![]() |
çap et |
|
|||
Dünən Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb. APA-nın məlumatına görə, konfransda çıxış edən BDU rektoru Abel Məhərrəmov bildirib ki, Gürcüstandan, Almaniyadan, Rusiyadan, Tacikistandan da qonaqların iştirak etdiyi konfransda 800-dən artıq məruzə dinləniləcək: "BDU Şərqin ilk dünyəvi ali məktəbidir, Azərbaycanın ilk ali təhsil ocağıdır. Azərbaycan dövlətçiliyinin inkişafında BDU-nun tarixi xidmətləri var. Bu baxımdan da universitetin yubileyi ümumxalq bayramıdır".
A.Məhərrəmov deyib ki, yubiley çərçivəsində universitetin müəllimlərinə 300-dən artıq mənzil veriləcək. Rektorun sözlərinə görə, universitetin yubileyi ilə bağlı noyabrın 2-də dövlət səviyyəsində zirvə toplantısı da keçiriləcək: "Zirvə toplantısına dünyanın bir sıra ali məktəblərindən qonaqlar gələcək. Dünyanın 20-dən artıq ali məktəblərinin rektorları toplantıda iştirak edəcək. Onların arasında Moskva Dövlət Universitetinin rektoru, Türkiyənin ən aparıcı ali məktəblərinin rektorları da olacaq. Bütövlükdə toplantıya 70-dən artıq heyət qatılacaq". A.Məhərrəmov bildirib ki, yubileylə bağlı universitetə M.Ə.Rəsulzadənin adının qaytarılması məsələsinə baxıla bilər: "Bu məsələ təbii ki, gündəmdədir. BDU Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Bu yadigar ağrı-acılı günlər keçirib və şanlı tarix yazıb. Ona görə də onu yaradanların - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi nurlu insanların xatirəsini həmişə yüksək tuturuq". A.Məhərrəmov jurnalistlərə açıqlamasında BDU-nun yataqxanalarında yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı müzakirələrin getdiyini bildirib. "Hazırda Bakı Dövlət Universitetinin yataqxanasında 7000-ə yaxın məcburi köçkün qalır. Demək olar ki, universitetin tələbələri bu yataqxanalarda yaşamırlar. Yataqxanasız universiteti necə təsəvvür etmək olar?", - deyə o qeyd edib. Onun sözlərinə görə, yataqxana həyatı görməyən tələbə universitetin nə olduğunu çox çətin anlaya bilər: "Mən hesab edirəm ki, növbəti addımlardan biri məcburi köçkünlərə çox yaxşı şərait yaratmaqla onları universitetin yataqxanasından köçürməkdən ibarətdir. Təbii ki, söhbət Bakı şəhəri ərazisinə köçürülməkdən gedir. Bu barədə müzakirələr aparılır. Gündəmdə olan məsələdir. Təəssüflər olsun ki, bəzən mənim bu çıxışımdan nəticə çıxararaq belə düşünürlər ki, universitetin yataqxanalarındakı qaçqınları günü sabah oradan çıxaracaqlar. Bu, belə deyil. Əksinə, onların mənzil problemini daha yaxşı həll etmək üçün belə addımlar atılacaq. Əgər bu problem həll olunarsa, universitet tələbələri üçün gözəl bir şərait yaranmış olar". |