çap et  
Sarkisyan Əliyevə cavab verdi
Sarkisyan Əliyevə cavab verdi
O, ermənilərin döyüş qabiliyyətli silahlı qüvvələrə malik olduğunu deyib
Şənbə, 24.10.2009

İ.Abbasov

"Bəzi region ölkələrindən fərqli olaraq, bizim döyüş qabiliyyətli silahlı qüvvələrimiz var". Bunu Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfəri zamanı yerli televiziyaya müsahibəsində bildirib ("Turan").

"Mən təsəvvür edə bilmirəm, iş otaqlarının parketləri üzərində addımlayaraq, necə ordunun döyüş qabiliyyətliliyi, əsgərlərin döyüş əhval-ruhiyyəsi və ya mənəvi-psixoloji mühitdən danışmaq olar? Mən hərbi hissələrə, döyüş mövqelərinə müntəzəm olaraq baş çəkməyə böyük əhəmiyyət verirəm", - deyə işğalçı ölkənin prezidenti qeyd edib.

O həmçinin əlavə edib ki, hərbi birləşmələrin bugünkü vəziyyəti, silahları, döyüş əhval-ruhiyyəsi və mənəvi-psixoloji mühit birmənalı olaraq erməni silahlı qüvvələrinin qarşısına qoyulmuş vəzifələri yerinə yetirməyə hazır olması qənaətinə gəlməyə imkan verir.

Beləliklə, Ermənistan prezidenti bir daha nümayiş etdirib ki, Azərbaycan ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Bununla belə, Sarkisyan Azərbaycan tərəfin "ya hər şey - ya heç nə" kimi səciyyələndirdiyi mövqeyindən gileylənib: "Danışıqlardan sonra narazılıq bildirmək və ya kəskin bəyanatlar vermək münaqişənin həllini yaxınlaşdırmır. Əksinə, onlar danışıqlar prosesinə mane olur, etimadsızlığı artırır", - deyə Sarkisyan çoxmənalı fikir bildirib.я

Qeyd edək ki, ötən həftə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ədalətsiz beynəlxalq mövqenin nəticəsi olaraq torpaqlarımızın işğal altından azad edilməsi istiqamətində ciddi beynəlxalq səylərin olmamağından gileylənmişdi. Habelə prezident son illər hərtərəfli inkişaf etmiş Azərbaycanın döyüş qabiliyyətli ordusunun da formalaşdığından və bu ordunun Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir olmağından söz açmışdı. Analitiklərə görə, S.Sarkisyan əslində işğal etdikləri Azərbaycan ərazilərinə səfər etməklə və işğalçı orduları qarşısında nitq söyləməklə İlham Əliyevə cavab verib.