Xəzərin o tayındakı qardaş ölkələrdə yaşayan azərbaycanlıların diaspor qurumları təşkilati baxımdan bu yaxınlarda Orta Asiya Konqresində birləşəcək. Bu məlumatı Bakıya gəlmiş Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü və Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov çatdırdı. "Mən hazırda bu yöndə koordinasiya işləri ilə məşğulam. Bu işin yekununda Orta Asiya ölkələrində biz azərbaycanlıların mütəşəkkilliyi daha da artacaq" - deyə Akif Ağatalıbov bildirdi.
Assosiasiya sədrinin sözlərinə görə, azərbaycanlıların Orta Asiya ölkələrindəki diaspor təşkilatları bir-birləri ilə mütəmadi əlaqələr saxlayırlar. Özbəkistanda isə 62 mindən artıq azərbaycanlı yaşayır, soydaşlarımız arasında güclü həmrəylik var və bizimkilər bu qardaş ölkədə Azərbaycanı layiqincə təmsil edirlər.
Akif Ağatalıbov deyir: "Özbəkistanın 10-a yaxın şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının bölməsi fəaliyyət göstərir. Bizim orada Ağsaqqallar Şurası, Gənclər Təşkilatı, Qadınlar Cəmiyyəti və s. var. Həmvətənlərimizin hamısı çox gözəl və dəyərli işlərlə məşğuldurlar. Mən Azərbaycan diasporu ilə bağlı dünyanın bir sıra ölkələrində keçirilən tədbirlərdə iştirak etmişəm. Bütün tədbirlərdə demişəm ki, bizim millətimiz vətəndən kənarda yaşamağına baxmayaraq, azərbaycançılığı azərbaycanlı kimi təbliğ etməlidirlər. Unutmamalıyıq ki, biz azərbaycanlıyıq. Azərbaycan sözündə bizim torpağımız, millətimiz, anamız, milli namusumuz var. Çalışırıq ki, öz əməllərimizlə, işimizlə vətəndən kənarda Azərbaycanı layiqincə təmsil edək, ona hörmət qazandıraq".
Həmsöhbətimiz bildirdi ki, Özbəkistanda azərbaycanlı generallar, əməkdar həkimlər, mədəniyyət xadimləri yaşayır. Onlardan general-polkovnik Paşa İmanquliyev, polkovnik Ağasəf Bayramov, Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva, Özbəkistanın əməkdar diktoru Şövkət Qudarli, məşhur politoloq Aydın Qudarli və digərlərini qeyd etmək olar. Bizim İdarə Heyətinin üzvləri 21 nəfərdir. Onların hamısı Özbəkistanda dövlət işlərində çalışır, bütün ölkədə tanınan hörmətli və ləyaqətli insanlardır. Qeyd edim ki, azərbaycanlı qızlardan ibarət 48 nəfərlik rəqs ansamblımız var. Bədii rəhbəri isə Azərbaycanın əməkdar artisti Kövkəb Əliyevadır".
Özbəkistan dövlətinin Qarabağ məsələsinə münasibətinə gəlincə, Akif Ağatalıbov dedi ki, Özbəkistanda bu günə qədər Ermənistanın nə səfirliyi, nə konsulluğu, nə də bir mədəniyyət mərkəzi var. Beş Azərbaycan təyyarəsi Özbəkistana uçur. Amma bir dənə də olsun Ermənistan təyyarəsi Özbəkistana gəlmir. Prezidentimiz İslam Kərimov deyib ki, Qarabağ məsələsi həll olunmayana qədər Özbəkistanda nə erməni səfirliyi, nə mədəniyyət mərkəzi ola bilər. Bu gün Özbəkistanda Azərbaycanın həm səfirliyi, həm konsulluğu, bundan başqa böyük şəhərlərdə mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Özbəkistan bizim ümumi evimizdir. Özbək xalqı azərbaycanlılara qəlbən çox yaxın və doğmadır. Azərbaycan və Özbəkistan arasında ticari-iqtisadi və mədəni əlaqələr ildən-ilə genişlənir və biz bunu təqdir edirik".
Akif Ağatalıbov deyir ki, onlar Özbəkistanda yaşasalar da, Azərbaycanın sevincinə sevinir, kədərinə kədərlənir, xalqımızın həyatındakı əlamətdar hadisələrlə bağlı günləri mütəmadi qeyd edirlər: "Bu gün bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Xalqımızın başına gətirilən bu faciənin ağrısını yaşayırıq. Orada biz milli mərasimlərimizi, bayram tədbirlərimizi adətən Türkiyədən olan qardaşlarımızla bir yerdə keçiririk. Xalq bir-birini bu qədər istəyir, bu qədər bir-birinə doğma və məhrəmdir, amma düşmən Ermənistanla indiki halda əlaqələr qurmaqla, sərhədləri açmaqla, bayraqlara qarşı hörmətsizlik etməklə aralığa girənlər, bizi bir-birimizdən ayırmağa, araya soyuqluq salmağa çalışan qüvvələr var. İnanıram ki, onlar bunu bacarmazlar".
|