Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyə hazırdırmı?
Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyə hazırdırmı?
Rəsmi Bakı qardaş ölkə ilə hərbi əməkdaşlığın dərinləşməsi istiqamətində konkret addımlar atmalıdır
Şənbə, 24.10.2009

Cəsur Sümərinli mətn ölçüsü  

Müdafiə və təhlükəsizlik sektorunda həftənin ən qalmaqallı hadisələrindən biri Türkiyənin Azərbaycanın strateji müttəfiqi statusundan "çıxarılması mümkünlüyü" ilə bağlı aparılan müzakirələr oldu. "MilAz" İnformasiya Agentliyi Azərbaycanın Hərbi Doktrinası layihəsinin geriyə - yenidən hazırlanma mərhələsinə qaytarıldığı barədə məlumat dərc etdikdən sonra bu məlumat fəal müzakirə obyektinə çevrildi. Sənəd layihəsini hazırlayan işçi qrupunun adının çəkilməsini istəməyən əməkdaşı agentliyə bildirib ki, layihənin geri qaytarılmasının əsas səbəbi son vaxtlar Azərbaycan və Türkiyə arasında yaranmış soyuqluqdur.

Mənbə bildirib ki, parlamentin payız sessiyasında, ən geci yaz sessiyasında Hərbi Doktrina layihəsinin müzakirə olunaraq qəbulu planlaşdırılsa da, sonradan Türkiyə və Ermənistan arasında protokolların imzalanması səbəbindən rəsmi Bakı tələsməməyi qərara alıb. "Layihədə Türkiyə Azərbaycanın strateji müttəfiqi, Ermənistan isə düşməni kimi əks olunub. Türkiyə rəhbərliyinin Ermənistanla "iş birliyi"nə getməsindən sonra Azərbaycan bu sənədlərdə bəzi dəyişikliklər etmək məcburiyyətində qalıb. Türkiyə iqtidarının son addımları Azərbaycanın Hərbi Doktrinasında dəyişikliklərə zərurət yaradıb", - deyə mənbə bildirir. Qeyd edib ki, Azərbaycanla Türkiyə arasında soyuqluğun davam edəcəyi təqdirdə ölkəmizin Hərbi Doktrinasında Türkiyənin "strateji müttəfiq" statusundan çıxarılması istisna deyil. "Çox təəssüf ki, proseslər buna doğru gedir və bunun qarşısını almaq niyyəti ortada deyil", - deyə o bildirib.

Xatırladaq ki, 2007-ci il mayın 23-də prezident İlham Əliyev ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının təsdiqi haqqında sərəncam imzalamışdı. Sərəncamda Hərbi Doktrinanın 3 ay müddətində hazırlanıb parlamentdə təsdiqlənmək üçün prezidentə təqdim olunması ilə bağlı göstəriş də əksini tapmışdı. Həmin göstərişin verildiyi tarixdən artıq 2 ildən çox vaxt keçib...

Rusiya niyə fəallaşır?

Hərbi Doktrinan layihəsində deyilir ki, Azərbaycan Türkiyə ilə birgə müdafiə siyasəti yürüdür, onunla hərbi quruculuq sahəsində iş birliyini gücləndirir, NATO və GUAM çərçivəsində kollektiv təhlükəsizliyə böyük əhəmiyyət verir. Azərbaycanın milli maraqlarına ziyan olmayan siyasət yürüdən istənilən dövlət Azərbaycanın tərəfdaşı ola bilər. Sənəddə NATO strukturlarına inteqrasiyanın Azərbaycanın hərbi təhlükəsizliyinin təminatında oynadığı rol yüksək qiymətləndirilir.

Layihə ilə bağlı daha bir diqqətçəkən məsələ Rusiya hərbi-siyasi dairələrinin onun hazırlanması prosesində iştirak arzusu ilə bağlıdır. Məlumdur ki, indiyədək Bakı buna icazə verməyib və bu mövqe sənədin hazırlanmasında iştirak edən Türkiyə, ABŞ, Almaniya və Böyük Britaniya mütəxəssisləri tərəfindən dəstəklənib. Lakin regionda baş verən son olaylardan sonra Bakının Moskva ilə münasibətlərində istilik yaranıb. Bu, Rusiya tərəfində Azərbaycanın baş strateji sənədinin hazırlanmasında iştirak marağını bərpa edib və hazırda məsələ ilə bağlı tərəflər arasında məsləhətləşmələr gedir.

Ekspertlərin fikrincə, Rusiyanın sözügedən sənədin hazırlanması prosesində iştirakı Azərbaycanın hərbi-siyasi prioritetlərinin dəyişilməsinə səbəb olar ki, bu da Bakının Avroatlantik məkana inteqrasiya hədəflərinə birbaşa təhlükə olacaq.

Azərbaycanın Hərbi Doktrina layihəsində sonuncu dəyişiklik Gürcüstan və Rusiya arasında baş vermiş münaqişədən sonra həyata keçirilib.

REKLAM

Bunun nəticəsində sənəddə Azərbaycanın xarici hərbi-siyasət kursunda "balanslılığın" əsas olduğu əksini tapıb. Halbuki bundan öncə sənəddə Avroatlantik məkana inteqrasiya birmənalı və başlıca xarici hərbi-siyasət kursu hesab edilirdi.

Nəzərə alaq ki, 2007-ci ilin ortalarından etibarən regionda Türkiyə, Gürcüstan və Azərbaycanın iştirak edəcəyi yeni hərbi blokun yaradılması istiqamətində fəal müzakirələrə başlanılmışdı. Şübhəsiz ki, bu müzakirələr heç də Rusiyanın maraqlarına cavab vermirdi. O vaxtdan artıq 2 ildən çox keçib. Aşkar görünür ki, Rusiya bölgə ilə bağlı məkrli maraqlarının bir hissəsini təmin edib və regionda üçtərəfli hərbi blokun yaradılması istiqamətində addımlar təxirə salınıb.

Məlumat düzdürmü?

MM təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bir sıra KİV orqanlarına verdiyi müsahibədə diqqətçəkən fikirlər səsləndirib: "Hərbi Doktrina bizim konstitusion institutumuzdur və bu bizim Konstitusiyada yazılıbsa, biz bunu qəbul etməliyik. Belə fikirləşirəm ki, Hərbi Doktrinanın vaxtı bir az yubansa da, bu sənəd hərtərəfli və balanslaşdırılmış bir sənəd olacaq. Yəni regionda baş verən son proseslər bizi məcbur edir ki, biz bu sənədi daha da kamilləşdirək və onu Azərbaycan xalqı və dövlətinin mənafeyinə uyğun formada ortaya qoyaq".

MM təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "Media- forum" saytına bildirib ki, Hərbi Doktrina yenidən hazırlanmaq üçün geri qaytarılmayıb. "Parlamentin payız sessiyasında sənədin qəbulu mümkündür" deyən Z.Oruc hesab edir ki, Hərbi Doktrina ölkənin yerləşdiyi regionun reallıqlarını, təhlükələrini, təhdidlərini və siyasi risklərini nəzərə almalıdır: "Bu baxımdan hər ölkənin silahlı qüvvələri qarşısında vəzifələr qoyulur. Bu sənəd ölkənin beynəlxalq ikitərəfli, çoxtərəfli əlaqələrini də nəzərdə tutur. İndi bəziləri Azərbaycanın Hərbi Doktrinasında dəyişiklik ediləcəyini, Türkiyənin strateji tərəfdaş ölkələr sırasından çıxarılacağını iddia edir. Heç bir halda belə şey ola bilməz. Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün həyata keçirdiyi "yol xəritəsi" Azərbaycanın strateji maraqlarına zərbə vurur. Amma buna görə Türkiyəni sıradan çıxarılan dövlətə çevirmək kimi bir yanaşma ortaya qoymaq real deyil".

Deputatın fikrincə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bakıda səsləndirdiyi son bəyanatlar, prezident Abdulla Gülün dövlət başçısı İlham Əliyevə zəng vurması, bu yöndə atılan digər addımlar göstərir ki, Türkiyə - Azərbaycan müttəfiqliyini, qardaşlığını, iki ölkənin siyasi maraqlarının ümumiliyini qoruyub saxlamaq mümkün olacaq. Bu, Azərbaycanın ən mühüm sənədlərində də öz əksini tapacaq.

Türkiyənin bizim ordu üçün etdikləri

Qeyd edilən istiqamətdə müzakirələrin uzanacağını güman etmək olar. Lakin bir məsələ həmişə diqqət mərkəzindədir: əgər Azərbaycanla Türkiyə strateji müttəfiqdirsə, onda bu istiqamətdə onlar arasında saziş niyə imzalanmayıb? Bakı bu sazişin imzalanmasına niyə səy göstərmir? Yeri gəlmişkən, oktyabrın 22-də Ankarada Türkiyə və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Türkiyə prezidenti xüsusi olaraq bəyan edib ki, Qazaxıstan Türkiyənin strateji tərəfdaşlıq haqqında müqavilə imzaladığı ilk türkdilli dövlətdir.

Azərbaycan isə hələlik buna tələsmir. Cəmiyyətdə Türkiyə əleyhinə fikirlərinsə körüklənmə prosesi davam edir.

Bir nüansı xatırladaq: cari ilin yanvarında NATO-nun Azərbaycan üzrə əlaqə dövləti statusunun Türkiyədən Rumıniyaya keçməsi bir çoxlarını təəssüfləndirdi. Ekspertlərin bir çoxu hesab edirdi ki, Azərbaycan Türkiyənin vasitəçi dövlət olduğu dövrlərdən səmərəli istifadə edə bilmədi. Bu illərdə həqiqətən də Ankara Bakıya mənəvi və maddi-texniki baxımdan çox güclü dəstək oldu.

Türkiyə Azərbaycana müstəqillik əldə etdikdən bu yana 200 milyon dollara qədər müxtəlif hərbi yardımlar göstərib. Türkiyə Silahlı Qüvvələrinin köməyi nəticəsində Naxçıvanda hərbi hissələr Azərbaycanda ilk dəfə olaraq NATO standartlarına uyğunlaşdırılıb. 2005-ci ildə muxtar respublikadakı hərbi birləşməyə təmənnasız olaraq 2,7 milyon dollar dəyərində rabitə avadanlıqları və tibbi ləvazimat verilib. Türkiyə Azərbaycanın tək Quru Qoşunlarına deyil, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, Daxili Qoşunlar, Milli Qvardiyaya müxtəlif formalarda yardımlar göstərib. Türkiyə Azərbaycanın HDQ-nin maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də kadr hazırlığında mühüm rol oynayır.

Türkiyənin çox az ölkələrdə hərbi attaşesi general rütbəlidir. ABŞ və Rusiya kimi istisna ölkələrdən biri də Azərbaycandır. Azərbaycandakı attaşelikdə bütün qoşunları təmsil edən hərbçilər çalışır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır

Almaniya yığması Bakıya gəlir

Bölmənin digər xəbərləri
 
ABŞ Azərbaycana ismarıclar göndərdi
Bakı - Vaşinqton münasibətlərində süstlük ayları arxada qalır

Xəzərin təhlükəsizliyi məsələsində fikirlər üst-üstə düşür
Gələn ilin yanvarında Bakıda bu məsələyə dair növbəti görüş keçiriləcək

Azərbaycanlılar Orta Asiya Konqresində birləşir
Bu işin yekununda bölgədə mütəşəkkilliyimiz daha da artacaq

"Protokol anlaşması" və İrəvanın problemləri
İanələr azalır, başağrıları çoxalır. Müxalifət isə Sarqsyanı devirməyi təbliğ edir

Sarkisyan Əliyevə cavab verdi
O, ermənilərin döyüş qabiliyyətli silahlı qüvvələrə malik olduğunu deyib

Lənkəranda partiyaların bələdiyyə seçkilərinə marağı azalır
Müxalifətçilərin bu seçkidə iştirak etmək istəyi, demək olar, yoxdur

Bayraq böhranının arxasındakılar
Azərbaycan strateji baxımdan meydanda təkdir. Sürixdəki həmin o "yeddi canavar" Qarabağda referendum tələbi ilə üstümüzə gələcək

ATƏT-in Bakı ofisi hökumətlə sövdələşməyə gedib?
Azərbaycanda orduya ictimai nəzarət mexanizmi iflasa uğrayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər