Xəzərdə təhlükəsizliyin təmin edilməsi sahəsində Xəzəryanı ölkələrin müvafiq strukturlarının qarşılıqlı fəaliyyəti və əməkdaşlığına dair saziş layihəsinin müzakirəsinə həsr olunmuş birinci iclas yekunlaşıb. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iclasın yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib (APA). Nazir müavini bildirib ki, 5 Xəzəryanı ölkə xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşdə saziş layihəsinin bir çox məqamları üzrə fikirlər üst-üstə düşüb, digərləri üzrə məsləhətləşmələr isə davam edəcək və gələn il yanvarın ikinci yarısında Bakıda bu məsələyə dair ikinci görüş keçiriləcək.
Xələf Xələfov saziş layihəsinin terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin satışı, qeyri-qanuni miqrasiya, insan alveri, qaçaqmalçılıq, silah alveri və onların hazırlanması üçün avadanlıq və texnologiyaların gətirilməsi ilə mübarizə mövzularını əhatə etdiyini söyləyib. Xəzəryanı ölkələr arasında ikitərəfli əməkdaşlığın mövcud olduğunu xatırladan diplomatın sözlərinə görə, bu saziş əməkdaşlığın çoxtərəfli formatda olmasına imkan yaradacaq.
Sualları cavablandıran nazir müavini Xəzərin statusu ilə bağlı konvensiyanın tam razılaşdırılmadığını, amma müəyyən məsələlər üzrə razılıq əldə olunduğunu açıqlayıb: "Xəzəryanı ölkələr ekologiya, ətraf mühitin qorunması üzrə konvensiyanı imzalayıblar və bu sənəd artıq qüvvəyə minib".
Türkmənistanın Xəzərin hüquqi statusu mövzusunda son bəyanatlarına münasibət bildirən Xələf Xələfov deyib ki, mətbuatda müəyyən fikirlərin səslənməsinə baxmayaraq, danışıqların potensialı tükənməyib: "Biz danışıqları davam etdirməyə hazırıq. Düşünürəm ki, Türkmənistan da buna hazırdır".
Xələf Xələfov bildirib ki, noyabrın 5-6-da Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun növbəti iclası keçiriləcək. Bakıda Xəzəryanı ölkələrin sammitinin nə vaxt keçiriləcəyi ilə bağlı sualı cavablandıran nazir müavini bildirib ki, bu istiqamətdə iş aparılır. O, görüşün vaxtının hələ razılaşdırılmadığını söyləyib.
|