![]() |
çap et |
|
|||
Müdafiə və təhlükəsizlik sektorunda həftənin ən qalmaqallı hadisələrindən biri Türkiyənin Azərbaycanın strateji müttəfiqi statusundan "çıxarılması mümkünlüyü" ilə bağlı aparılan müzakirələr oldu. "MilAz" İnformasiya Agentliyi Azərbaycanın Hərbi Doktrinası layihəsinin geriyə - yenidən hazırlanma mərhələsinə qaytarıldığı barədə məlumat dərc etdikdən sonra bu məlumat fəal müzakirə obyektinə çevrildi. Sənəd layihəsini hazırlayan işçi qrupunun adının çəkilməsini istəməyən əməkdaşı agentliyə bildirib ki, layihənin geri qaytarılmasının əsas səbəbi son vaxtlar Azərbaycan və Türkiyə arasında yaranmış soyuqluqdur.
Mənbə bildirib ki, parlamentin payız sessiyasında, ən geci yaz sessiyasında Hərbi Doktrina layihəsinin müzakirə olunaraq qəbulu planlaşdırılsa da, sonradan Türkiyə və Ermənistan arasında protokolların imzalanması səbəbindən rəsmi Bakı tələsməməyi qərara alıb. "Layihədə Türkiyə Azərbaycanın strateji müttəfiqi, Ermənistan isə düşməni kimi əks olunub. Türkiyə rəhbərliyinin Ermənistanla "iş birliyi"nə getməsindən sonra Azərbaycan bu sənədlərdə bəzi dəyişikliklər etmək məcburiyyətində qalıb. Türkiyə iqtidarının son addımları Azərbaycanın Hərbi Doktrinasında dəyişikliklərə zərurət yaradıb", - deyə mənbə bildirir. Qeyd edib ki, Azərbaycanla Türkiyə arasında soyuqluğun davam edəcəyi təqdirdə ölkəmizin Hərbi Doktrinasında Türkiyənin "strateji müttəfiq" statusundan çıxarılması istisna deyil. "Çox təəssüf ki, proseslər buna doğru gedir və bunun qarşısını almaq niyyəti ortada deyil", - deyə o bildirib. Xatırladaq ki, 2007-ci il mayın 23-də prezident İlham Əliyev ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının təsdiqi haqqında sərəncam imzalamışdı. Sərəncamda Hərbi Doktrinanın 3 ay müddətində hazırlanıb parlamentdə təsdiqlənmək üçün prezidentə təqdim olunması ilə bağlı göstəriş də əksini tapmışdı. Həmin göstərişin verildiyi tarixdən artıq 2 ildən çox vaxt keçib... Rusiya niyə fəallaşır? Hərbi Doktrinan layihəsində deyilir ki, Azərbaycan Türkiyə ilə birgə müdafiə siyasəti yürüdür, onunla hərbi quruculuq sahəsində iş birliyini gücləndirir, NATO və GUAM çərçivəsində kollektiv təhlükəsizliyə böyük əhəmiyyət verir. Azərbaycanın milli maraqlarına ziyan olmayan siyasət yürüdən istənilən dövlət Azərbaycanın tərəfdaşı ola bilər. Sənəddə NATO strukturlarına inteqrasiyanın Azərbaycanın hərbi təhlükəsizliyinin təminatında oynadığı rol yüksək qiymətləndirilir. Layihə ilə bağlı daha bir diqqətçəkən məsələ Rusiya hərbi-siyasi dairələrinin onun hazırlanması prosesində iştirak arzusu ilə bağlıdır. Məlumdur ki, indiyədək Bakı buna icazə verməyib və bu mövqe sənədin hazırlanmasında iştirak edən Türkiyə, ABŞ, Almaniya və Böyük Britaniya mütəxəssisləri tərəfindən dəstəklənib. Lakin regionda baş verən son olaylardan sonra Bakının Moskva ilə münasibətlərində istilik yaranıb. Bu, Rusiya tərəfində Azərbaycanın baş strateji sənədinin hazırlanmasında iştirak marağını bərpa edib və hazırda məsələ ilə bağlı tərəflər arasında məsləhətləşmələr gedir. Ekspertlərin fikrincə, Rusiyanın sözügedən sənədin hazırlanması prosesində iştirakı Azərbaycanın hərbi-siyasi prioritetlərinin dəyişilməsinə səbəb olar ki, bu da Bakının Avroatlantik məkana inteqrasiya hədəflərinə birbaşa təhlükə olacaq. Azərbaycanın Hərbi Doktrina layihəsində sonuncu dəyişiklik Gürcüstan və Rusiya arasında baş vermiş münaqişədən sonra həyata keçirilib. Bunun nəticəsində sənəddə Azərbaycanın xarici hərbi-siyasət kursunda "balanslılığın" əsas olduğu əksini tapıb. Halbuki bundan öncə sənəddə Avroatlantik məkana inteqrasiya birmənalı və başlıca xarici hərbi-siyasət kursu hesab edilirdi. Nəzərə alaq ki, 2007-ci ilin ortalarından etibarən regionda Türkiyə, Gürcüstan və Azərbaycanın iştirak edəcəyi yeni hərbi blokun yaradılması istiqamətində fəal müzakirələrə başlanılmışdı. Şübhəsiz ki, bu müzakirələr heç də Rusiyanın maraqlarına cavab vermirdi. O vaxtdan artıq 2 ildən çox keçib. Aşkar görünür ki, Rusiya bölgə ilə bağlı məkrli maraqlarının bir hissəsini təmin edib və regionda üçtərəfli hərbi blokun yaradılması istiqamətində addımlar təxirə salınıb. Məlumat düzdürmü? MM təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bir sıra KİV orqanlarına verdiyi müsahibədə diqqətçəkən fikirlər səsləndirib: "Hərbi Doktrina bizim konstitusion institutumuzdur və bu bizim Konstitusiyada yazılıbsa, biz bunu qəbul etməliyik. Belə fikirləşirəm ki, Hərbi Doktrinanın vaxtı bir az yubansa da, bu sənəd hərtərəfli və balanslaşdırılmış bir sənəd olacaq. Yəni regionda baş verən son proseslər bizi məcbur edir ki, biz bu sənədi daha da kamilləşdirək və onu Azərbaycan xalqı və dövlətinin mənafeyinə uyğun formada ortaya qoyaq". MM təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "Media- forum" saytına bildirib ki, Hərbi Doktrina yenidən hazırlanmaq üçün geri qaytarılmayıb. "Parlamentin payız sessiyasında sənədin qəbulu mümkündür" deyən Z.Oruc hesab edir ki, Hərbi Doktrina ölkənin yerləşdiyi regionun reallıqlarını, təhlükələrini, təhdidlərini və siyasi risklərini nəzərə almalıdır: "Bu baxımdan hər ölkənin silahlı qüvvələri qarşısında vəzifələr qoyulur. Bu sənəd ölkənin beynəlxalq ikitərəfli, çoxtərəfli əlaqələrini də nəzərdə tutur. İndi bəziləri Azərbaycanın Hərbi Doktrinasında dəyişiklik ediləcəyini, Türkiyənin strateji tərəfdaş ölkələr sırasından çıxarılacağını iddia edir. Heç bir halda belə şey ola bilməz. Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün həyata keçirdiyi "yol xəritəsi" Azərbaycanın strateji maraqlarına zərbə vurur. Amma buna görə Türkiyəni sıradan çıxarılan dövlətə çevirmək kimi bir yanaşma ortaya qoymaq real deyil". Deputatın fikrincə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bakıda səsləndirdiyi son bəyanatlar, prezident Abdulla Gülün dövlət başçısı İlham Əliyevə zəng vurması, bu yöndə atılan digər addımlar göstərir ki, Türkiyə - Azərbaycan müttəfiqliyini, qardaşlığını, iki ölkənin siyasi maraqlarının ümumiliyini qoruyub saxlamaq mümkün olacaq. Bu, Azərbaycanın ən mühüm sənədlərində də öz əksini tapacaq. Türkiyənin bizim ordu üçün etdikləri Qeyd edilən istiqamətdə müzakirələrin uzanacağını güman etmək olar. Lakin bir məsələ həmişə diqqət mərkəzindədir: əgər Azərbaycanla Türkiyə strateji müttəfiqdirsə, onda bu istiqamətdə onlar arasında saziş niyə imzalanmayıb? Bakı bu sazişin imzalanmasına niyə səy göstərmir? Yeri gəlmişkən, oktyabrın 22-də Ankarada Türkiyə və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Türkiyə prezidenti xüsusi olaraq bəyan edib ki, Qazaxıstan Türkiyənin strateji tərəfdaşlıq haqqında müqavilə imzaladığı ilk türkdilli dövlətdir. Azərbaycan isə hələlik buna tələsmir. Cəmiyyətdə Türkiyə əleyhinə fikirlərinsə körüklənmə prosesi davam edir. Bir nüansı xatırladaq: cari ilin yanvarında NATO-nun Azərbaycan üzrə əlaqə dövləti statusunun Türkiyədən Rumıniyaya keçməsi bir çoxlarını təəssüfləndirdi. Ekspertlərin bir çoxu hesab edirdi ki, Azərbaycan Türkiyənin vasitəçi dövlət olduğu dövrlərdən səmərəli istifadə edə bilmədi. Bu illərdə həqiqətən də Ankara Bakıya mənəvi və maddi-texniki baxımdan çox güclü dəstək oldu. Türkiyə Azərbaycana müstəqillik əldə etdikdən bu yana 200 milyon dollara qədər müxtəlif hərbi yardımlar göstərib. Türkiyə Silahlı Qüvvələrinin köməyi nəticəsində Naxçıvanda hərbi hissələr Azərbaycanda ilk dəfə olaraq NATO standartlarına uyğunlaşdırılıb. 2005-ci ildə muxtar respublikadakı hərbi birləşməyə təmənnasız olaraq 2,7 milyon dollar dəyərində rabitə avadanlıqları və tibbi ləvazimat verilib. Türkiyə Azərbaycanın tək Quru Qoşunlarına deyil, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, Daxili Qoşunlar, Milli Qvardiyaya müxtəlif formalarda yardımlar göstərib. Türkiyə Azərbaycanın HDQ-nin maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də kadr hazırlığında mühüm rol oynayır. Türkiyənin çox az ölkələrdə hərbi attaşesi general rütbəlidir. ABŞ və Rusiya kimi istisna ölkələrdən biri də Azərbaycandır. Azərbaycandakı attaşelikdə bütün qoşunları təmsil edən hərbçilər çalışır. Məlumatlara görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin bir sıra birlik və birləşmələrində müxtəlif rütbələrdə türkiyəli zabitlər müşavir kimi çalışır. O cümlədən müdafiə nazirinin də türk müşavirinin olduğu bildirilir. Daxili Qoşunlar komandanının da türk müşaviri vardır. Ümumiyyətlə, hazırda həm Müdafiə Nazirliyinin, həm də Daxili Qoşunların təlim və tədris mərkəzlərində, o cümlədən Baş Qərargahda türkiyəli zabitlər müşavir qismində çalışır və müxtəlif vəzifələr tuturlar. Azərbaycan Türkiyə ilə kadr hazırlığı və hərbi təhsil sahəsində də sıx əməkdaşlıq edir. Hər il yüzlərlə azərbaycanlı hərbçi Türkiyə hərbi məktəblərində, akademiyalarında təhsil alır, kurslarda iştirak edir. Türkiyə Quru Qoşunları Məktəbi, Hərbi Dəniz Məktəbi, İzmirdəki Hərbi Aviasiya Məktəbi, Focadakı xüsusi təyinatlılar məktəbində azərbaycanlı hərbçilər təhsil alır. Hər il onlarca azərbaycanlı zabit Türkiyə Silahlı Qüvvələri Akademiyasını və Strateji Akademiyasını bitirir. Türkiyə ilə strateji münasibətlərin perspektivi Göründüyü kimi, Türkiyə ilə Azərbaycan arasında strateji-hərbi müttəfiqliyin ciddi əsasları mövcuddur. Lakin Bakı bundan yetərincə faydalana bilirmi? Əlbəttə, xeyr. Ekspertlərin fikrincə, Azərbaycan Türkiyəni özünə strateji müttəfiq hesab edirsə, onda bu ölkə ilə hərbi-siyasi əməkdaşlığının güclənməsinə dəlalət edəcək aşağıdakı addımlar atmalıdır: - Azərbaycanla Türkiyə arasında tezliklə strateji müttəfiqlik müqaviləsi imzalanmalıdır. Bunsuz Türkiyənin Azərbaycanın gerçək strateji tərəfdaşı olduğunu demək çətindir. - Türkiyədə təhsil alan azərbaycanlı hərçilərin sayı artırılmalıdır. Nəzərə alınmalıdır ki, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində fəal səylər göstərir. Azərbaycan ordusunun kadr ehtiyaclarının tam ödənilməsi üçün Türkiyə ilə bu istiqamətdə əməkdaşlıq gücləndirilməlidir. - Türkiyədə təhsil alaraq Azərbaycana qayıtmış zabitlərdən Silahlı Qüvvələrdə səmərəli istifadə olunmalı, onların karyera artımına imkan yaradılmalıdır. Qeyd: Azərbaycanda bir sıra ekspertlər Türkiyədə təhsil alan zabitlərin bir çoxunun Milli Orduda xidmət zamanı problemlərlə üzləşdiklərini bəyan edirlər. - Azərbaycan hərbi məktəblərində çalışan türkiyəli mütəxəssislərin sayı artırılmalıdır. Qeyd: son vaxtlar Azərbaycandakı türkiyəli mütəxəssislərin sayının bir qədər azaldığı bildirilir. - Azərbaycanın strateji ordu quruculuğunda, sənəd və hərbi qanunvericiliyin hazırlanması məsələlərində türkiyəli mütəxəssislərin iştirak səviyyəsinin artırılması zəruridir. - Müdafiə Nazirliyində aparıcı vəzifələrdən birinə Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin təyin olunması vacib hesab edilir. Bu, orduda NATO standartlarına uyğun islahatları irəli aparardı. - Azərbaycan hərbi sənaye kompleksinin inkişaf planında Türkiyəyə ciddi rol verilməsi, Türkiyənin hərbi sənaye şirkətləri ilə müştərək layihələrin həyata keçirilməsi vacibdir. Qeyd: Türkiyə hərbi sənaye kompleksinin təmsilçiləri uzun müddətdir ki, Azərbaycana sərmayə yatırımı imkanlarını araşdırırlar. Lakin hələlik bu istiqamətdə ciddi uğurlara nail ola bilməyiblər (?). - Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin təlim-tədris mərkəzi açılması, burada Azərbaycan hərbçilərinin NATO standartlarına uyğun təhsil alması zəruridir. Bu, bizim büdcə vəsaitlərinə qənaət baxımından sərfəlidir. Təsdiq olunmamış bilgilərə görə, Azərbaycan hərbi qulluqçularının xarici ölkələrdə, o cümlədən Türkiyədə təhsil almasına il ərzində 20-30 milyon manatdan artıq vəsait sərf olunur. Azərbaycanda Türkiyə SQ təlim-tədris mərkəzinin açılması qeyd edilən vəsaitin ordunun digər ehtiyaclarına sərfinə imkan yaradardı. Beləliklə, Azərbaycan hakimiyyəti Türkiyə ilə gerçək hərbi-strateji müttəfiqlik yolunda xeyli iş görməlidir. Bakı buna hazırdırmı? |