ABŞ Dövlət katibi köməkçisinin Avrasiya məsələləri üzrə müavini Tina Kaydanov Cənubi Qafqaza turnesi çərçivəsində dünən Amerikanın Bakı səfirliyində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.
Görüş mətbuatın iştirakı olmadan keçirilib. "Turan"a məlumatlı mənbələrdən daxil olan xəbərə görə, amerikalı diplomat politoloqlar Rasim Musabəyov, Hikmət Hacızadə və İlqar Məmmədov, hüquq müdafiəçiləri Arzu Abdullayeva və Emin Hüseynov, habelə gənc fəal Orxan Qafarlı ilə görüşüb. Sonuncu görüşə gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsinə səbəb olan hadisənin şahidi kimi dəvət olunub.
Mənbənin məlumatına görə, Kaydanov Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrini Vaşinqton üçün ikitərəfli münasibətlərdə demokratiya məsələlərinin prioritet olaraq qalacağını əmin edib.
O qeyd edib ki, Vaşinqton əvvəlki kimi söz azadlığı məsələlərini, həbsdə olan jurnalistlər və bloggerlər problemini, habelə "Azadlıq", "Amerikanın səsi" və BBS radiolarının yayımının dayandırılması məsələsini diqqət mərkəzində saxlayacaq. Vaşinqton adıçəkilən məsələlərin müsbət şəkildə həlli məqsədilə bu məsələlər üzrə rəsmi Bakı ilə dialoqu davam etdirmək niyyətindədir. Kaydanov özü bu problemləri Azərbaycan hökumət nümayəndələri ilə görüşündə qaldıracağını vəd edib.
Bunu belə anlamaq olur ki, ABŞ Tina Kaydanovun dili ilə Azərbaycana ismarıclar göndərir. Qarşıda Bakı - Vaşinqton münasibətlərində bir fəallıq müşahidə olunacaq. Süstlük ayları bir növ arxada qalır.
Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bürosunun rəhbəri Arzu Abdullayeva APA-ya bildirib ki, ABŞ təmsilçisinin səfərinin məqsədi Azərbaycanda tanışlıq xarakteri daşıyır. Görüşdə QHT təmsilçiləri Azərbaycanda medianın vəziyyəti, söz azadlığı, insan haqları, demokratik proseslər, Qarabağ münaqişəsi, Türkiyə-Ermənistan münasibətləri və s. ilə bağlı Tina Kaydanova məlumat verib və bu məsələlərlə bağlı mövqelərini açıqlayıblar.
QHT təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş müzakirə aparıb və bu məsələdə Azərbaycanda hamının mövqeyinin bir olduğunu - münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olduğunu qeyd ediblər. Arzu Abdullayevanın sözlərinə görə, görüşdə iştirak edənlərin vaxtilə Kosovoda səfir olmuş Tina Kaydanov Qarabağ və Kosovo münaqişələri arasında yaxınlığın olub-olmaması barədə sualına cavab olaraq, o bu münaqişələr arasında heç bir yaxınlığın olmadığını deyib.
Görüşdə həmçinin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri barəsində də müzakirə aparılıb.
Dünən xarici işlər naziri Elmar Məmmədyarov amerikalı qonağı qəbul edib. XİN mətbuat xidmətindən "Ayna"ya verilən məlumatlara görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən xanım Kaydanov ABŞ administrasiyasının Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və ABŞ-ın Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.
Tina Kaydanov ABŞ-ın ATƏT Minsk Qrupunun həmsədri kimi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasında maraqlı olduğunu və bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb. Tina Kaydanov rəsmi Vaşinqtonun Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Türkiyə - Ermənistan münasibətlərinin normallaşması proseslərinin hər ikisində müsbət irəliləyişin əldə olunmasına tərəfdar olduğunu bildirib.
Tina Kaydanov Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, habelə Əfqanıstanda sülhün və sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ administrasiyası tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Öz növbəsində nazir Elmar Məmmədyarov Azərbaycanın ABŞ-la bütün sahələrdə çıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın daha da dərinləşdirilməsində ölkəmizin maraqlı olduğunu qeyd edib. Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesinə toxunan nazir Məmmədyarov nizamlanma ilə bağlı ölkəmizin mövqeyi barədə məlumat verib. Münaqişənin və Türkiyə - Ermənistan münasibətlərinin normallaşmasının bir-biri ilə bağlılığını qeyd edən nazir Məmmədyarov proseslərin hər ikisində paralel olaraq irəliləyiş əldə edilməsinin zəruriliyini bildirib.
Məmmədyarov regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün bütün kommunikasiyaların və yolların açılmasının vacibliyini qeyd edib, bunun üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələrinin çıxarılmasının əsas şərt olduğunu vurğulayıb.
Amerikalı qonaq plezident İlham Əliyev tərəfindən də qəbul edilib. Görüşdə Azərbaycan - ABŞ ikitərəfli münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu arada Vaşinqtonda Milli Demokratiyaya Dəstək Fondunun Avropa və Avrasiya proqramı çərçivəsində KİV-ə Beynəlxalq Dəstək Mərkəzinin keçirdiyi tədbirdə Azərbaycanda bloggerlərin həbsi kəskin pislənib ("Turan").
"Bakıda bloggerlərin həbsə atılması, Gürcüstanda telekanallara dövlət nəzarəti və Ermənistanda jurnalistlərə qarşı məhdudiyyətlər və zorakılıq regionda mediaya qarşı repressiyanın göstəricisidir. Biz başa düşməyə çalışırıq ki, orada nə baş verir", - deyə mərkəzin direktoru Marguerite H.Sullivan bildirib.
O, diqqəti buna yönəldib ki, dünyanın 195 ölkəsində azad medianın vəziyyətini araşdıran "Fridom haus" təşkilatı artıq bir neçə ildir Cənubi Qafqaz ölkələrinin adını bu sahənin gerilədiyi dövlətlər sırasına salır.
Milli Demokratiyaya Dəstək Fondunun nümayəndəsi Nadya Duik isə deyir ki, media Qafqazda, bir qayda olaraq, hökumətlər tərəfindən müxalif fikrə qarşı alət kimi istifadə olunur.
"10 il əvvəl bu ölkələrdə mətbuat daha azad idi. Azərbaycandakı "Azadlıq" qəzeti 10 minlərlə tiraja malik idi, Gürcüstanda "Rustavi", "İmedi" kimi 3-4 populyar müstəqil TV-lər var idi, eyni zamanda, Ermənistanda "A1+" telekanalı müstəqil fəaliyyəti ilə seçilirdi. Bütün bu media orqanları öz ölkələrinin hökumətləri tərəfindən sıxışdırılaraq, bəziləri sıradan çıxarılıb, jurnalistləri həbs edilib.
Duik vurğulayıb ki, Azərbaycanda hazırda jurnalistlərlə yanaşı, 2 bloggerin də həbsdə olması azad sözə meydan oxumaqdır.
Oxford Universitetindən Nino Caparidze deyir ki, Gürcüstanda media digər ölkələrlə müqayisədə demokratik dəyişikliklərə məruz qalsa da, Şevarnadzenin dövrü ilə müqayisədə vəziyyətin yaxşı olduğunu demək olmaz. Bununla yanaşı, Azərbaycan və Ermənistanla müqayisədə, burada media cəmiyyətə daha yaxındır, nəinki siyasətçilərə.
"Amma ümumilikdə plüralizm bu regionda geriləyib. Bütün dünyada medianın rolunu bölüşən mikrotexnologiya isə bu regionda o qədər də oturuşmayıb. Üstəlik hökumətlər Azərbaycanın timsalında bloggerlərin həbsi ilə bu texnologiyalara marağı doğulmamış dəfn etdirmək istəyirlər".
"İnternyus" təşkilatının təmsilçisi Persephone Miel deyir ki, müstəqil TV, Qərb radioları və sərbəst jurnalistika ümumilikdə Qafqazdan sıxışdırılıb çıxarılıb. Qəzetlər maliyyə, siyasi və digər asılılıqlar altındadır. Bu boşluğu məyyən dərəcədə internet əvəzləsə də, Azərbaycanda bloggerlərin həbsi mənfi tendensiya yaradır. "Açıq-aydın görünür ki, hökumət söz azadlığının bütün formalarına meydan oxuyur və bu, başqa yerlərə də sirayət etməmiş qarşısı alınmalıdır. Çox təəssüf ki, Qərb bu prosesləri kənardan izləyir".
Ekspert diqqəti ona yönəldib ki, Azərbaycanda hökumət media kimi, interneti də monopoliyaya alıb. Gürcüstanla müqayisədə bu ölkənin internet bazarına daxil olmaq müşküldür. Media araşdırmaları üzrə məşğul olan nüfuzlu "EDventure Noldings"in rəhbəri Esther Dyson isə deyir ki, hökumətlər azad sözü bu cür sıxışdırmaqla, özlərinə qarşı qəzəb yaratdıqlarını başa düşmürlər. Bu halda onlar insanların narazılıqlarını da eşidə bilmirlər, ağla qaranı ayırd edə bilmirlər, bir növ öz ətraflarında hasar çəkirlər. "Bu isə istənilən hakimiyyətlərin ömrü üçün əsas təhlükədir".
|