Bu gün Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İclasda Milli Mətbuatın 135 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib, KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyəti müzakirə edilib və yeni reket qəzetlərin adları elan edilib.
Mətbuat Şurasının məlumatına görə, 2010-cu ildə Milli Mətbuatın 135 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə hər ay medianın aktual problemlərinə dair "dəyirmi masa" və konfransların təşkili, bu prosesə gələn ilin iyununda baş tutması planlaşdırılan ümumrespublika elmi-praktik konfransı ilə yekun vurulması nəzərdə tutulur.
KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin sözlərinə görə, fondun elan etdiyi 12 istiqamət üzrə müsabiqəyə 112 layihə təqdim edilib. "Qalib 55 təşkilata ümumilikdə 550 min manat vəsait ayrılıb. Milli Mətbuat Günündə isə 39 KİV-ə 400 min manata yaxın birdəfəlik maliyyə yardımı edilib və bu yaxınlarda daha 4 istiqamət üzrə müsabiqə qalibləri müəyyənləşdirilib".
İdarə Heyəti həmçinin "Cəmiyyət və din", "Hürriyyət", "Poliqlot", "Sabaha inamla", "Difai" qəzetlərinin, "Riyad media" informasiya agentliyinin şura sıralarına qəbul olunması barədə qərar qəbul edib.
Bununla yanaşı, İdarə Heyəti "Xəbər xətti", "Hüquq və ittiham", "Qanun və nəzarət" qəzetlərini "reket nəşr"lər elan edib. "Azərbaycan dünyası brifinq" qəzetinə xəbərdarlıq edilməsi məqbul sayılıb. "Reket qəzet" elan olunmuş KİV-lər bir il bu damğanı üzərlərində daşıyacaq
İdarə Heyətinin iclasında "Təzadlar" qəzeti ilə bağlı ayrıca müzakirə olub. İdarə Heyəti bildirib ki, "Təzadlar" qəzetinin fəaliyyətində həqiqətən mətbu reketçilik əlamətləri mövcuddur."Təzadlar" MŞ-ın əvvəlki xəbərdarlığına məhəl qoymayıb. Qəzetin müxtəlif saylarında şuranın İdarə Heyətinin qərarı olmadan qurumun Şikayətlər üzrə Komissiyasının "Təzadlar" haqqında çıxardığı sonuncu rəyin əsassız sayılması barədə bildirişlər dərc edilib. Nəşr komissiyanın bu rəyində əksini tapan tələbləri də yerinə yetirməyib. Həmçinin komissiyanın iclasından keçən bir ay ərzində şuraya qəzet barədə yeni şikayətlər də daxil olub. Bütün bunlar qəzetə bir daha güzəşt edilməsini mümkünsüzləşdirir", - deyə MŞ-ın məlumatında qeyd edilir.
Müzakirələrdən sonra "Təzadlar" qəzetinin adının "qara siyahı"ya salınması barədə təklif 8 nəfər lehinə, 3 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla qəbul edilib.
İdarə Heyətinin iclasında "Reket nəşrlərin müəyyənləşdirilməsinə dair təlimat"a əlavələr təsdiq olunub. Təlimata əlavələr "reket nəşr" elan olunmuş KİV-lərin üzərində həmin adın göstərilməsi proseduruna bu barədə qərarın qəbulundan bir il sonra baxılmasını nəzərdə tutur. Qaydaya əsasən, il ərzində şuraya "reket nəşr" elan olunmuş KİV haqqında əsaslı şikayət və müraciətlər daxil olmamalıdır.
"Qara siyahı"ya düşən mətbuat orqanı isə MŞ-yə müraciət ünvanlamalı, bir il ərzində saylarını şuranın monitorinq qrupuna təqdim etməlidir. Monitorinqdə KİV-in peşə prinsiplərinə və ölkə qanunvericiliyinin tələblərinə necə riayət etməsinə diqqət yetiriləcək. Bu barədə MŞ katibliyinə təqdimat ünvanlandıqdan sonra məsələyə İdarə Heyətində baxılaraq yekun qərar çıxarılacaq.
|