![]() |
çap et |
|
|||
Bələdiyyə seçkilərinə cənub bölgəsində münasibət birmənalı deyil. Seçkidə iştirak məsələsi ətrafında aparılan müzakirələr ictimai rəydə fərqli rəylər doğurub. Lənkəran rayonu üzrə 34 bələdiyyəyə 338 üzv seçilməlidir. Hələ seçki kampaniyası başlamasa da, artıq ilkin seçki "küləkləri" əsməyə başlayıb.
Noyabrın 1-də ATƏT Lənkəranda siyasi partiyalar üçün "dəyirmi masa" keçirəcək. Burada bələdiyyə seçkilərində siyasi partiyaların iştirakı müzakirə ediləcək və müvafiq treninqlər aparılacaq. Bölgədə fəaliyyət göstərən siyasi partiyalar qarşıdakı bu seçkilər barədə nikbin fikirdə deyillər. Hakim partiyanın builki bələdiyyə seçkilərində uğur qazanacağını bəri başdan bəyan etməsi müxalif qüvvələr arasında seçkidə iştirak edib-etməmək barədə müzakirələrə rəvac verib. Lənkəranda YAP-ın zona müşavirəsində çıxış edən YAP sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, bu il keçiriləcək bələdiyyə seçkilərində bir sıra yeniliklər və təkmilləşmələr var. "Biz ilk növbədə partiyamızı təmsil edəcək layiqli namizədləri müəyyən etməliyik. Sənədləşdirmə prosesi başa çatandan sonra təbliğat-təşviqat işlərinə start verəcəyik. Şəhər və rayon təşkilatları bu işlərə məsuliyyətlə yanaşmalı, əvvəlki seçkilərdə əldə olunan təcrübədən istifadə etməlidir", deyən Əli Əhmədov bununla bağlı rayon təşkilatlarının sədrlərinə konkret göstərişlər verib. İcra katibi onu da bildirib ki, bələdiyyələrin birləşməsi ilə əlaqədar artıq onların sayı müəyyən qədər azalaraq iki mindən min yeddi yüzə çatdırılıb. Əli Əhmədov YAP üzvlərinə layiqli namizədlər axtarmaq barədə tapşırıq verdiyi dönəmdə bu partiyanın müxalifəti sayılan siyasi təşkilatlar seçki kampaniyasına qoşulmaqla bağlı tərəddüd içindədirlər. Məsələn, AXCP Lənkəran təşkilatının sədri Nicat İbadov "Ayna" ilə söhbətdə bildirdi ki, partiya üzvlərində bu il keçiriləcək bələdiyyə seçkilərinə maraq azdır. Cəbhəçilərin fikrincə, nəticələrinin saxtalaşdırılacağı səbəbindən marafona qoşulmağın mənası yoxdur. Nicat İbadov qeyd etdi ki, partiyanın resursları seçkilərdə iştiraka imkan versə də, üzvləri hansısa uğurlu nəticə əldə edəcəklərinə inandırmaq xeyli çətindir. Yerli təşkilat hesab edir ki, seçki prosesinin demokratik keçirilməsinin vacib şərtlərindən biri seçki komissiyalarının yenidən təşkil olunmasından keçir. Bundan başqa, rəsmi dövlət qeydiyyatından keçmiş AXCP-nin rayon şöbəsinin qərargahı yoxdur və müxalifətçilər seçki prosesini çayxanalardan izləməyə məcburdur. Bütün bunlara baxmayaraq, AXCP hazırda 12 bələdiyyə üzrə namizədlərinin siyahısını müəyyənləşdirib. Müsavat Partiyasının Lənkəran təşkilatının sədri Yadigar Sadıqov da cəbhəçilərlə eyni fikri bölüşür. Onun sözlərinə görə, yerli müsavatçıları seçkidə iştiraka həvəsləndirmək xeyli çətinləşib. Yadigar bəyin sözlərinə görə, onlar bələdiyyələrin əksəriyyətində namizədlə qatılmağa çalışacaqlar. Hələlik ilkin olaraq 15 bələdiyyə üzrə 17 namizəd seçkilərə qatılmağa razılıq verib. Müsavat Partiyasının bu günlərdə Lənkəranda keçirilən zona müşavirəsində bələdiyyə seçkilərində yer qazanmağın vacib məsələ olduğu qeyd edilib və bunun gələn il keçiriləcək parlament seçkiləri zamanı resursları birləşdirmək baxımından faydalı olduğu vurğulanıb. Bölgədəki digər müxalifət partiyaları xeyli passivdirlər. Məsələn, ADP-nin rayon təşkilatını tapmaq xeyli müşkül işə çevrildi. Görünür, ADP bələdiyyə seçkilərində iştirakdan imtina etməklə resurslarını düzgün ölçüb. 2009-cu ilin bələdiyyə seçkiləri müxalifət düşərgəsi üçün bir sıra məsələlər baxımından xeyli çətin olacağı qaçılmazdır. Son 15 illik tarixində müxalifət düşərgəsi ölkədə keçirilən seçki kampaniyalarında fəal iştirak edərək hətta ciddi müqavimət potensialından istifadə cəhdləri də nümayiş etdirib. 1998, 1999, 2000, 2003, 2005-ci illərdə keçirilən seçkilər iqtidar üçün başağrısına səbəb olmuşdu. Həmin illərdə keçirilən seçki kampaniyalarını müxalifət məharətlə cəmiyyətin ictima-siyasi aktivliliyinə müncər edə bilmişdi. Amma bu yalnız irimiqyaslı etiraz aksiyalarından o yana gedə bilməsə də, hər halda, belə gur və siyasi ehtirasları coşduran aksiyalarla müxalifət düşərgəsi siyasi gündəmdə əhəmiyyətli söz sahibi kimi mövqeyini saxlaya bilirdi. Lakin son iki ildə - 2008-ci ilin prezident seçkiləri və 2009-cu ilin referendumu ictimai mühitdə özünün passivliyi və sakit məcrası ilə yadda qaldı. Hər iki kampaniya zamanı müxalifət düşərgəsinin seyrçi mövqe tutması heç də onun istəyi ilə deyildi. Sadəcə, fəallıq imkanları xeyli aşağı düşdüyünün fərqində olan müxalifət düşərgəsi məcburi taym-aut götürməyə məcbur oldu. Müxalifət düşərgəsində hansı proseslər gedir? İlk baxışdan aydın olur ki, partiyaların seçkidə iştirakı üçün resursları çatışmır. Müsavat, AXCP kimi iri partiyalar bələdiyyə seçkilərində iştirakla bağlı birmənalı fikirdə deyillər. Eyni zamanda, bələdiyyə sistemi arabanın altıncı təkəri effekti yaradaraq öz cazibədarlığını itirib. Və siyasi qüvvələr seçkilərə o qədər də önəm vermirlər. Digər tərəfdən, iri müxalifət partiyaları ciddi resurs problemi ilə qarşılaşdıqları bir zamanda "cırtdan partiyalar" özlərinin şübhəli resursları ilə prosesi absurda çevirib. İri partiyalar namizəd tapa bilmədikləri halda, xırda partiyalar bu məsələdə problemlə üzləşmirlər. İri müxalifət partiyalarına qarşı olan ciddi təzyiqlər ucbatından sıravi vətəndaş müxalifət düşərgəsinin namizədi kimi ortaya çıxmaqda qorxur. Bələdiyyə sisteminin özünü tam doğrultmadığı vətəndaşların bu sistemə etibarını azaldır. İH kölgəsində qalan bələdiyyə sistemi özünüidarə orqanı kimi formalaşa bilməyib. Bələdiyyələrin İH-lər tərəfindən ciddi təzyiqlərə məruz qalması sirr deyil və bu, dolayı yolla etiraf olunur. Qanunda bələdiyyə səlahiyətləri xeyli geniş olsa da, praktikada bu heç də belə deyil. Bələdiyyə strukturlarının oturuşması xüsusən bölgələrdə açıq nəzərə çarpır. Yalnız torpaq satmaq imici qazanan bələdiyyələrin əsas işlərindən biri yerli özünüidarəni təşkil etməkdən ibarətdir. Vəziyyət isə acınacaqlıdır - bələdiyyələrin fondu çox az, büdcəsi bilavasitə icra hakimiyyətindən asılı... Onlar yerli vergiləri yığa bilmir, yerli əhəmiyyətli mədənlərə nəzarət edə bilmir, özlərinin bilavasitə işi olan digər məsələləri həll edə bilmirlər. Bura bələdiyyə avtobusları, taksiləri, dayanacaqları, xeyir-şər evlərinin tikintisi, qəbiristanlıq torpaqlarına nəzarət, yerli əhəmiyyətli su sisteminin çəkilməsi, bələdiyyə büdcəsinə şəffaf nəzarəti və s. məsələlərində olan ciddi problemləri də daxil etsək, o zaman çox acınacaqlı bir mənzərə üzə çıxır. |