çap et  
ATƏT-in Bakı ofisi hökumətlə sövdələşməyə gedib?
ATƏT-in Bakı ofisi hökumətlə sövdələşməyə gedib?
Azərbaycanda orduya ictimai nəzarət mexanizmi iflasa uğrayır
Şənbə, 24.10.2009


Hərbyönlü QHT-lər ailəsinə biri də qoşuldu - "Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi". Əslində bu adda Azərbaycanda çoxdan fəaliyyət göstərən bir neçə birlik mövcuddur: Ələkbər Məmmədovun rəhbərlik etdiyi Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzi, Tərlan Eyvazovun rəhbərlik etdiyi Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi və Yaşar Cəfərlinin koordinatoru olduğu Hərbyönlü QHT-lərin "Müdafiə və Təhlükəsizlik sektoruna İctimai Nəzarət" Koalisiyası.

Yeni yaradılmış birliyin idarə heyətinin siyahısı tamamilə Silahlı Qüvvələrin hazırkı rəhbərliyinin fəaliyyətini tam təsdiqləyən QHT, KİV rəhbərlərindən ibarətdir. Sədr seçilmiş Emin Həsənli bildirib ki, "Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi" son bir neçə ildə ATƏT-in Bakı ofisinin təşəbbüsü, Azərbaycanda fəaliyyət göstərən hərbyönlü QHT-lərin iştirakı ilə aparılan davamlı müzakirələrin, keçirilən tədbirlərin yekun nəticəsi olaraq təsis edilib.

E.Həsənlinin bu açıqlaması bir sıra hərbyönlü QHT-lərdə ciddi etiraz doğurub. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin açıqlamasına görə, proses heç də E.Həsənlinin təqdim etdiyi kimi deyil. Məsələ burasındadır ki, 2007-ci ildən başlayaraq ATƏT-in Bakı ofisi Azərbaycanda müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarət qurumunun yaradılması üçün təkliflər irəli sürməyə başladı. Bununla bağlı ATƏT rəsmiləri Azərbaycanda güc strukturlarının rəsmiləri və hərbyönlü QHT rəhbərləri ilə dəfələrlə görüş keçiriblər: "ATƏT-in təklifi "çətir assosiasiyası"nın yaradılmasını nəzərdə tuturdu. Yüzlərlə hərbyönlü QHT-nin daxil ola biləcəyi bu assosiasiya öz təkliflərini parlamentə çatdırmalı, parlamentin müdafiə və təhlükəsizlik komitəsi isə həmin təklifləri müvafiq güc strukturlarına ünvanlamalıdır. Beləliklə, parlament komissiyası cəmiyyətlə güc strukturları arasında əsas vasitəçiyə çevrilməlidir".

2008-ci il martın 8-də Bakıda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Azərbaycanda müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarət və islahatlara dəstək" adlı koalisiyanın yaradılması barədə memorandum imzalandı. Sənədə 30 hərbyönlü QHT-nin rəhbəri imza atdı və koalisiyanın formalaşdırılması üçün 5 QHT rəhbərindən ibarət təşkilat komitəsi yaradıldı. ATƏT-in Bakı ofisi yaxın vaxtlarda məsələ ilə bağlı mətbuat konfransının keçiriləcəyini bildirsə də, bu baş vermədi. "Doktrina" mərkəzi bildirir ki, sonradan bununla bağlı 2 qeyri-rəsmi səbəb ortada gəzdi:

- birincisi, ATƏT-in bu məqsədlərin gerçəkləşdirilməsi prosesi ilə bağlı maliyyəsi tükənib,

- ikincisi, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi "Müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarət və islahatlara dəstək" adlı koalisiyanın təşkilat komitəsində təmsil olunan şəxslərin çoxunun müstəqil (Müdafiə Nazirliyi rəhbərliyinin yürütdüyü siyasətə tənqidi yanaşan) hərbyönlü QHT rəhbərlərindən ibarət olmasını həzm edə bilmir və yeni təşkilat komitəsinin seçilməsində israr edir.

Beləliklə, prosesə bir illik ara verildi. Nəhayət, cari ilin fevralında ATƏT-in Bakı ofisi prosesi davam etdirməyə qərar verdi. 50-dən artıq hərbyönlü QHT rəhbərinin iştirakı ilə ikigünlük tədbir keçirildi. "Süni şəkildə yaradılmış səs çoxluğu ilə (tədbirə qatılan xeyli sayda QHT-lərin bir çoxları cəmiyyətə bəlli deyildi) təşkilat komitəsinin yenidən seçilməsi qərara alındı. Əsas arqument kimi göstərildi ki, ötən bir il müddətində seçilmiş təşkilat komitəsi heç bir iş görməyib və onun yenilənməsi labüddür. Eyni səs çoxluğu ilə təşkilat komitəsinin yeni 7 üzvü seçildi (maraqlıdır ki, onların arasında keçmiş komitənin MN rəhbərliyini dəstəkləyən 2 üzvü də var idi) və onların hamısı Silahlı Qüvvələrin hazırkı rəhbərliyinin yürütdüyü siyasəti dəstəkləyənlərdən ibarət oldu", - deyə "Doktrina" mərkəzi bildirir.

Üç ildir davam edən bu prosesin belə nəticələnməsi müstəqil hərbyönlü QHT nümayəndələrini təəssüfləndirdi. Bu nəticənin ATƏT-in Bakı ofisinin nümayəndələrini narazı saldığı da onların apardıqları söhbətlərdən aşkar edilirdi. Vəziyyətin gərgin olduğunu görən ATƏT-in Bakı ofisi prosesin davamını hərbyönlü QHT-lərin öz üzərlərinə buraxdı.

Beləliklə, yeni yaranmış qurumu "ATƏT-in Bakı ofisinin təşəbbüsü, Azərbaycanda fəaliyyət göstərən hərbyönlü QHT-lərin iştirakı ilə aparılan davamlı müzakirələrin, keçirilən tədbirlərin yekun nəticəsi olaraq təsis edilməsi" fikri kökündən yanlış hesab edilir.

Lakin bir sıra ekspertlər ehtimal edir ki, ATƏT-in Bakı ofisinin Müdafiə Nazirliyinin dəstəklədiyi (E.Həsənli belə deyib) belə bir ictimai birliyin formalaşdırılması prosesinə dəstək göstərməsi mümkündür. "Ola bilər ki, hökumətin, o cümlədən Müdafiə Nazirliyinin təzyiqləri nəticəsində mötəbər qurumun Bakı nümayəndəliyi belə sövdələşməyə gedib. Hər halda, yeni yaradılmış ictimai birliyin sonrakı fəaliyyətindən bunu görmək olacaq. Əgər doğrudan da belədirsə, bu, Azərbaycanda Silahlı Qüvvələrə demokratik vətəndaş nəzarəti mexanizmlərinin formalaşdırılması prosesinə ciddi əngəl olacaq", - deyə Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov bildirir.

Azərbaycanın NATO və ATƏT-lə əlaqələri çərçivəsində ortaya çıxmış sənədlərdə ölkənin müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarətin təmin olunması istiqamətində çoxlu tövsiyə var. NATO-nun Azərbaycanla Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (IPAP) orduya mülki nəzarətin vacibliyi bir bənd kimi əksini tapıb.

İ.Məmmədov deyir ki, yeni yaradılmış qurum orduda problemlərin həllinə, ölkədə müdafiə və təhlükəsizlik sahəsində sağlam baxışların formalaşmasına xidmət göstərə bilməyəcək: "Yerli ictimaiyyətin və beynəlxalq təşkilatların bu qurumun məlumatlarına istinad etməsi, onların hesabatlarını obyektiv düşünmələri çətin olacaq". İ.Məmmədova görə, birliyin rəhbərliyində və idarə heyətində təmsil olunanlar Müdafiə Nazirliyinin hazırkı rəhbərliyinin təbliğatçılarıdır.