çap et  
Yeganə Avropaya səs salacaq
Yeganə Avropaya səs salacaq
Onun yeni planlarının təqdimatı uzaq ölkələr üçün nəzərdə tutulub
Şənbə, 24.10.2009

Zəminə

Yerini Türkiyə şou-biznesində bərkidən Yeganə yeni yaradıcılıq işinə yekun vurub. Hazır məhsulu yerli mətbuatla bölüşmək niyyətində olan müğənni bu məqsədlə Bakıya səfər edəcək. Qısamüddətli səfər zamanı klipinin tanıtımını etməklə yanaşı televiziya kanallarının da qonağı olacaq. Yeganənin mətbuat əlaqələndiricisinin bildirdiyinə görə, hazırlıq işləri davam edən albomu da yaxın vaxtlarda dinləyici auditoriyasına təqdim ediləcək. Açıqlamada sənətçi bunları qeyd edir:

"Albomda bütün mahnılar yeni olacaq. Eyni zamanda yeni fotossesiya və daha bir yeni kliplə gündəmi təzələyəcəm. Çəkiləcək növbəti klip sözləri və musiqisi Ozan Kavazoğullarına məxsus olan "Askolik" mahnısınadır. Klipin budəfəki rejissoru olan Murad bəy də ünlü isimlər arasından seçilib".

Mətbuat katibinin açıqlamasından belə aydın oldu ki, bu, Yeganənin Türkiyədə çəkilən sayca 8-ci klipi olacaq. Dekabrda təqdim edilən alboma haqqında danışdığımız klip daxil ediləcək.

Qeyd olunur ki, Yeganənin hələ işıq üzü görməyən albomunun səsi-sorağı Avropadan gəlir. Aldığı təklifləri dəyərləndirən müğənni toplunun ilk təqdimatından sonra Avropaya silsilə səfərlər edəcək. Onun ilk konserti Almaniyada olacaq. Növbəti şəhərlərin adları isə yaxın həftələrin birində bilinəcək. Səfərlərdən biri isə Bakıyadır. Təqdimatlardan birini Bakıda keçirmək planlaşdırılır. Səfər müddətində Yeganə tamaşaçıları ilə görüşməyi düşünür. Bunu konsert səviyyəsinə gətirən sənətçi xanım təfərrüatı haqqında tezliklə məlumat veriləcəyini bildirib.

Yeganənin sözügedən albomu Almaniyada hazırlanır. Keyfiyyətə üstünlük verən sənətçi hər detala diqqət yetirdiyini söyləyib. Onun çəkiləcək klipinin yayımı, eyni zamanda işıq üzü görəcək albomunun satışı Almaniya üçün də nəzərdə tutulur.