Ruhinin yeni biznesində şou olmayacaq
 |
Müğənni şoular mühiti ilə vidalaşır
Şənbə, 24.10.2009
|
|
Müğənni Ruhi moda biznesinə son qoyub və rəhbərlik etdiyi "Fashion City" moda evini bağlayıb. Moda biznesi ilə vidalaşmasının səbəbləri barədə indi danışan sənətçi bu işin onda uğurlu alınmadığını deyir. Müğənni bu barədə APA-ya açıqlamasında danışıb:
"Bilmirəm, buna şükür edim, ya yox. Moda biznesini quran zaman çox aldandım. Bunu ilk addımlarımdan hiss etməyə başlamışdım. Özüm bu işin içərisində deyildim və bu haqda kifayət qədər bilgim yox idi. İşi inandığım insanların öhdəsinə buraxmışdım, amma gördüm ki, çox sadəlövhlük etmişəm. Fikrimcə, hər bir qadın və kişi qurduğu biznesin içərisində olmalı və hər bir şeydən mütləq xəbər tutmalıdır. Bir daha əmin oldum ki, həyatda heç kimə inanmaq olmaz. Bütün bunlar moda biznesimə son qoymağa məcbur etdi. "Best model of Azerbaycan" müsabiqəsindən üç ay sonra rəhbərlik etdiyim "Fashion City" moda evini bağladım və bunu ilk dəfə açıqlayıram. Ətrafımda olanların halallığını aldım və bildirdim ki, bundan sonra mən bu işə rəhbərlik etməyəcəm. İstəmədim kimsə mənim qazandığım pula haram qatsın. Hiss edirdim ki, artıq işçilərimin arasında söz-söhbət yaranıb". Ruhi bizimlə söhbətində yeni biznes sahəsinə üz tutduğunu deyir.
Yeni işi haqqında çox ətraflı danışmaq istəmədiyini bildirən sənətçi bunun zinət əşyaları biznesi ilə bağlı olduğunu bildirir. Üz tutduğu bu yeni biznesdə isə uğur qazanacağına əmindir.
"Moda biznesində yol verdiyim səhvləri yeni biznesimdə təkrarlamaram. Bu biznesdə rəhbər də, əsas qüvvə də özüməm. Artıq bir ilə yaxındır bu bizneslə yaxından maraqlanıram". Yeni biznes sahəsinə başı qarışan müğənni yaradıcılıq işlərini ikinci plana keçirməyi düşünmür. Söhbətdən belə aydın oldu ki, Ruhinin ötən günlərdə Türkiyədə yeni mahnılarından biri ekranlaşdırılıb:
"Qonşu ölkədə sözləri Ramiz Rövşənə, musiqisi Xanım İsmayılqızına məxsus olan "Mən sənsiz ölmədim, məni bağışla" mahnısına klip çəkilib. Bu klip Azərbaycanda ilk dəfə olaraq 35 millimetrlik kinolentə çəkilib. Türkiyədə çox tanınmış bir rejissorla işləmişik və klipdə həmin ölkənin simaca məşhur kişi modeli çəkilib. Eyni zamanda yeni albomum da Tükiyədə işıq üzü görəcək. Klip və albom bir toplu şəklində hazırlanacaq və hər ikisi bir diskdə yerləşdiriləcək. Yaxın günlərdə yaradıcılığımın yekunu olaraq son təqdimat mərasimi keçirəcəm". Ruhi bu açıqlaması ilə yaxın vaxtlarda şou-biznesdən tamamilə ayrılacağını bildirib: "Artıq şou-biznes aləmindən gedirəm. Məni bu sahədə görməyəcəksiniz, ona görə ki, mən özümü bu sahədə görmürəm. Sənətdə olarkən hər bir yaradıcılıq işini yüksək səviyyədə təqdim etdim. İlk dəfə olaraq Hindistanda klip çəkdirdim, ilk dəfə 35 millimetrlik kinolentə çəkilmiş klip mənə məxsus olub. Artıq məni teleekranda az-az görəcəksiniz. Mənə elə gəlir ki, şou-biznesdə hörmət itir. Mən isə insanlara münasibətimi, eyni zamanda yaxşı dostlarımı itirməmək məqsədilə şou-biznesə əlvida deyirəm. Vaxt var idi, Ruhinin oxuya bilmədiyini iddia edənlərə özümü sübut edə bildim. Bu sənətə yeni gələndə heç notu belə bilmirdim. Amma qısa müddətdə çox şeyə nail oldum. Amma istəmirəm ki, sənətə şou-biznes prizmasından yanaşım. Real seçimim bu mühiti tərk etməyim oldu". Bir müddət əvvəl səhhətində problemlər yaşayan Ruhi artıq özünü yaxşı və gümrah hiss etdiyini qeyd edib:
"Səhhətimlə bağlı yaşadığım problemlər tam olaraq həll olunub. Həmin vaxt bir-iki müğənni məni görüb dedi ki, "ay Ruhi, deyirdilər, sən öləcəksən axı". Mən də onlara bildirdim ki, "Mənə hökm yazan sizsiniz? Mən ölməyə hazırlaşmıram. Ömrü verən də Allahdır, alan da". Müsahibələrinin birində övladlığa uşaq götürmək istədiyini açıqlayan Ruhi bu istəyini yaxın bir il ərzində reallaşdıracağını vurğulayıb: "Gördüyünüz kimi bu müddət ərzində ana ola bilmədim. Çox güman ki, işlərimi qaydaya salandan bu barədə daha ciddi düşünəcəyəm. Yəni övladlığa uşaq götürmək fikrim var. Onun oğlan və ya qız olmağının mənim üçün heç bir önəmi yoxdur".
|
|
|
Oxşar xəbərlər:
Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"
Müğənnilərin avtomobil yarışı
Sevgilisinin üstündə biznesmeni öldürdü
Kim zövqlü, kim zövqsüz?
|
|
|