Bayraq böhranının arxasındakılar
 |
Azərbaycan strateji baxımdan meydanda təkdir. Sürixdəki həmin o "yeddi canavar" Qarabağda referendum tələbi ilə üstümüzə gələcək
Şənbə, 24.10.2009
|
|
Türkiyə və Azərbaycan arasında 1918-ci ildən bu yana ilk dəfə olaraq soyuq küləklər əsir. Futbol diplomatiyasına, ardınca Sürixdə imzalanmış protokollara xoşagəlməz addımlarla cavab verilməsi - məscidin bağlanması, Bursada hansısa bir özünübilməzin bayraq hörmətsizliyinə qarşılıq olaraq Bakıda türk bayraqlarının endirilməsi həm Türkiyə, həm də Azərbaycan toplumunda, ictimai və siyasi çevrələrdə dərin üzüntü yaratmışdır.
Media mərkəzində siyasətçilərin və aydınların məsələ ilə bağlı toplantısında iştirak edərkən bu üzüntünün və narahatlığın nə qədər dərin olduğu açıq hiss olunurdu. Baş verənlərin məntiqini anlamaq, düzgün nəticə çıxarmaq zorluğu var. Fəqət bir cəhət açıqdır ki, Bakının Türkiyəyə qarşı münasibəti, davranışları təqdir olunmur, yanlışlıq kimi dəyərləndirilir.
Məsələn, İstanbulda Azərbaycanın sabiq baş konsulu Abbas Abdulla Türkiyə bayrağının Bakı şəhidliyindən götürülməsini "ciddi səhv" hesab edir. Onun gümanınca, Bursada Azərbaycan bayrağına hörmətsizlik edənlərin hədəfləri bu idi ki, Azərbaycan buna adekvat cavab versin. "Bu işi törədənlər bizim düşmən olmağımızı istəyirlər. Biz də bu hay-küyə gediriksə, əlbəttə, bu, ciddi səhvdir. Türkiyə bu gün türk dövlətlərinə öndərlik etməli idi, lakin əfsuslar olsun ki, bu gün onun rəhbərliyi Avropaya, Amerikaya hesabat verir", deyə publisist bildirdi.
Ədalət Partiyasının sədri İlyas İsmayılov bugünkü situasiyada səbirli və soyuqqanlı olmağı, sərhədlərin açılması məsələsində Türkiyə liderlərinin verdikləri vədlərə inanmağı və güvənməyi məsləhət bilir.
Müsavat Partiyası Azərbaycan-Türkiyə dostluğu və qardaşlığını Azərbaycan üçün ən önəmli məsələ hesab edir. Partiyanın təmsilçisi Arif Hacılı bu mövzuda toplantıların tez-tez keçirilməsini doğru bilir və müxalifətçi kimi danışır: "Son vaxtlar baş verənlər regionda hansısa dəyişikliklərin olacağını göstərir. Bu ehtimallar həddən artıq böyükdür. Türkiyədə və Azərbaycanda bu proseslərin əleyhinə olanlar daha çox boykotçu mövqeyindən çıxış edirlər. Amma bu proses bizim iradəmizdən asılı olmayaraq artıq gedir. Mənə elə gəlir ki, biz boykotçu mövqe tutmamalı, bu prosesin daha çox bizim xeyrimizə olmasına çalışmalıyıq".
Arif Hacılıya görə, Azərbaycan hakimiyyəti Azərbaycanın deyil, daim öz hakimiyyətinin qorunması və möhkəmlənməsi barədə düşünür. Bayraqların götürülməsi, telekanallarda Türkiyə liderlərinə qarşı qeyri-etik ifadələrin səslənməsi kimi isterik addımların iki səbəbi var: birincisi, iqtidar Qarabağ danışıqları istiqamətində heç bir uğura nail olmayıb və indi bu uğursuzluğa şərik axtarır, ikinci səbəb odur ki, Amerika və AB vasitəsilə Türkiyənin Güney Qafqazda möhkəmlənməsi ilə demokratiyanın bütün Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsindən ehtiyatlanır. Və bunun qarşısını almaq üçün son vaxtlar Türkiyəyə qarşı və rusiyameyilli bəyanatlar səsləndirilir".
Müsavat təmsilçisi deyir: "Amma çox yaxşıdır ki, bir çox məsələlərə laqeyd yanaşan Azərbaycan cəmiyyətində müqavimət göstərməkdə davam edən qüvvələr Qarabağ məsələsinə və onun ətrafında davam edən proseslərə çox həssas yanaşırlar.
Son günlər baş verən hadisələrin isə Azərbaycan üçün ziyanla nəticələnmə ehtimalları həddən artıq böyükdür. Çünki Azərbaycan heç bir təhlükəsizlik sisteminə bağlı deyil, "balanslaşdırılmış təhlükəsizlik siyasəti" ölkənin gələcəyi üçün çox təhlükəli və qorxulu siyasətdir. Burada ən qorxulu cəhətlərdən biri odur ki, hazırda Türkiyə hökumətinə qarşı yox, bütövlükdə türk millətinə, türk bayrağına, türk atributlarına qarşı Azərbaycanda əndazəni aşmış hərəkətlərə yol verilir. Bu hərəkətlər Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına gətirib çıxara bilər. Bu əndazəni aşan hərəkətləri dayandırmaq lazımdır. Heç bir halda bu məsələlərə biganə qalmaq olmaz. Bu təpkilər ağılla, ardıcıllıq və prinsipiallıqla aparılmalıdır. Cəmiyyətin təpkiləri nə Türkiyənin, nə də Azərbaycanın ziyanına deyil. Türkiyədə hansı siyasətçinin nə deməsindən asılı olmayaraq, biz ölkələrimiz arasındakı dostluğu və qardaşlığı qoruyub saxlayacağıq. Hesab edirəm ki, bu, çətin olmayacaq, çünki hər iki toplumda eyni ovqat hakimdir".
Aydınlar Birliyi adından Aqil Səmədbəyli xatırlatdı ki, həmin gün Bursada hər yerdən Azərbaycan bayrağı asılmışdı. MHP-nin qurultayında isə nəhəng bir Azərbaycan bayrağı zalın ortasında idi. A.Səmədbəyli təklif etdi ki, oktyabrın 29-da Türkiyə Cümhuriyyəti günündə azərbaycanlılar hər yerdən Azərbaycan və Türkiyə bayrağını yanaşı assınlar.
Millət vəkili Pənah Hüseyn məsələnin mahiyyətinə vararaq iddia edir ki, bu, impulsiv bir hərəkət-filan deyil, bayrağın şəhidlikdən çıxarılması təsadüfi deyil, bu məsələ çoxdan müzakirə olunurdu. Pənah Hüseyn deyir: "Xarici ölkələrin bayraqlarından istifadə haqqında qanun bu ilin mayında qəbul edilib. Stenoqram var. Onda mən çıxış edərək bu qanuna etiraz elədim, vurğuladım ki, bu qanun Türkiyəyə və türk bayrağına qarşıdır. Bu qanun məhz Türkiyə bayrağına qarşı hazırlanmışdı və Bursadakı fitnəkarlıqla bağlılığı yoxdur. Ora Azərbaycanın dövlət protokol yeridir. Xarici rəsmi və qeyri-rəsmi qonaqlar iki yeri - Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edirlər. Qonaqlar Şəhidliyə daxil olanda orada Türkiyə bayraqları da görünür, orada belə bir məzarlığın olması barədə qonaqda təsəvvür yaranır və ya bu barədə suallar verilir, bundan başqa, Türkiyə memarlığı üslubundakı came görünür".
Pənah Hüseyn əmindir ki, əgər bugünkü xoşagəlməz proseslərin qarşısı alınmasa, həmin came ya söküləcək, ya da onun xarici görünüşü tamam dəyişdiriləcək. Millət vəkili təklif edir ki, mayda qəbul olunmuş, bir vərəqə sığışan dörd-beş maddəlik qanuna baxmaq lazımdır. Həmin qanuna görə, bir azərbaycanlı hətta öz evində, ofisində də masanın üstündə, yaxud pəncərəsindən, balkonundan başqa bayraq asa bilməz. Sadəcə, qadağandır. Millət vəkili qanuna düzəliş təklifi verdiklərini və bu düzəlişin parlamentdə müzakirəyə çıxarılacağını xəbər verdi.
Millət vəkili Nəsib Nəsibli məsələyə siyasi rakursdan baxmağı lazım bilir. Millət vəkili xatırladır ki, Türkiyədə Azərbaycanı sevməyən adamlar, siyasi qüvvələr var, eləcə də Azərbaycanda Türkiyəni sevməyən adamlar, siyasi qüvvələr var. Bir neçə il əvvəl əksəriyyət Türkiyəni bizim strateji müttəfiqimiz sayırdı..
|
|
|
Oxşar xəbərlər:
Püşkatma kimə nə vəd edir?
Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?
|
|
|