Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatların səmərəliliyi həm də Azərbaycan cəmiyyətini məlumatlandırma səviyyəsinin artırılmasından asılıdır. Bu barədə "Ayna"ya "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Mərkəz qeyd edir ki, hərbi sahədə cəmiyyəti məlumatlandırma işinin həyata keçirilməsi prosesi asan başa gəlmir. "Ən azı ona görə ki, hərbi sahədə bir sıra məlumatların verilməsi və yayılması ölkənin müdafiə qüdrətinə zərbə ola bilər. O səbəbdən bu məsələdə hamının məsuliyyəti var: istər jurnalistlərin, istərsə də güc strukturlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri informasiya siyasəti ilə bağlı işlərini ehtiyatlı tutmalıdırlar", - deyə "Doktrina" mərkəzi bildirir.
Verilən məlumata görə, oktyabrın 28-də saat 12.00-14.00-da "Doktrina" mərkəzi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən maliyyələşdirilən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihə çərçivəsində növbəti debatını keçirəcək. Debat "Hərbi məlumatların yayılmasında məhdudiyyətlər olmalıdırmı?" mövzusunda olacaq.
Tədbirdə 3 tərəf iştirak edəcək: müstəqil yanaşma tərəfdarları (beynəlxalq jurnalistika prinsiplərini dəstəkləyənlər), özünü senzura tərəfdarları (vətənpərər jurnalistika) və rəsmi yanaşma (güc strukturlarının mövqeləri). Debat 3 hissədən ibarət olacaq: birinci hissədə tərəflərin mövqeləri dinləniləcək. İkinci hissədə aktiv müzakirələr aparılacaq, növbəti hissədə isə suallar və onlara cavablar veriləcək.
Tədbir Hərbyönlü QHT-lər Koalisiyasının ofisində keçiriləcək.
|