![]() |
çap et |
|
|||
Türkiyə və Azərbaycan arasında 1918-ci ildən bu yana ilk dəfə olaraq soyuq küləklər əsir. Futbol diplomatiyasına, ardınca Sürixdə imzalanmış protokollara xoşagəlməz addımlarla cavab verilməsi - məscidin bağlanması, Bursada hansısa bir özünübilməzin bayraq hörmətsizliyinə qarşılıq olaraq Bakıda türk bayraqlarının endirilməsi həm Türkiyə, həm də Azərbaycan toplumunda, ictimai və siyasi çevrələrdə dərin üzüntü yaratmışdır.
Media mərkəzində siyasətçilərin və aydınların məsələ ilə bağlı toplantısında iştirak edərkən bu üzüntünün və narahatlığın nə qədər dərin olduğu açıq hiss olunurdu. Baş verənlərin məntiqini anlamaq, düzgün nəticə çıxarmaq zorluğu var. Fəqət bir cəhət açıqdır ki, Bakının Türkiyəyə qarşı münasibəti, davranışları təqdir olunmur, yanlışlıq kimi dəyərləndirilir. Məsələn, İstanbulda Azərbaycanın sabiq baş konsulu Abbas Abdulla Türkiyə bayrağının Bakı şəhidliyindən götürülməsini "ciddi səhv" hesab edir. Onun gümanınca, Bursada Azərbaycan bayrağına hörmətsizlik edənlərin hədəfləri bu idi ki, Azərbaycan buna adekvat cavab versin. "Bu işi törədənlər bizim düşmən olmağımızı istəyirlər. Biz də bu hay-küyə gediriksə, əlbəttə, bu, ciddi səhvdir. Türkiyə bu gün türk dövlətlərinə öndərlik etməli idi, lakin əfsuslar olsun ki, bu gün onun rəhbərliyi Avropaya, Amerikaya hesabat verir", deyə publisist bildirdi. Ədalət Partiyasının sədri İlyas İsmayılov bugünkü situasiyada səbirli və soyuqqanlı olmağı, sərhədlərin açılması məsələsində Türkiyə liderlərinin verdikləri vədlərə inanmağı və güvənməyi məsləhət bilir. Müsavat Partiyası Azərbaycan-Türkiyə dostluğu və qardaşlığını Azərbaycan üçün ən önəmli məsələ hesab edir. Partiyanın təmsilçisi Arif Hacılı bu mövzuda toplantıların tez-tez keçirilməsini doğru bilir və müxalifətçi kimi danışır: "Son vaxtlar baş verənlər regionda hansısa dəyişikliklərin olacağını göstərir. Bu ehtimallar həddən artıq böyükdür. Türkiyədə və Azərbaycanda bu proseslərin əleyhinə olanlar daha çox boykotçu mövqeyindən çıxış edirlər. Amma bu proses bizim iradəmizdən asılı olmayaraq artıq gedir. Mənə elə gəlir ki, biz boykotçu mövqe tutmamalı, bu prosesin daha çox bizim xeyrimizə olmasına çalışmalıyıq". Arif Hacılıya görə, Azərbaycan hakimiyyəti Azərbaycanın deyil, daim öz hakimiyyətinin qorunması və möhkəmlənməsi barədə düşünür. Bayraqların götürülməsi, telekanallarda Türkiyə liderlərinə qarşı qeyri-etik ifadələrin səslənməsi kimi isterik addımların iki səbəbi var: birincisi, iqtidar Qarabağ danışıqları istiqamətində heç bir uğura nail olmayıb və indi bu uğursuzluğa şərik axtarır, ikinci səbəb odur ki, Amerika və AB vasitəsilə Türkiyənin Güney Qafqazda möhkəmlənməsi ilə demokratiyanın bütün Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsindən ehtiyatlanır. Və bunun qarşısını almaq üçün son vaxtlar Türkiyəyə qarşı və rusiyameyilli bəyanatlar səsləndirilir". Müsavat təmsilçisi deyir: "Amma çox yaxşıdır ki, bir çox məsələlərə laqeyd yanaşan Azərbaycan cəmiyyətində müqavimət göstərməkdə davam edən qüvvələr Qarabağ məsələsinə və onun ətrafında davam edən proseslərə çox həssas yanaşırlar. Son günlər baş verən hadisələrin isə Azərbaycan üçün ziyanla nəticələnmə ehtimalları həddən artıq böyükdür. Çünki Azərbaycan heç bir təhlükəsizlik sisteminə bağlı deyil, "balanslaşdırılmış təhlükəsizlik siyasəti" ölkənin gələcəyi üçün çox təhlükəli və qorxulu siyasətdir. Burada ən qorxulu cəhətlərdən biri odur ki, hazırda Türkiyə hökumətinə qarşı yox, bütövlükdə türk millətinə, türk bayrağına, türk atributlarına qarşı Azərbaycanda əndazəni aşmış hərəkətlərə yol verilir. Bu hərəkətlər Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına gətirib çıxara bilər. Bu əndazəni aşan hərəkətləri dayandırmaq lazımdır. Heç bir halda bu məsələlərə biganə qalmaq olmaz. Bu təpkilər ağılla, ardıcıllıq və prinsipiallıqla aparılmalıdır. Cəmiyyətin təpkiləri nə Türkiyənin, nə də Azərbaycanın ziyanına deyil. Türkiyədə hansı siyasətçinin nə deməsindən asılı olmayaraq, biz ölkələrimiz arasındakı dostluğu və qardaşlığı qoruyub saxlayacağıq. Hesab edirəm ki, bu, çətin olmayacaq, çünki hər iki toplumda eyni ovqat hakimdir". Aydınlar Birliyi adından Aqil Səmədbəyli xatırlatdı ki, həmin gün Bursada hər yerdən Azərbaycan bayrağı asılmışdı. MHP-nin qurultayında isə nəhəng bir Azərbaycan bayrağı zalın ortasında idi. A.Səmədbəyli təklif etdi ki, oktyabrın 29-da Türkiyə Cümhuriyyəti günündə azərbaycanlılar hər yerdən Azərbaycan və Türkiyə bayrağını yanaşı assınlar. Millət vəkili Pənah Hüseyn məsələnin mahiyyətinə vararaq iddia edir ki, bu, impulsiv bir hərəkət-filan deyil, bayrağın şəhidlikdən çıxarılması təsadüfi deyil, bu məsələ çoxdan müzakirə olunurdu. Pənah Hüseyn deyir: "Xarici ölkələrin bayraqlarından istifadə haqqında qanun bu ilin mayında qəbul edilib. Stenoqram var. Onda mən çıxış edərək bu qanuna etiraz elədim, vurğuladım ki, bu qanun Türkiyəyə və türk bayrağına qarşıdır. Bu qanun məhz Türkiyə bayrağına qarşı hazırlanmışdı və Bursadakı fitnəkarlıqla bağlılığı yoxdur. Ora Azərbaycanın dövlət protokol yeridir. Xarici rəsmi və qeyri-rəsmi qonaqlar iki yeri - Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edirlər. Qonaqlar Şəhidliyə daxil olanda orada Türkiyə bayraqları da görünür, orada belə bir məzarlığın olması barədə qonaqda təsəvvür yaranır və ya bu barədə suallar verilir, bundan başqa, Türkiyə memarlığı üslubundakı came görünür". Pənah Hüseyn əmindir ki, əgər bugünkü xoşagəlməz proseslərin qarşısı alınmasa, həmin came ya söküləcək, ya da onun xarici görünüşü tamam dəyişdiriləcək. Millət vəkili təklif edir ki, mayda qəbul olunmuş, bir vərəqə sığışan dörd-beş maddəlik qanuna baxmaq lazımdır. Həmin qanuna görə, bir azərbaycanlı hətta öz evində, ofisində də masanın üstündə, yaxud pəncərəsindən, balkonundan başqa bayraq asa bilməz. Sadəcə, qadağandır. Millət vəkili qanuna düzəliş təklifi verdiklərini və bu düzəlişin parlamentdə müzakirəyə çıxarılacağını xəbər verdi. Millət vəkili Nəsib Nəsibli məsələyə siyasi rakursdan baxmağı lazım bilir. Millət vəkili xatırladır ki, Türkiyədə Azərbaycanı sevməyən adamlar, siyasi qüvvələr var, eləcə də Azərbaycanda Türkiyəni sevməyən adamlar, siyasi qüvvələr var. Bir neçə il əvvəl əksəriyyət Türkiyəni bizim strateji müttəfiqimiz sayırdı. Bu gün isə birtərəfli təbliğatın nəticəsidir ki, obıvatel "Türkiyə bizi satdı" deyir və Türkiyəni strateji müttəfiq saymır. Nəsib Nəsibli sözünə davam edir: "Məsələ yalnız bayraq məsələsində deyil. Mən bu bayraq məsələsini kimlərinsə şişitrməyini, məsələnin bu şəkildə qoyulmasını başa düşmürəm. Bursada o bayraq məsələsi nəydi ki? On beş min bayrağın oraya gəlməsinə hökumət icazə verirsə, niyə bunu görmürük? Mənim indiki Türkiyə iqtidarına hüsn-rəğbətim yoxdur, mənim oradakı parlament müxalifətinə rəğbətim var və dostlarım onların arasındadır. İndiki Türkiyə iqtidarını türk milləti seçib və onunla məsələsini də türk milləti həll edəcək. Mən belə görürəm ki, həm Türkiyədə, həm də Azərbaycanda bu məsələni öz partiya maraqlarına görə istismar edənlər var". Baş verənlərin arxasında nələr var? Bir sıra geosiyasi araşdırmaların müəllifi olan Nəsib Nəsibli vəziyyəti bu şəkildə görür: "Sürixdə imzalanma mərasimində dünyanın "canavar"ları dayanmışdı. Biz lovğalanırıq, 10 milyardlıq büdcəmiz var, lider ölkəyik və s. Halbuki bu 10 milyard bir transmilli şirkətin sərmayəsinin heç onda biri deyil. Bax indi Ermənistana "imzala və get!" deyən o "canavar"lar bizim üstümüzə gələcək. Neyləyəcəyik? Bax təhlükə bundadır. Bunu bilirlər. Ərdoğanın zirəkliyi ondadır ki, məsuliyyəti üzərindən vaxtında atdı, dedi ki, 17 ildir biz sizin girovunuza çevrilmişik, yetər, bu sizin öz məsələnizdir. Gedin öz məsələnizi həll edin. Qarabağ məsələsi məgər birinci növbədə Azərbaycan Respublikasının məsələsi deyilmi? Mənim AKP hökumətini müdafiə eləmək fikrim yoxdur. Bu, siyasətdir. Qarşıda bizi gözləyən təhlükənin siqnalları var. Məndə olan məlumata görə, həmin o yeddi dövlət Dağlıq Qarabağda referendum tələbi ilə üstümüzə gələcəklər. İqtidar məni maraqlandırmır, Qarabağ mənim üçün daha önəmlidir. Deyirlər gəlin bir yerdə olaq. Lakin bunun işarələri varmı? Deyirlər gedək, AKP ilə danışaq, amma yalnız YAP-dan olan deputatlar gedir. Bizim də orada deyəcəyimiz sözlər yoxdurmu? Biz gedib orada YAP-ı tənqid edəsi deyildik ki? Onlardan fərqli olaraq Ankarada üç-beş adam bizi tanıyır. Birlik işarələri varmı? Yoxdur! İşarələr olsaydı, cılız təbliğat aparılmaz, cılız təfəkkürlü, siyasi baxımdan bisavad adamlar ekrana çıxarılmazdı. Qardaşım bu, strateji məsələdir. Mən belə görürəm ki, Azərbaycan bu gün strateji baxımdan meydanda tək qoyulmuşdur. Türkiyə də, Azərbaycan da bu gün çətin vəziyyətə düşüblər və bu iki ölkə məhz indi yaxın olmalıdır". |