə dövlət və hərbi sirr anlayışlarının nə olduğu barədə ətraflı yazıldığını qeyd edir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində deyilir ki, "əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır". Ekspert hesab edir ki, qanunvericiliyə əsasən, məxfi məlumatın yayılmasına görə jurnalist deyil, məlumatı ötürən şəxs cavabdehlik daşımalıdır.

"Manevr" Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Rəşad Süleymanov isə hesab edir ki, güc strukturları hərbi sahədə peşəkar jurnalistlərin hazırlanması üçün mütəmadi olaraq treninqlər təşkil etməlidir. Onun fikrincə, bu treninqlər vasitəsilə jurnalistlərə döyüş meydanında təhlükəsiz hərəkət fəaliyyətinin istiqamətləri aşılanmalıdır.

Hazırda istefada olan polkovnik İldırım Məmmədov və polkovnik-leytenant Üzeyir Cəfərov məsələni belə qoyurlar ki, MN hərbyönlü QHT-lərin rəhbərləri ilə görüş təşkil edib bu məsələləri ətraflı müzakirə edərsə, tərəflər arasında heç bir mübahisəyə yer qalmaz.