çap et  
"Protokol anlaşması" və İrəvanın problemləri
"Protokol anlaşması" və İrəvanın problemləri
İanələr azalır, başağrıları çoxalır. Müxalifət isə Sarqsyanı devirməyi təbliğ edir
Şənbə, 24.10.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)

 Birləşmiş Ştatlar və Rusiyanın, eləcə də Avropa Birliyinin nə zamandan bəri apardıqları danışıqlar nəticəsində Güney Qafqazda yeni kommunikasiyaların və bazar münasibətlərinin yaranması, geostrateji və geoiqtisadi infrastrukturun formalaşdırılması aspektində tədricən ənənəvi baxışlar dəyişməyə doğru gedir. Oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyanın imzaladığı yeni sənəd bunun təsdiqidir. İmza törəninə ATƏT Minsk Qrupunu təmsil edən həmsədr dövlətlərin xarici işlər nazirlərinin, AB təmsilçilərinin qatılması Güney Qafqaz regionunda mövcud olan problemlərin həlli məsələsində supergüclərin nə qədər həssas olduqlarını nümayiş etdirirdi.

Edvard Nalbandyanın bu mühüm sənədləri imzalaması ərəfəsində yaratdığı "üç saatlıq gərginliyin" səbəbi heç də dünyanın bir sıra dövlətlərində lobbi təşkilatlarının etirazları və ya Dağlıq Qarabağ məsələsində "güzəştlərə" zorlanmaya müqavimət, yaxud Ermənistanda müxalifətin Serj Sarqsyan iqtidarını devirmə təhlükəsi deyildi. Bu "şou"nun" təməlində 1920-ci ildə yox yerdən yapılmış Ermənistan dövlətinin bugünki coğrafi sərhədlər daxilində dotasiyalı bir region olması və onların bundan sonra hansı güc tərəfindən "yemlənməsi" kimi strateji narahatlıq dayanırdı.

Yeni "arxa" axtarışı

Bilindiyi kimi, keçmiş SSRİ-nin mövcud olduğu 71 il ərzində Qafqazda Azərbaycan və Çeçenistan xaricində Gürcüstan, Ermənistan, Dağıstan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikaları Moskvanın daimi dotasiyaları sayəsində öz mövcudluqlarını saxlayıblar. Sovetlər dağıldıqdan sonra da bu "dotasiya siyasəti" davam etdirildi. Moskva ilə ifrat dərəcədə yaxınlıq etməklə Ermənistan bu dotasiya axınını yaşatmağa, deməli, öz mövcudiyyətini sürdürməyə ümid edirdi. Digər tərəfdən, dünya erməni lobbisi də bu prosesə qoşulmuşdu.

Fəqət son iki ilin qlobal iqtisadi böhranı Ermənistanın "sponsorlarına" - Rusiya və erməni lobbisinə çox ağır zərbələr vurdu. Ağır həyat şəraitinə görə Rusiyada yaşamağa məcbur olan 800 min nəfərlik Ermənistan vətəndaşı hər il ölkədə qalan ailələrinə orta hesabla 2 milyard 300 min dollara qədər pul yardımı göndərə bilirdi. İrəvandakı rəsmi qaynaqların bildirdiyinə görə, 2009-cu ilin 9 ayı ərzində Rusiyadan köçürülən maliyyə vəsaitinin ümumi həcmi 435 milyon dollar - (5 dəfə az!) olubdur. Daxildə də iqtisadi durum bərbaddır. Ermənistandakı bütün iri sənaye müəssisələri, mis, molibden, qızıl, alüminium və digər yataqlar da xarici şirkətlərin inhisarındadır. Ölkənin strateji sahələri olan elektrik enerjisi hasilatı, təbii qazın nəqli və satışı, dəmir yolları, avtomobil yolları, Zvartnots hava limanı, rabitə və mobil telefon xidməti və başqa sahələr Rusiya, Argentina, Kanada, Fransa, Livan şirkətlərinin inhisarına keçib. Faktik olaraq, ölkədə bu gün ermənilərin öz nəzarətində qalan "çörək-bulka", "peraşki", "ayaqqabı təmiri" və s. kimi kustar sahələrdir.

İrəvandakı "Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzi"nin rəhbəri Stepan Qriqoryan etiraf edir ki, hər il "Panarmenian marafon"larının təşkilindən Ermənistanın büdcəsinə 50 milyon dollar vəsait daxil olur. Dünyanın müxtəlif ölkələrində yaşayan 8 milyonluq erməni diasporu aylıq gəlirlərindən Ermənistan büdcəsinə yardım edir. Bundan əlavə, "erqirn mern" (Qərbi Ermənistan) bağıranlardan uzaq durmaq lazımdır. Çünki Ermənistan bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsini yaşayır. İqtisadiyyat naziri Nerses Erisyants isə bildirib ki, 2009-cu ildən fərqli olaraq, 2010-cu il üçün dövlət büdcəsi 25-30 faiz az olacaq. Hərbi xərclər 500 milyon dollardan 300 milyon dollara qədər azaldılacaq.

Dövlət Milli Statistika Xidmətinin sədri Stepan Mnatsakanyanın açıqlamalarına görə, 2010-cu il üçün büdcənin sabit saxlanılması üçün bütün nazirliklərdə, dövlət strukturlarında kütləvi ixtisarlar bir məcburiyyət olacaq. MİTK Analitik Açıqlama Mərkəzinin rəhbəri İqor Muradyanın fikrincə, Rusiyada yaranmış dərin iqtisadi və maliyyə böhranlarını nəzərə alaraq, Ermənistan Qərbin maliyyə institutları ilə birgə layihələrdə iştirak etməklə kreditlər almağa ümid etməlidir.

Azalan xarici ianələr və varlanmış Köçəryan

1991-ci ildə dövlət müstəqilliyinə qovuşan Ermənistan Azərbaycana qarşı ərazi iddiasını ortaya qoymaqla və dünya erməni diaspor təşkilatlarını bu siyasətə cəlb etməklə, dərin özünütəcrid bataqlığına düşüb. 1993-cü ildən başlayaraq Ermənistan keçmiş SSRİ zamanında əldə etdiyi bütün imkanlarını itiribdir. Bununla yanaşı, Güney Qafqazda mövcud olan beynəlxalq iqtisadi və maliyyə layihələrindən kənarda qalmağa məcbur olub. Bu gün Ermənistanın yeganə ümidi xaricdəki diaspor təşkilatlarının, fondların yardımlarına qalıb.

Faktiki olaraq, Ermənistanın dövlət büdcəsi məhz bu qurumların hesabına formalaşdırılır: Amerika Erməni Assambleyası, Amerika Erməni Humanitar Yardım Birliyi, Ermənistana Yardım Fondu, "Tüfəngyan" adına Ermənistana və Dağlıq Qarabağa Yardım Fondu, "Kilikiya Evi" Fondu, Erməni Yevangel Cəmiyyəti, Erməni Yardım Fondu (İran, Suriya, Livan, Kanada), "Nayastan" Fondu, "Aqape" Fondu, "Ararat-Eritac Trast" Fondu (İngiltərə), "Erməni Təhsil Fondu", "Erməni Texnoloji Qrupu", "Ayrenik Birliyi", "İzmirliyan Fondu" (İsveçrə), "Nəcəryan Fondu" (ABŞ), "Turpancyan Fondu", "Qurgen Məlikyan Fondu", "Şen" Fondu, "Aqape" Fondu (ABŞ), "Erməni Missioner Assosiasiyası" (ABŞ), "Livan Artsax Fondu", "Amazqain Erməni Mədəni və Təhsil Fondu", "Provans-Ermənistan Fondu" (Fransa), "Vardan Cəngavərləri Fondu" (ABŞ), "Çarukyan Fondu", "Almaniya-Ermənistan Fondu" (buraya KfW, Armekonombank, Armeksimbank, Kaskad Bank, İnekobank, İTV-Beynəlxalq Ticarət Bankı, Vaşinqton Kapital Bank daxildir), "Hayazq Fondu" (İngiltərə), "Erkramas Fondu" (Rusiya), "Urartu Fondu" (Rusiya), "Qalust Qulbekyan Fondu" (İngiltərə), "Noravank Fondu", "Linsi Fondu" (ABŞ), "Qəfəsçiyan Ailəsi Fondu" (İngiltərə), "Delvir Fondu" (Rusiya), "Fritor Nansen Fondu" (Rusiya), "Taşir Fondu", "Fransa-Ermənistan İnkişaf Fondu" (Fransa), "Nubarian Fondu", "Nor Serund Fondu" (Rusiya) və digər onlarca xeyriyyə təşkilatları hər il Ermənistan və Dağlıq Qarabağa maliyyə yardımları edirdi.

Fəqət son illər bu yardımlar azalmağa başlayıb. Belə ki, eks-prezident Robert Köçəryan hakimiyyətdə olduğu 10 il ərzində xaricdən gələn yardımların böyük əksəriyyətini öz şəxsi məqsədlərinə yönəltdiyi üçün bu gün "ən zəngin erməni" statusunu qazanıb. Vaxtında aradan sivişib çıxan Robert Köçəryan savadsız və melanxolik ovqatlı Serj Sarqsyanı prezident kürsüsünə otuzdurmaqla, əslində "boz kardinal"a çevrilmiş, pərdə arxasında dayanıb İrəvanın siyasətini yürütməkdədir. Məhz bu fakta xüsusi diqqət ayıran eks-prezident Levon Ter-Petrosyan və müxalifət daha çox Robert Köçəryana dərin kin və nifrət bəsləyirlər.

Dalana dirənmənin əlamətləri

Hakim "Respublika Partiyası"nın sədr müavini, deputat Razmik Zöhrabyan bildirib ki, "protokol anlaşması"nı Ermənistan parlamenti Türkiyə Böyük Millət Məclisinin bu barədə verəcəyi qərardan sonra ratifikasiya edəcək. Bizə elə gəlir ki, Güney Qafqaz və Ermənistan üçün yeni olan bu siyasət gələn ilin yazınadək çözülə bilər. Müxalifətdə olan İrs partiyası protokol anlaşması səbəbindən Ermənistanın Dağlıq Qarabağı tamam itirmək təhlükəsilə üzləşdiyi barədə "həyəcan təbili" çalır. Bununla yanaşı, İrəvan politoloqlarının da etiraf etdiklərinə görə, "dünya birliyi hər hansı bir separatçı regionun dövlət müstəqilliyini tanımaq barədə digər dövlətlərin verəcəkləri qərarlara çox pis baxır. Buna görə də Ermənistan iqtidarı Dağlıq Qarabağın dövlət müstəqilliyini tanımaq barədə qərar verməkdə acizdir".

Daşnaksütyun Partiyası isə son bir ayda "Türkiyə-Ermənistan protokol anlaşması", bu iki dövlətin yaxınlaşmasına qarşı dünya ermənilərini toparlamağa çalışır. Partiyanın liderlərindən biri olan Kiro Manoyan bildirib ki, "Dağlıq Qarabağ 18 ildir dövlət müstəqilliyini əldə edib. İndi biz bu müstəqilliyi itirmək təhlükəsilə üz-üzə dayanmışıq. Buna görə də Respublika partiyasını hakimiyyətdən devirmək və Serj Sarqsyanı isə istefaya getməyə məcbur etmək lazımdır. Türkiyə ilə sərhədlərin açılması əslində Ermənistanın türklər tərəfindən işğalı deməkdir".

Hakim Respublika partiyasının üzvü, deputat Eduard Şarmazanovun sözünə görə, "Dağlıq Qarabağın müstəqilliyini tanımaq barədə parlamentə sənəd təqdim olunacağı təqdirdə, bu barədə hər hansı bir qərar nəinki bu gün, sabah da təsdiqlənməyəcək".

Hazırda Ermənistan siyasi çevrələrində ən çox dartışılan məsələlərdən biri də - Türkiyə ilə sərhədlərin açılacağı təqdirdə Ermənistanın sərhədlərini qoruyan Rusiya Sərhəd Xidməti Qoşunlarının taleyi məsələsidir. Faktiki olaraq 1992-ci ildən Rusiya hərbi qüvvələri Ermənistanın İran və Türkiyə ilə olan sərhədlərini qoruyur. Gümrü, Armavir, Artaşat, Mehri rayonları daxil olmaqla yanaşı, Zvartnots beynəlxalq hava limanı faktiki olaraq Rusiya hərbçilərinin nəzarətindədir. Erməni politoloqlarının fikrincə, 88 il öncə Qars anlaşmasının şərtlərinə əsasən sərhədləri Rusiya hərbi qüvvələri qoruyurdu. Sərhədlərin açılacağı təqdirdə bu anlaşma öz qüvəsini itirir. Ermənistan üçün ən böyük faciə odur ki, özünün sərhəd xidməti üzrə nə mütəxəssisləri var, nə də dövlət büdcəsindən bu qurumu maliyyələşdirmək üçün vəsaiti.

Bu gün Qərb siyasi çevrələrini daha çox Ermənistandakı siyasi durum narahat etməkdədir. Belə ki, müxalifət partiyalarının əksəriyyəti prezident Serj Sarqsyan və komandasının istefaya göndərilməsini təbliğ edir. Digər tərəfdən, bu sırada erməni diaspor təşkilatları da müxalifətlə həmrəylik nümayiş etdirir. Parlamentdə deputat yerlərinə malik olan Daşnaksütyun, İrs, Ramkavar Azatakan, Hnçak partiyaları, 17 siyasi partiyanı və 2 ictimai təşkilatı özündə birləşdirən Erməni Milli Konqresi təşkilatı bu yöndə həmrəydir. Belə bir prosesdə regionda dərin təsir gücünə malik olan Rusiyanın susqun görünməsi, Qərbin həyəcanı, İranın vədlərinin boşa çıxması, hər hansı bir proqnozun doğruluğuna şübhələrin artması Ermənistanın artıq dalana dirənməsi kimi də qəbul edilə olar.